28 May 2014

Allahdan başqasını çağırmaq şirkdirmi?

Bəzi müsəlmanlar Quran və hədislərdə işlənmiş sözlərdə ilişib-qalmışlar, onları düzgün anlamadıqlarına görə din və şəriətdə də kobud səhvlərə yol verirlər. Belə sözlərdən biri “dua”dır.
“Dua” ərəb sözü olub çağırmaq deməkdir. Ərəblər birinin o birini çağırdığını bildirmək üçün “dəa” – yəni “çağırdı” sözündən istifadə edirlər. Və məlum olduğu kimi, çağırmaq dində nəinki yasaq deyil, hər bir adam gündə dəfələrlə kimisə çağırır, kiməsə müraciət edir. Quranda “dua” sözündən istifadə edilərək deyilir ki, Peyğəmbər sizi hansı işə çağırsa, dəvət etsə, qulaq asın və əməl edin. (Ənfal, 24) Bundan da başa düşürük ki, hər bir dua, hər bir çağırmaq ibadət deyil ki, Allahdan qeyrisini çağıranda bəzi dar düşüncəli müsəlmanlar “gül” ağızlarını açıb “kafir”, “müşrik” və digər tərbiyəsiz ifadələrdən gen-bol istifadə etsinlər. Belələri “Allahla birgə heç kəsi çağırmayın!” (Cin, 18) ayəsini yanlış anlayaraq Peyğəmbərə, imama və ya hər hansı saleh bəndəyə təvəssülü şirk hesab edirlər.
Əslində, sırf dua – yəni kimisə çağırmaq şirk deyil, onun şirk olması üçün başqa bir şərt də vacibdir. Bu şərt nədən ibarətdir? Haqlarında danışdığımız dar düşüncəlilərin bəzisi yuxarıdakı variantın gülünc olduğunu görüb deyirlər ki, əsas məsələ çağırmaqda yox, çağırarkən nə istəməkdədir. Belə ki, kimisə çağırıb ondan imkanı xaricində bir şey istəmək şirkdir. Yəni gücü yalnız 50 kiloya çatan adamdan 100 kiloluq bir daşı qaldırmasını istəyən müşrik olur. Bunun da primitiv səsləndiyini görəndə isə deyirlər: Əslində təbii istəklərin eybi yoxdur, şirk sayılan əməl fövqəltəbii və mistik (qeybi) diləklərin istənməsidir. Bu zaman onlara Qurani-kərimdən misallar çəkir, İsa peyğəmbərin ölü diriltdiyini, anadangəlmə xəstələrə şəfa verdiyini, Süleyman peyğəmbərin bir göz qırpımında Bilqeysin taxtının gətirilməsini istədiyini xatırladırlar. Çətin duruma düşən dar düşüncəlilər – özləri kimi düşünməyən müsəlmanları kafir elan etməyə bəhanə axtaranlar sonda belə deyirlər: Peyğəmbər və övliyalar Allahın izni ilə sağlıqlarında belə işlər görə bilərlər, öləndən sonra isə mümkün deyil. Buna görə də, öləndən sonra belə diləklər istəmək şirkdir.
Bu zaman onlara elementar məntiq qaydalarını xatırlatmaq lazım gəlir. Necə olur eyni dilək sağ adamdan istəndikdə şirk olmur, ölüdən istəndikdə isə şirk olur?! Əgər belə istəklər, məsələn, bir korun Peyğəmbərdən Allahın izni ilə onu sağaltmasını istəməsi Allaha şərik qoşmaqdırsa, bunun Peyğəmbərin sağlığında, ya da vəfatından sonra istənməsinin nə fərqi var?! Onda belə çıxır ki, bəzən Allaha şərik qoşmaq olar, bəzən yox. Yəni əməl şirkdirsə, bunun düzgün və icazə verilmiş variantı ola bilməz. Əgər dar düşüncəlilər Peyğəmbərin insanları eşitmədiyini düşünürlərsə, onu çağırmasınlar, heç namazda ona salam da verməsinlər, uzaqbaşı Peyğəmbərin eşitdiyini düşünüb onu çağıranları, onun dua etməsini istəyənləri mənasız iş görməkdə ittiham etsinlər, amma nə olur-olsun, burada müşrikliyə səbəb olacaq heç bir şey yoxdur. Nə oldu ki, eyni əməl bu şəraitdə şirk oldu? Ölünün eşitdiyini söyləməkmi şirkdir?! Peyğəmbərin, şəhidin və ya başqa bir saleh bəndənin müstəcabüddəvə (duası qəbul olunan) olmasını düşünməkmi şirkdir?!
Təbii ki, insanın Peyğəmbərdən onun üçün dua etməsini istəməsinin şirklə uzaqdan-yaxından heç bir əlaqəsi yoxdur. Bu hətta Quranda da öz əksini tapıb. Nümunə üçün iki ayəyə nəzər salaq:
Nisa, 64: “Onlar özlərinə zülm etdikləri zaman dərhal sənin yanına gəlib Allahdan bağışlanmaq diləsəydilər və Peyğəmbər də onlar üçün əfv istəsəydi, əlbəttə, Allahın tövbələri qəbul edən, mərhəmətli olduğunu bilərdilər”; Yusif, 97-98: “(Oğlanları ona:) “Ata! Bizim üçün günahlarımızın bağışlanmasını dilə. Biz, doğrudan da, günahkar olmuşuq!” dedilər. (Yəqub) dedi: “Mən Rəbbimdən sizin bağışlanmağınızı diləyəcəyəm”.
Belə bir əməli şirk saymaq ancaq dar düşüncənin məhsulu ola bilər: Quranda belə söz işlənib, bu da belə deyir, vəssalam, oldu müşrik. Halbuki bəzi sifətlər Allahla insan arasında müştərəkdir. Məsələn, danışmaq, görmək, bilmək, dirilik və s; Allah da görür, insan da, Allah da eşidir, insan da. Bu baxımdan insan kiməsə "görən" və ya “eşidən” desə, müşrik olmur. Lakin niyyətində onun Allah kimi, Allahın izninə ehtiyacı olmadan görən, eşidən olduğunu düşünsə, başqa məsələ. Digər sifətlər də belədir. Bəzən elə bilirlər ki, şəfa vermək yalnız Allaha xasdır. Halbuki Qurana əsasən, İsa peyğəmbər nəinki şəfa vermək, hətta xəlq etmək və diriltmək barədə belə deyirdi: "Mən xəlq edərəm Allahın izni ilə", "mən sağaldaram Allahın izni ilə", "mən dirildərəm Allahın izni ilə". (Ali-İmran, 49) Yaxud Peyğəmbərə buyurur ki, sən hidayət edirsən. (Şura, 52) Bütün bunlar sözlərdir. Əgər niyyət və məqsədin təsiri olmasa, onda birinci şirk edən Allahın Özü olar.
Deyilənlərə əsasən, dua - yəni çağırmaq həmişə ibadət deyil. Yalnız çağırılanı tanrı və ya rəbb hesab etdikdə ibadət olur. Necə ki, bütpərəstlər belə edirdilər. Onlar bütləri rəbb sayıb həm onlara ibadət edirdilər, həm də çağıraraq onlardan dilək istəyirdilər. Bu gün Peyğəmbəri çağıran isə əvvəla ona deyil, Uca Allaha ibadət edir, ikincisi isə Allahın izni olmadan onun heç bir şeyə qadir olmadığını düşünüb, öz günahlarının çoxluğunu nəzərə alır və yuxarıda qeyd olunan ayələrdə göstərildiyi kimi, Peyğəmbərin də dua etməsini istəyir. O, həmçinin bilir ki, Peyğəmbər yalnız bir vasitədir – “Ey iman gətirənlər! Allahdan qorxun, Ona vasitə axtarın“ (Maidə, 35) – duanı qəbul edən, istəyi həyata keçirən isə əslində Allahdan qeyrisi deyil.
Sonda məşhur sələfi alimi İmam Şovkaninin bir fikri yerinə düşür. O yazır: "Nəcd sakinindən (yəni Məhəmməd ibn Əbdülvəhhabdan) bizə belə xəbərlər çatır ki, o, Allahdan qeyrisindən - peyğəmbərdən, vəlidən, yaxud başqa birindən kömək istəyənin qanını halal etmişdir. Halbuki şübhə yoxdur ki, bu, istənilənin təsirinin Allahın təsiri kimi olduğuna etiqadla olduqda küfr sayılır, həmişə yox". (Şovkani. “Əl-Bədr ət-tale”, c. 2, s. 6)

Nur-az.com


5640 بازدید
در حال ارسال اطلاعات...
Go to TOP