10 İyun 2014
Nə üçün ölümdən qorxuruq?

Cavab: Quran buyurur: “Allah yalnız təqva sahiblərindən (pəhrizkarlardan) qəbul edər.” (“Maidə”, 27.)
Təqvanın dərəcələri var. Kimi Allahdan çox, kimi isə az qorxur. Amma hamı nə dərəcədəsə varlıq aləminin sahibindən çəkinir. “Allah yanında ən hörmətli olanınız ən təqvalınız, Allahdan ən çox çəkinəninizdir.” (“Hucurat”, 13.)
Əgər insan xeyir bir iş görürsə, demək, nə dərəcədəsə təqvalıdır.
Əgər dünya çempionatında ən güclülər birinci yeri tutursa, bu o demək deyil ki, başqaları idmandan əl çəkməlidir. Dünya çempionatından əlavə, ölkə, əyalət, şəhər və kənd birincilikləri də keçirilir. Bu yolla hər bir idmançı öz qabiliyyətinə uyğun mükafat alır.
Bundan əlavə, əməlin qəbul dərəcələri də var. Hər bir təqva dərəcəsinə uyğun qəbul dərəcəsi var. Ona görə də Quran bəyan edir ki, kiminin mükafatı ikiqat, kimininki on qat, kimininki isə saysız-hesabsız olur. Bu fərqlərdə insanın niyyəti və gördüyü işin növü əsas rol oynayır. (“Ali-İmran”, 37; “Bəqərə”, 265 ; “Ənam”, 160 ; “Səcdə”, 17; “Bəqərə”, 245, 261.)
Sual: Bəşəriyyət səma kitabına ehtiyaclıdırmı?
Cavab: Bütün zavodlar istehsal etdikləri məhsulu satışa çıxararkən ona “istifadə qaydaları” adlı kitabça əlavə edirlər. İstehsalçıdan başqasının belə bir kitabça yazmağa ixtiyarı varmı? Əlbəttə ki, yox!
İnsanın da yaradanı var və bu yaradan ona Quran adlı göstəriş kitabı göndərmişdir. Öz xəlq etdiyini və onun ehtiyaclarını, Yaradan hamıdan yaxşı bildiyi üçün başqaları bu xilqətə göstəriş verə bilməz. “Məgər yaradan bilməzmi?! Allah incəliyinə qədər xəbərdardır.” (“Mülk”, 14.)
Allahın qanunlarını kənara qoyub öz qanunları ilə yaşamaq istəyən insan təyyarəni qırmancla sürmək fikrinə düşmüş çobana bənzəyir.
Sual: Rahat yaşamaq üçün nə edək?
Cavab: Quran buyurur: “Əlinizdən çıxana kədərlənməyin, əlinizə bir şey gələndə şad olmayın.” (“Hədid”, 23.)
Doğrudanmı, insan belə ola bilər?
Bank işçisi bir gün xalqdan pulu toplayır, səhəri gün isə onu xalqa paylayır. Bu işçi üçün pulu almaqla verməyin heç bir fərqi yoxdur. Çünki, o, sadəcə, əmanətçidir.
Traktor üçün asfaltla torpaq yolun fərqi yoxdur. Velosiped üçün isə asfalt yol daha rahatdır. Sərçə qonduğu budağı zədələmədiyi halda, zərif çiçəyi öz oturuşu ilə qırır.
Bəli, böyük insanların ruhunu kiçik çətinliklər sındıra bilmir. İmam Hüseyn (ə) qanlı Aşura günü sinəsinə yüzlərlə ox tuşlandığı halda diqqət və səmimiyyətlə namaza durdu. Hansı ki, əhəmiyyətsiz bir hadisəyə görə ya namazı yubadır, ya da diqqətimizi toplaya bilmirik.
Sual: Nə üçün İslamda əməlin dəyəri insanın niyyəti ilə ölçülür, onun qəbulu isə insanın diqqət və səmimiyyətindən asılı olur?
Cavab: Dünya işləri də belədir. Həm cərrah, həm də qatil bıçaqla qarın yırtır. Cərraha təşəkkür olunur, qatil zindana salınır. Amma cərrah da cərrahdan üstün ola bilər. İnsan həyatını xilas etmək niyyəti pul qazanmaq niyyəti ilə eyni deyil.
Üç nəfərə su təklif edək. Onlardan biri susamadığı üçün, o biri küsdüyü üçün, üçüncüsü isə dördüncüyə su çatmaz deyə sudan imtina edə bilər. Bu üç nəfərin niyyəti fərqli olduğu kimi, əməllərinin dəyəri də fərqlidir. Əsil pul əskinasını saxta pul əskinasından ondakı xüsusi bir sap fərqləndirir. Həqiqi ibadəti saxta ibadətdən fərqləndirən bir sap (ip) da var. Bu, bəndənin yapışdığı Allah ipidir. Bu ip bəndənin Allaha yaxınlaşmaq niyyəti, xalisliyi, diqqət və səmimiyyətidir. Bu sap qırılsa, bəndənin Allahla rabitəsi kəsilər.
Sual: Bütün yaxşı işlərin mükafatı on qat olurmu?
Cavab: Quran buyurur: “Kim yaxşı bir iş görərsə ona həmin işin on qat əvəzi verilər.” (“Ənam”, 16.)
Amma ən əsası bu işi görmək yox, onu qiyamət gününədək qorumaqdır. Verilmiş əmanəti yolda itirmək əmanətdarlıq deyil. Bir çox işlər xeyir hesab olunsa da son məqsədə çatmadığı üçün puça çıxır.
Xeyir işi görən adamın məqsədi özünü göstərmək, Allahdan qeyrisinin diqqətini cəlb etmək olsa, bu işin müqabilində axirət mükafatı yoxdur. Xeyir işi görən zaman və ya bu iş başa çatdıqdan sonra insan günaha yol verərsə, qazandığı savab əlindən çıxar.
Demək, əsas məsələ görülmüş xeyir işi axirət gününədək qorumaqdır. Yuxarıdakı Quran ayəsində də yaxşı iş görməkdən yox, yaxşı iş gətirməkdən danışılır.
Sual: Nə üçün ölümdən qorxuruq?
Cavab: Sürücü sükan arxasında o zaman qorxur ki, ya yanacaq tükənir, ya qaçaqmal aparır, ya sürət çoxdur, ya yol təhlükəlidir, ya yoldaşları pis adamdır…
Ölümdən sonranı düşünüb, hazırlıq görən, günahdan çəkinən, möminlərlə dostluq edən, bir sözlə Allahın razılığı üçün çalışan insan ölümdən çəkinmir.
Sual: Nə üçün bəzi dualar qəbul olunmur?
Cavab: Əgər təyyarənin yanacaq bakına yanacaq əvəzinə su tökülərsə, təyyarənin uçuşu qeyri-mümkündür. Dua o zaman Allah dərgahına ucalar ki, insan haram tikədən çəkinsin. Hədisdə buyurulur: “Duasının qəbul olunmasını istəyən şəxs qazancını və tikəsini pak etməlidir.” (“Bihar”, c. 90, s. 373.)
Bundan əlavə, dua xeyir istəməkdən ibarət olsa da, bizim bir çox istəklərimiz öz zərərimizədir.
Sual: İslamda hər saatın öz duası var. Biz bütün günü dua oxumalıyıqmı?
Cavab: Dua kitablarında günün hər saatı, ilin hər günü üçün dualar nəql olunsa da, insanın bütün bu duaları oxumağı vacib deyil. Avtovaqzalda günün hər saatı üçün reyslər nəzərdə tutulur. Məsələn, neçə saatdan bir Məşhədə avtobus yola düşür. Amma insan yalnız bir reyslə yola çıxa bilər. Hər saat üçün ona görə reys nəzərdə tutulur ki, hər kəs istədiyi vaxt yola düşə bilsin. Dualar da belədir. Nə vaxt dua etmək istəsən, həmin saatın xüsusi duası var. Amma əzbərlənməsi mümkün olan kiçik duaları işdən ayrılmadan da oxumaq olar.
Sual: İnsanın başına gələn xoşbəxt və bədbəxt hadisələrdə Allahın rolu nədir?
Cavab: Quran buyurur: “Sənə yetişən hər bir yaxşılıq Allahdan, pislik isə özündəndir.” (“Nisa”, 79.)
Həm öz oxu, həm də günəş ətrafında fırlanan yer kürəsinin bir üzü qaranlıq olur. İşıq günəşdən, qaranlıq isə yerin özündəndir.
Allah insan üçün faydalı olan üzümü yaratsa da insan ondan şərab düzəldib özünə zülm edir. Allah insana yaxşılıq edərək ona güc versə də, bəziləri bu gücü günah yolda sərf edir.
Ağıl Allahın ən böyük nemətlərindəndir. Amma bəziləri bu ağılı öz şər niyyətlərini həyata keçirmək üçün silaha çevirir. Demək, yaxşılıqlar Allahdan, pisliklərsə özümüzdəndir.
Sual: Əgər namaz insanı çirkin işlərdən uzaqlaşdırırsa, nə üçün bəzi namaz qılanlar günaha yol verir?
Cavab: İçi boş toxum heç vaxt cücərmir. Qəlbin iştirak etmədiyi diqqətsiz namaz içiboş toxum kimidir. Dodaqların, belin, boyunun hərəkətindən əlavə, namazda qəlbin iştirakı zəruridir.
Məktəb və universitetin işi insanın elmi təkamülünü təmin etməkdir. Bununla belə, hər məktəbə gedən şəxs elm sahibi olmur. Məktəb o zaman faydalı olur ki, insan oxuduqlarını dərk etsin. Yalnız həqiqi namaz insanı çirkinliklərdən uzaqlaşdırmaq iqtidarındadır. (“Ənkəbut”, 45.)
Bu da həqiqətdir ki, günaha yol verən insan namaz qılandırsa, bir o qədər də ağır günaha yol verməyəcək. O, məcburdur ki, bədənini və paltarını pak saxlasın, namazını halal yerdə qılsın. Ağ paltar geyən insan çirkli yerdə oturmaq istəmədiyi kimi, namaz qılan şəxs də çirkin işlərdən uzaq olmağa çalışır.
Nur-az.com