03 Mart 2021

Qənizadə müəllimin Azərbaycan standartlarına uyğun bitərəflik anlayışı

Deyir qulaq gündə bir söz eşitməsə kar olar. Bu atalar sözü hansı kriteriyalarla deyilib, bunun hansı siyasi mesajları var, ümumiyyətlə bu sözdən məqsəd nədir – bütün bunlar qalsın sonraya. Amma, Azərbaycanda Azərbaycan standartlarına uyğun olaraq bəzi adamlardan elə sözlər eşidirsən ki, eşidəndə kar olursan. 

Misal üçün: filankəs yaxşıdır, ətrafı xarabdır. Ya da misal üçün ölkəmizdə analoqu olmayan bir düşüncə tərzi var ki, məmurlardan, deputatlardan kimi istəyirsən söy, danla, tənqid və təhqir elə, çünki onlar Azərbaycanı xaraba günə qoyublar. Amma, onları məmur, deputat edən, milyonluq rüşvətlərinə göz yuman insanlarla işin olmasın. Hətta, məşhur GÖZƏGİRƏNLƏR hansısa məmuru tənqid etmək üçün əvvəlcə onları məmur edənləri tərifləyirlər, sonra başlayırlar tənqidə. Bir başqa analoqu olmayan təfəkkür tərzi: boynuyoğun məmur nə qədər ki, yüksək vəzifədədir (Mehdiyev kimi) onun zir-zibilləri barədə heç kim bir kəlmə belə ağzını açıb danışmır. Elə ki, vəzifədən vurulur, “papaq altda yatan kişilər” (Zahid Oruc, Alqış Musayev kimi) yuvalarından çıxıb xoruzlanmağa başlayırlar.

Bu cür qəribə təfəkkür tərzlərindən biri də bu olub ki, bir ömür GÖZƏGİRƏNLİKlə şöhrət tapmış bir şəxs çıxıb deyir ki, mən indiyədək bitərəf qalmışam. Bəli, Azərbaycan standartlarında adi qarşılanmış və qəbul edilmiş bitərəflik. Yəni, bayaq dediyimiz xəstə təfəkkür tərzinin başqa forması. Çıx bütün günü GÖZƏGİRƏNLİK elə, sonra de ki, bitərəf qalmışam. Hələ Qənizadə müəllimin işlətdiyi ifadəyə baxın: “Bir daha qeyd etmək istəyirəm ki, bütün ictimai-siyasi fəaliyyətim boyu bitərəf olaraq fəaliyyət göstərmişəm. Ancaq həmişə cənab Prezidentin siyasi kursunu dəstəkləmişəm.” Bilinmir ki, adam özünü ələ salır, yoxsa camaatla məzələnir. Bir yandan deyir ki, bitərəf qalmışam, digər yandan deyir ki, prezidenti dəstəkləmişəm. Yəqin müxalifətə müxalif olaraq iqtidarı, yaltaqlandığı şəxsləri yox, xalqı görüb və indi də bildirir ki, xalqla müxalifət davaları arasında bitərəf qalıb heç kimi, heç birini dəstəkləməmişəm. Bir də ki, bu dedikləri Azərbaycan standartlarına tam olaraq cavab verir. Nəhayət adam gedib 2021-ci ildə YAP sıralarına qoşularaq GÖZGİRƏNLİYİNİ rəsmləşdirib.

Təbii ki, dediklərinə ormanda qarğalar da gülər. Çünki Qənizadə GÖZƏGİRƏN olmasaydı təyinatla deputatxanada otura, şöhrət ordeni (GÖZƏGİRƏNLİK üçün alıb) rahat fəaliyyət göstərə bilməz, heç Müsavat qəzetinə müsahibə belə verə bilməzdi.


414 بازدید
در حال ارسال اطلاعات...
Go to TOP