01 İyun 2014
Sələfilikdə “Allah” və onun problemləri

İslamda da Allahı cisim sayan firqələr var. Buna səbəb Quranın mütəşabih – yəni məcazi mənada işlənmiş ayələri və Peyğəmbərə aid edilən bəzi hədislərdir. Halbuki ağıl Allahın hansısa maddədən, materiyadan təşkil olunmasını rədd edir. Əgər Allah nədənsə, məsələn, ətdən, sümükdən, taxtadan, dəmirdən və ya hər hansı bir şeydən olsa, Onun öz materialına ehtiyacı olar və Ona zərər yetirmək imkanı yaranar. Elmli, qüdrətli və ehtiyacsız Allahın varlığını sübut edən ağıl isə bunu qətiyyətlə rədd edir.
İslamın ilk əsrlərində Əhli-sünnənin Əhli-hədis qolu Allahı cisim bilir və buna qarşı çıxanları kafir, mürtəd adlandırırdı. Əhli-sünnənin ağıldan geniş istifadə edən Mötəzilə qolu isə bunu inkar edir və Allahı belə iddialardan uzaq sayırdı. Bir qədər sonra meydana çıxan Əşəri firqəsi bu baxımdan sözügedən iki firqə arasında orta yol tutmağa çalışsa da, təcsim – Allahı cisim sayma inancından qurtula bilmədi. Əşərilər deyirdilər ki, Allahın əli-ayağı var, amma onun keyfiyyəti, necəliyi yoxdur. Mötəzilə və Əhli-hədis arasında orta yol tutmağa çalışan başqa bir firqə - Maturidi firqəsi isə Allahın cisim olmasını, məxluqlara bənzəməsini rədd edir, amma eyni zamanda Mötəzilə kimi onları məcazi mənaya yozmur, Allaha aid edilən bu növ xəbəri sifətlərin necəliyi haqda danışmır və bunu Onun Özünə həvalə edirdi. Şiəlik isə həm ağlın qəti hökmlərini rəhbər tutduğundan, həm də Əhli-beyt tərəfindən idarə olunduğundan əvvəldən təcsimə qarşı çıxmış və Mötəzilə ilə həmfikir olmuşdur.
Bu gün sələfilər də ilk mücəssimələr kimi, Allahı cisim hesab edirlər. Sələfilərə görə, Allahın əli, ayağı, baldırı, başı, üzü, xülasə, saqqaldan və cinsi orqandan başqa bütün bədən üzvləri var, əlləri olduqca uzun və böyükdür; o, göydədir, bəzən gülür, qiyamətdə də güldüyü halda möminlərə görünəcək, ona toxunmaq da mümkündür. Onların iddiasına görə, Allah ərşdə kürsü üzərində oturub, o qədər ağırdır ki, oturanda kürsü dəvə balası kimi nalə çəkir; o qədər böyükdür ki, oturanda bədəni hər tərəfdən bir neçə qarış bayırda qalır. Allah Məhəmməd peyğəmbəri də ərşin üzərində Öz yanında oturdacaq. O, hələ üzündən tük çıxmamış bir yeniyetmə kimidir, saçı qıvrımdır, qırmızı bəzək əşyaları var, səmaları barmaqları ilə saxlayır. O, Musa peyğəmbərlə danışanda əynində yun əba, başında yun əmmamə və ayaqlarında eşşək dərisindən başmaq olub və sair.
İbn Teymiyyə deyir ki, şəriət Allahın cisim olmamasını və bu növ ayələrin məcazi mənada başa düşülməsini açıq söyləməmişdir. Ona görə də, onları lüğəvi mənada qəbul etmək lazımdır. (İbn Teymiyyə. “Bəyan təlbis əl-cəhmiyyə”, 1/163)
Halbuki Qurani-kərimin çoxlu ayəsində Allah-Taala belə sifətlərdən uca tutulur, Onun cisim olması, gözə görünməsi qətiyyətlə rədd edilir. Nümunə üçün aşağıdakılara nəzər salaq:
Ər-Rəhman, 26-27: “(Yer) üzündə olan hər kəs fanidir (ölümə məhkumdur). Ancaq əzəmət və kərəm sahibi olan Rəbbinin üzü (zatı) baqidir.” Sələfilərin məntiqinə görə, bu ayədə işlənmiş “vəch” – yəni “üz” sözü məcazi mənada deyil və başda yerləşən sifət, üz deməkdir. Bundan da belə çıxır ki, qiyamətdə Allahın üzündən başqa hər şey, o cümlədən Onun digər əzaları da məhv olacaq!
Hicr, 88: “(Ey Peyğəmbər!) Möminləri qanadın altına al”. Sələfilər kimi məcazi mənanı qəbul etməsək, Peyğəmbərin qanadı olduğunu deməliyik.
Şura, 11: “Ona bənzər heç bir şey yoxdur!”
Əraf, 143: “Musa təyin etdiyimiz vaxtda gəldikdə Rəbbi onunla danışdı. (Musa:) “Ey Rəbbim! Özünü mənə göstər, Sənə baxım!” – dedi. Allah: “Sən Məni əsla görə bilməzsən. Lakin (bu) dağa bax. Əgər o, yerində dura bilsə, sən də Məni görə bilərsən”, - buyurdu. Rəbbi dağa təcəlli etdikdə (Allahın nuru dağa saçıldıqda) onu parça-parça etdi. Musa da özündən getdi. Ayılandan sonra isə: “Sən paksan, müqəddəssən! (Bütün eyib və nöqsanlardan uzaqsan!) Sənə (bu işimdən ötrü) tövbə etdim. Mən (İsrail oğullarından Səni görməyin mümkün olmadığına) iman gətirənlərin birincisiyəm!” – dedi”.
Ənam, 103: “Gözlər Onu (görüb) dərk etməz. O, gözləri dərk edər. O, lətifdir (cisimlikdən uzaqdır)”.
İxlas, 4: “Onun heç bir tayı-bərabəri yoxdur!”
Görəsən, sələfilər bu ayələri necə izah edirlər? Yoxsa məcazi mənada işlənənləri qoyub bu ayələri yozur, təvil edirlər?!
Bir nəfər İmam Əlidən soruşdu: “Ey Əmirəlmöminin! Rəbbini görmüsənmi?” İmam cavab verdi: “Mən görmədiyimə ibadət edərəmmi?!” Yenə soruşdu: “Onu necə görürsən?” İmam buyurdu: “Gözlər Onu görməz, amma qəlblər iman vasitəsi ilə dərk edər. O, hər şeyə yaxındır, amma yapışmayıb; hər şeydən uzaqdır, amma ayrı deyil... Yaradandır, amma hər hansı bədən üzvü ilə deyil... Görəndir, amma hissiyyat orqanına malik olmaqla vəsf edilməz”. (Nəhcül-bəlağə, xütbə: 178)
Lap yadımdan çıxmışdı; Sələfilərə və onların bəzi sələflərinə görə, Allah hər gecə səmadan yerə enib deyir: “Kim məni çağırırsa, diləyini verməyə hazıram”. Bəzi “hədis”lərdə bu, gecənin son üçdə biri kimi də göstərilir. Görəsən, Allah bəndələrinin duasını eşitmək üçün mütləq yerəmi enməlidir?! Halbuki yenə Quranda oxuyuruq:
Qaf, 16: “Biz ona (insana) şah damarından da yaxınıq!”
Bəqərə, 115: “Şərq də, Qərb də Allahındır: hansı tərəfə yönəlsəniz Allah oradadır”.
Hədid, 4: “O, yerə girəni də, (yerdən) çıxanı da, göydən enəni də, (göyə) qalxanı da bilir. Siz harada olsanız, O sizinlədir”.
Mücadilə, 7: “Məgər görmürsənmi ki, Allah göylərdə və yerdə nə varsa, (hamısını) bilir?! Aralarında pıçıltı ilə söhbət edən üç adamın dördüncüsü, beş adamın altıncısı Odur. Onlar bundan az da, çox da olsalar və harada olsalar, (Allah) yenə də onların yanındadır”.
Həm də İbn Teymiyyə və digər sələflər bilmirdilər ki, haçansa elm inkişaf edəcək, nəinki Yerə yaxınlaşan, hətta digər ulduzlar arasında hərəkət edən hər bir şey güclü cihazlar vasitəsilə lentə alınacaq. Onlar bunu da bilmirdilər ki, Yer kürə şəklindədir, onun bir tərəfində gecə olanda, o biri tərəfində gündüz olur. Yəni gecənin son üçdə birini bəndələrinə yaxın yerdə keçirmək istəyən “Allah” yerdən ayrılmamalıdır.
Ən acınacaqlısı budur ki, Allaha dair belə primitiv inanclara sahib olan, tövhid prinsipləri 5-ci sinif uşağının tənqidlərinə belə tab gətirməyən vəhhabi sələfiləri hamını küfrdə, şirkdə günahlandırır, özlərini Allahın tam səlahiyyətli vəkili kimi aparırlar. Maraqlıdır, digər firqələr şirk içindədirlərsə, bəs görəsən sələfilər hardadırlar?
Aydın olur ki, sələfilərin əsl İslamdan yayınması ən ümdə prinsip olan Tövhiddən başlamış, uzandıca açılan bucaq kimi Allah dinindən uzaqlaşmış, getdikcə adi məsələləri də küfr, şirk adlandırmışlar.
Nur-az.com üçün
Abdullah Arif