30 İyun 2014
İmam Xomeyni (r) ramazan ayında

Rəbbani alimlər hər dövrdə elm və əməl səmasında parlayan çilçıraqlardır. Bu çilçıraqlar risalət və imamət günəşindən işıq və istilik alıb, yer əhlinə təcəlla edir, insanları nur mənbəyinə, vəhy səltənətinin bərəkətinə yönəldirlər. Onlar həqiqi Məhəmməd dini ariflərinin çiynində ərşin qatlarına yüksəlir. Küfrün düşməni olan bu din yolçuları arasında dövrünün sevimli çöhrəsi, iti baxışlı fəqih, böyük siyasətçi, filosof, arif, dərin düşüncəli təfsirçi imam Xomeyninin (r) xüsusi yeri var. Ömrünün günlərini, saatlarını, anlarını müraqibə və mühasibə (nəfsin tərbiyəsi) ilə keçirən bu böyük insan Quranın yüzlərlə ayəsini təcəssüm etdirdi. İmam Xomeyni (r) Quran və Əhli-Beyt (ə) dəyərlərinin məzhəri idi.
İmam Xomeyni (r) ramazan ayına böyük əhəmiyyət verir, bu ayda əksər işçi görüşlərini saxlayırdı. İmam buyururdu ki, ramazan özü bir işdir. Beləcə başqa işlərini dayandırar, vaxtını dua və Quranla keçirərdi. Bu ayda şer yazmaz, şer oxumaz, şerə qulaq asmazdı. Ramazan ayında xüsusi bir fəza yaradardı. Müstəhəb əməllərə diqqət yetirərdi. Çox az yeyərdi. Ramazandan əlavə, gecəsi qısa, gündüzü uzun günlərdə oruc tutar, sübhlər o qədər az yeyərdi ki, baxan deyərdi imam heç nə yeməyib.
İmamın ramazan ayında diqqətdə saxladıqı əsas iş ibadət, gecə oyaq qalmaq idi. İmam ibadəti ilahi eşqə çatmaq üçün vasitə sayar və deyərdi ki, eşq vadisində ibadətə behiştə aparan vasitə kimi baxmaq olmaz.
İmama yaxın insanlar nəql edir ki, o gənc yaşlarından gecə namazı qılar, oyaq qalıb raz-niyaz edərdi. Ailə üzvlərindən biri deyir: Gecə yarı imamın otağına daxil olanda onun Allahla aşiqanə söhbətinə şahid oldum. O xüzu və xüşu ilə namaz qılır, vəsfəgəlməz şəkildə qiyam, rüku və səcdələri yerinə yetirirdi. Bu səhnəni görəndə düşündüm ki, imamım gecələri həqiqətən qədr gecəsidir. İmam bir ömür gecələri belə keçirib.
İmamın katibliyində çalışanlardan biri deyir: İmam 50 il gecə namazını tərk etmədi. Həbsdə, sürgündə, ağır xəstələnəndə, hətta xəstəxana çarpayısında gecə namazı qıldı. Bir gecə namazı ötürsəydi səhəri gün qəm-qüssə içində olardı.
Oğlu Ayətullah Mustafa Xomeyni belə nəql edir: Bir gecə imamın otağından ağlamaq səsi bayırda eşidilirdi. Anamdan soruşdum ki, ağa nə üçün ağlayır? Anam dedi ki, imam bir gün gecə namazı qıla bilməyəndə bu hala düşür.
İmam Xomeyni (r) nafilə namazlarına xüsusi əhəmiyyət verər, bu namazları tərk etməzdi. Nəql edirlər ki, Nəcəfi-əşrəfdə ramazan ayında dözülməz istidə yaşı ötmüş imam nafilələri qılmasaydı iftar etməzdi. Gecələri sübhə qədər namaz qılıb dua edər, sübh namazından sonra bir qədər dincələrdi. Erkən sübh gündəlik işlərinə hazırlaşardı.
Xanım Zəhra Müstəfəvi deyir: Gecə yarı imamın raz-niyazda ağlaması o qədər şiddətli olardı ki, eşidəni ağlamağa vadar edərdi.
İmamın mühafizəsi ilə məşğul olanlardan biri deyir: İmam gecələr sübh azanına iki saat qalmış oyanardı. Bir gecə bərkdən ağladığına şahid oldum. Mən də ağlamağa başladım.
Qum ustadlarından biri deyir: Bir gecə hacı Mustafanın qonağı idim. Mustafa atası imamla bir evdə yaşayırdı. Gecə yarı oyandım, ağlamaq səsi eşitdim. Düşündüm ki, evdə nə hadisə baş verib? Mustafanı oyatdım, dedim gör evdə nə olub. O bir qədər dinləyib dedi: “Ağanın səsidir, gecə namazı qılır.”
Ramazan ayında imamın gecə ibadətləri xüsusi bir ruhiyyədə olardı. İmamın mühafizəçilərindən biri deyir: Ramazan gecələrindən birində imamın otağının kənarından keçərkən onun ağladığına şahid oldum. O iç çəkə-çəkə ağlayırdı. Onun gecə yarı Allahla bu şəkildə raz-niyazından təsirləndim.
Ailə üzvləri deyir ki, imamın həyatında son ramazan ayı fərqli oldu. Əgər əvvəllər gecə namazında göz yaşlarını silmək üçün kiçik dəsmal götürərdisə, son ramazanda yanında böyük bir dəsmal olardı.
İmamın mühafizəçisi belə deyir: Ölümündən qabaqkı ramazan ayında imamın çöhrəsi tamam başqa halda olardı. Göz yaşlarını silmək üçün yanında böyük dəsmal qoyardı.
Vilayet.nur-az/hawzah