28 İyun 2014
Yeddi gözəl sifət

Behiştdə içindən çöl görünən köşklər var. Peyğəmbər (s) buyurur ki, xalqla xoş danışan, insanlara təam verən, hamını salamlayan, hamı yatanda gecə namaz qılan kəslər bu köşklərdə sakin olar. Hədisdə “salamın ifşası” ifadəsi işlədilib. Bu ifadə salam verməkdə xəsislikdən çəkinmək mənasındadır.
İmam Sadiqdən (ə) nəql olunur ki, qarşılaşdığın hər bir şəxsə salam vermək təvazö göstəricisidir. Peyğəmbər (ə) buyurur ki, salamlaşmadan sual verənə cavab verməyin. Başqa bir hədisdə həzrət buyurur: “Ən aciz insan dua etməkdə aciz olan insandır. Ən xəsis insan salam verməyə xəsislik edəndir. Mömin şəxs mömin camaata salam versə mələklər onun cavabında deyər: Səlamun ələyk, və rəhmətullahi və bərakatuh əbəda.”
Həzrət Peyğəmbər (s) buyurur ki, salam vermək sünnədir, salamın cavabını almaq vacibdir. İmam Sadiqdən (ə) nəql olunur ki, salam verən ucadan salam versin, qarşı tərəf eşitsin. Belə olsa salam verən salamı alar və deməz ki, salamım cavabsız qaldı. Salamın cavabını ucadan almaq lazımdır ki, salam verən cavab almadığını düşünməsin.
İmam Sadiq (ə) digər hədisdə buyurur: “Əssələmu ələykum deyənə 10 savab, səlamun ələykum və rəhmətullahi və bərəkatuh deyənə 30 savab var.” Bir hədisdə həzrət buyurur: “3 nəfərə cəm halda müraciət olunmalıdır: Səbir vurana, salam verənə və dua edənə. Çünki bu adamlarla mələklər də var. Cavab verəndə orada olmayan möminləri də nəzərdə tutmaq olar.”
Həzrət Əli (ə) buyurur: “Evə daxil olanda ev əhlinə salam verin. Əgər evdə heç kim olmasa deyin ki, əssəlamu ələyna min rəbbəna.”
Həzrət Peyğəmbər (ə) buyurur: “Bir-birinizlə rastlaşanda salamlaşın, əl görüşün. Bir-birinizdən ayrılanda qarşı tərəfə bağışlanma diləyin.”
Başqa bir hədisdə Həzrət buyurur: “öz evinə daxil olanda salam versən bərəkət artar mələklər bu evdə ünsiyyətdə olar.” İmam Sadiq (ə) buyurur ki, qadın daxil olanda ələykumus səlam, kişi daxil olanda əsəlamu ələykum desin.
Həzrət Peyğəmbər (s) buyurur: “Məclisdən duran şəxs məclislə sağollaşsa ondan sonra məclisdə danışılan xeyir sözün savabına şərik olar. Pis söz danışsalar ona günah yazılmaz.”
İmam Sadiqdən (ə) nəql olunur ki, kiçik böyüyə, ötüb-keçən oturana, az adam çox adama, süvari piyadaya, ayaq üstə olan oturana salam versin. Bir dəstə o birinin yanından ötəndə salam versə salamı bir nəfərin alması bəs edər.
Əbu Übeydədən nəql olunmuş mötəbər bir hədisdə deyilir: Mən imam Baqirlə (ə) bir kəcavədə yol gedirdim. Ayrılanda həzrət bir qədər aralanıb geri qayıtdı və mənim əlimi sıxaraq görüşdü. Dedim ki, sənə fəda olum mən sizinlə bir kəcavədə gəlmişəm. Həzrət buyurdu: “Bilmirsənmi ki, mömin azca hərəkət edib, sonra qayıdıb mömin qardaşının əlindən tutsa, Allah onlara mərhəmət nəzəri ilə baxar. Onlara öz mərhəmətini nazil edər, bu adamların günahlarını paklayar. Bu iki nəfər bir-birindən ayrılanda heç birinin günahı olmaz.” Qısa fasilədən sonra yenidən həzrətlə bir kəcavəyə əyləşdik. Həzrət salam verib əhvalımı soruşdu. Mənimlə elə görüşdü ki, sanki uzun müddət bir-birimizi görməmişdik. Kəcavədən düşüb ayrılanda da əvvəldə olduğu kimi isti görüşdü. Dedim ki, ey Peyğəmbər (s) övladı, bizim aramızda sizin kimi rəftar edən yoxdur. Həzrət buyurdu: Bilmirsənmi möminlə görüşməyin savabı nə qədərdir? İki mömin görüşəndə onların günahı paklanar, onlar ayrılana qədər Allah onlara mərhəmət nəzəri ilə baxar...
İmam Sadiq (ə) buyurur: “Bir-birinizlə görüşün ki, qəlbinizdə kin olmasın.” Möminlərlə görüşmək mələklərlə görüşməkdən üstündür. Həzrət Əli (ə) buyurur: “Mömin qardaşlarınızla rastlaşanda salamlaşıb görüşün, onlarda xoş ruhiyyə yaradın. Siz ayrılana qədər günahlarınız paklanar. Düşmənlə də görüşün ki, Allahın buyurduğu kimi düşmənçilik aradan qalxsın.”
İshaq Sərraf nəql edir: Kufədə olanda görüşümə çoxlu şiə gəlirdi. Şöhrətdən qorxduğum üçün xidmətçiyə tapşırdım ki, gələnlərə evdə olmadığımı desinlər. Həmin il Həccə getdim İmam Sadiq (ə) mənimlə soyuq davrandı. Dedim ki, sənə fəda olum, nə üçün mənə münasibətiniz dəyişib? İmam buyurdu ki, səbəb sənin möminlərə münasibətinin dəyişməsidir. Dedim ki, onları nə qədər sevdiyimi Allah bilir və mən şöhrətdən qorxduğum üçün belə etmişəm. İmam buyurdu: “Ey İshaq! Möminlərin sənin görüşünə çox gəlməsindən narahat olma. Mömin möminlə görüşəndə Allah ona qiyamətə qədər mərhəba yazar. Mömin möminlə salamlaşıb görüşəndə Allah onlara rəhmətini nazil edər. Onlar qol-boyun olanda mərhəmət onları ağuşuna alar.”
Nur-az/hawzah