27 Fevral 2021

İmam Əli (ə) və zalım başçılar

“Filankəs yaxşıdır, dövrəsi xarabdır” fikri xarabdır...

İmam Əlinin (ə) mövludu hər bir müsəlman kəsimə mübarək olsun.

Bu günlərdə İslam dünyası İmam Əlinin (ə) mövludunu qeyd etdi. Bu gün əslində təkcə dindarlar tərəfindən qeyd edilməməlidir. Bu gün əslində dövlət səviyyəsində qeyd edilməlidir. Xüsusilə də, Azərbaycanda bu cür bir günün qeyd edilməsinə böyük ehtiyac vardır. Amma, bizim ölkədə nə baş verir? Ruhani həbs edilir ki, İmam Əlidən (ə) danışmasın, məscid bağlanır ki, İmam Əli (ə) aşiqləri yığılıb İmam Əlidən (ə) danışmasın.

İmam Əlinin (ə) mövludunu qeyd etmək istəyənlər kimlərdir? Təbii ki, ədalət istəyən insanlar. Bir kəs öz ölkəsində ədalət əvəzinə zülm istəsəydi, İmam Əlinin (ə) yox, məlun Müaiyənin mövludunu qeyd edərdi. İmam Əlinin (ə) mövludunun qeyd edilməsini istəməyənlər, minbərini, mehrabını qapısı bağlı məscidlərdə toz-torpaq altında saxlayan insanlar Müaviyədən artıq deyil.

Ölkəsində haqq-ədalət istəyən hər bir şəxs, xüsusilə başçılar İmam Əlinin (ə) mübarək kəlamlarını özünün stolüstü kitabı etməlidir.

Bir nümunə deyək: İmam Əli (ə) xəlifə (dövlət başçısı) seçiləndə buyurdu ki, əgər qarışqanın ağzından dəni almaq miqdarında belə olsa zülm etmərəm. Diqqət edin, hər ölkədə mənasız cümlələr bir də görürsünüz ki, dövlətin ən mühüm salonlarında tablo olur. Hansı ki, o sözü bazara çıxarsanız bir qəpik verməzlər. Amma, İmamın (ə) bu mübarək kəlamını gərək bütün küçələrə, məmur otaqlarına vursunlar. Başlarının da üstündə bir Zülfüqar qılıncı qoyulmalıdır ki, çaşıb eləyəndə təpəsindən vursunlar.

İmam Əli (ə) hakimiyyətə gələn kimi əvvəlki bütün alçaq məmurları işdən qovdu. Şərəfli insanlar vəzifə başına gətirildi. Bu iş xüsusilə Azərbaycanda icra edilməlidir. Rəhbərin öhdəsinə düşən işi qeyd etdik: Qarışqanın ağzındakı dən məsələsi...

Gələk məmur məsələsinə... Nə deyirlər bizim ölkədə? Filankəs özü yaxşıdır, amma dövrəsi xarabdır. Bədbəxt millət gör özünə necə təsəlli verir. Özü yaxşıdırsa niyə xarablarla iş görür? İmam Əli (ə) iş başına gələn kimi iş başında olan başsız işbazları başdan elədi. Bizdə isə məmurlar 20-30 il qarınlarına haram doldurduqdan, xalqın pulu ilə ailələrinə paltar aldıqdan sonra güya DTX ofisinə basqın edib onu həbs edir. Halbuki hər şey yuxarıdan başlayır. Sadəcə bizdə İmam Əlidən (ə) ibrət almırlar deyə vəziyyətləri çox pisdir.

Nə qədər ölkədə dövlət də, xalq da İmam Əlidən (ə) ayrı düşüb özünü zahirdə şiə hesab edəcək, vəziyyətləri elə bu cür olacaq.


369 بازدید
در حال ارسال اطلاعات...
Go to TOP