23 Yanvar 2021

20 yanvar şəhidləri dövlət əleyhinə Amerikanın maraqlarına xidmət edirdi?

20 yanvar faciəsi ilə bağlı xalqımıza dərin hüznlə başsağlığı veririk. Bu yazımızda hər il 20 yanvarın ildönümündə danışılan sözləri yazıb təkrarçılıq etmək istəmirik. Məlumdur ki, bu faciə öz azadlığını istəyən, sovet hakimiyyətindən qurtulmaq istəyən bir xalqın azadlıq hekayəsidir. Təəssüflər olsun ki, sovetin dağılmasına rəvac verən bu azadlıq hislərini boğmaq üçün Sovet höküməti erməni quldurları ilə birlikdə Bakıya hücum etdilər. Amma, bütün çabaları boşa çıxdı, nəhayət bu diktator hakimiyyət tarixin zibilliklərinə gömüldü.

Bizim toxunmaq istədiyimiz məsələ budur ki, bəzi insanlar – hətta bəzi ruhanilər – kimlərsə, nə vaxtsa çıxıb haqlarını, azadlıqlarını tələb edəndə deyirlər ki, bunlar dövlət əleyhinə xarici dövlətlərin maraqlarına xidmət edən insanlardır. Bunlar hansısa xarici dövlətin təsiri altına düşüblər. Bunların vasitəsilə Əhli-Beyt (ə) məktəbini İŞİD kimi göstərməyə çalışırlar. Halbuki o yazıqlar ölkədə baş verən haqsızlıqlardan şikayət edirlər. Hətta, heç dindar olmasın, hansısa müxalif partiyalar öz tərəfdarlarını mitinqlərə səsləyəndə çıxıb deyirlər ki, bunlar dövlətçilik əleyhinə olan insanlardır, ermənilərin maraqlarına xidmət edirlər.

Bu insanların sözündən belə çıxır ki, 20 yanvarda meydanlara çıxıb ətdən çəpər çəkən azadlıqsevərlər də o zaman dövlət əleyhinə insanlar olub. Çünki onların o zaman dövləti Sovet höküməti idi. Düzdür, Sovet höküməti milli deyildi, amma, artıq o zamana qədər 70 il Sovet hökümətinin tərkibində yaşayan xalq bu höküməti və bütövlükdə sovetləri özünün vətəni hesab edirdi. Belə bir vəziyyətdə xalq azadlıq tələb edir və meydanlara çıxır. Bu gün mitinqlərə çıxan dindarları İran agentləri hesab edənlər, qeyri-dindar müxalifətçiləri erməniyə işləməkdə ittiham edənlərin sözündən belə çıxır ki, 20 yanvarda şəhid edilənlər Sovet dövlətinin əleyhinə Amerikanın agenti idilər. Çünki o zamanlar sovetləri aradan aparmaq istəyən başqa bir güc Amerika idi. Amma, biz görürük ki, bu gün həmin ittihamçıları 20 yanvar şəhidlərini agent yox, şəhid hesab edir. Bəli, bu cür ittihamçı insanlar sabah Azərbaycanda hakimiyyət yıxılanda da onlara etiraz edən insanları azadlıq carçıları, bu yolda ölənləri şəhid adlandıracaqlar. Çünki bu cür fikrə sahib olan insanlar üçün kimin hakimiyyətdə olması mühüm deyil. Mühüm olan odur ki, kim hakimiyyətə gəldi bunlara dəyməsin.


446 بازدید
در حال ارسال اطلاعات...
Go to TOP