Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Noyabr 2013

Halal ruzinin təsirləri

İslam həyatın bütün sahələrində ruh və onun sağlamlığına xüsusi diqqət yetirir. Halal ruzi, halal mal insanın ruhiyyəsinə, mənəviyyatına çox təsirlidir. Halal-haram bilməyən insanın ruhunda böhranlı hallar yaranır.

Bəli, ruhun sağlamlığı istifadə olunan malların halallığı girovundadır. Ayə və rəvayətələrə əsasən insanda dindarlıq ruhiyyəsini yaradan ən güclü amil halal ruzidir. İmam Sadiq (ə) yaxınlarından birinə buyurur: "Halal ruzi qazan, çünki bu sənin dininə kömək edir."

İslam baxımından insan cism və ruh olmaqla iki yöndən ibarətdir amma əsas ruhdur. İnsanın bütün təlaşları kamil ruha çatmağa yönəlməlidir. Həyatın müxtəlif sahələrində ruhun sağlamlığına diqqət yetirməliyik. İnsanın mal-mülkü, ruzisi halal olmasa onun həyatında dağıdıcı hallar ortaya çıxar. İslam dünyagörüşündə ruzi yetirən Allahdır. Amma hamı çalışmalıdır ki, halal qazanc əldə etsin. Həzrət Peyğəmbər (s) Höccətül-vidada bu məsələyə işarə ilə buyurdu: "Allah-Taala bəndələri arasında ruzini halaldan bölmüşdür. Kim təqvalı, səbirli olsa, Allah ona ruzi payını yetirər. Səbirsizlik göstərib tələsən adam isə halal olmayan yola qədəm qoyanda ruzisi azalar, qiyamət günü sorğuya çəkilər."

Quran ayələrinə baxanda görürük ki insana heç bir ilahi nemət qadağan olunmayıb. Yoxsulluq nemət sayılmır. Həzrət Əli (ə) təqvalıların bir xüsusiyyəti olaraq onların halal ruzi üçün təlaşını qeyd edir. İmam Sadiq (ə) buyurur: "Mən öz torpağımda çalışıram, tər axıdıram. Hansı ki bu işləri xidmətçilərim də görə bilər. Bu işimlə Allaha bildirirəm ki, mən halal ruzi istəyirəm."

Qurani-Kərimin Cümə surəsində insanlar cümə namazına dəvət olunarkən bu da vurğulanır ki, namaz başa çatanda halal ruzi dalınca gedin. Ayədən aydın olur ki, hətta cümə kimi ibadət günündə iqtisadi fəaliyyətlər səmərəlidir.

Maşınlaşmış əsrimizdə halal ruzi qazanmaq çətin olub. İmam Sadiq (ə) 1400 il qabaq yaxınlarından birinə buyurur ki, bir gün qılınc çalıb vuruşmaq halal ruzi qazanmaqdan asan olar.

Ayə və rəvayətlərdə halal ruzi qazanmaq günahların bağışlanması səbəbi kimi göstərilib. Allah müxtəlif vasitələrlə günahları bağışlayır. Tövbə, şəfaət, ibadət, Əhli-beytə ardıcıllıq, xalqa xidmət, bu sırada halal ruzi qazanmaq günahların əfvi üçün müxtəlif vasitələrdir. Həzrət Peyğəmbər (s) buyurur: "Halal ruzi qazanmaq üçün gün uzunu çalışıb yorğun halda gecəni sübh edən insan bağışlanar." Digər rəvayətdə oxuyuruq: "Bəzi günahlar namaz və sədəqə vasitəsilə bağışlanmır. Halal ruzi üçün çalışmaq təsirlidir."

Halal ruzi üçün çalışmağın başqa bir faydası ailənin rifah içində yaşamasıdır. İmam Sadiq (ə) buyurur: "Halal ruzi qazanmağa utanmayan insanın yükü yüngül olar, ailəsi rifah içində yaşayar." İmam Səccad (ə) buyurur: "Bazara daxil olanda pulum olsa və ailəm üçün ət ala bilsəm, onların bu ehtiyacını ödəmək bir bəndə azad etməkdən daha xoşdur." Həzrət Peyğəmbər (s) buyurur: "Malı, imkanı olan halda ailəsinə çətinlik yaradan, onları rahat həyatdan məhrum edən insan bizdən deyil."

Həzrət Peyğəmbər (s) halal ruzi qazanmağı hər bir müsəlmana vacib sayır. Bu yolda çalışmaq cihadla bir tutulur. Halal ruzi qazanmaq İslamda o qədər yüksək dəyərə malikdir ki, məsum imamlar öz ardıcıllarını daim bu işə çağırıblar. Tənbəllik, süstlük İslamda bəyənilməyən sifətlərdir. Fiziki və ruhi baxımdan sağlam insanın öz dolanışıq xərcini başqalarının üzərinə qoyması onun Allahın mərhəmətindən uzaq düşməsi kimi qiymətləndirilir. Həzrət Peyğəmbər (s) buyurur: "Dolanışıq yükünü başqalarının üzərinə qoyan insan Allah dərgahından rədd edilmişdir. Ailəsinin haqqını dağıdan kəs məlundur."

Halal ruzi qazanmaq üçün dini göstərişləri bilmək, alış-veriş məsələləri ilə tanışlıq lazımdır. İmam Sadiq (ə) buyurur: "Ticarətlə məşğul olmaq istəyən insan dinini tanımalıdır ki, halalı haramdan seçə bilsin. Dinindən xəbərsiz kəs ticarət hökmlərini bilmədən bu işə başlasa özünü şübhəyə salmışdır."

Məsum İmamlar (ə) buyururlar ki, dinin ticarətlə bağlı hökmlərindən xəbərsiz insanlar ticarətə qədəm qoyanda harama düçar olar.

Ayə və rəvayətlərə əsasən halal ruziyə yol açan əsas sifət təqva, pəhrizkarlıqdır. Halal ruzini artıran başqa səbəb tövbə və istiğfardır. Həzrət Peyğəmbər (s) buyurur: "Allahdan ardıcıl şəkildə bağışlanma istəyin. Bu işiniz halal ruzi gətirər."

Dua və minacat halal ruziyə təsirli ibadətlərdir. Əks-təqdirdə məsumlar duanı möminin silahı adlandırmazdılar. İmamlar öz yaxınlarına ruzinin artmasına səbəb olan dualar öyrədib. Ruzini artıran səbəb kimi yoxsulluğu gizlətmək sifəti önə çəkilir. Peyğəmbər (s) buyurur: "Bir kəs ac və ya ehtiyaclı olanda bunu ətrafdakılardan gizləsə, təkcə Allaha ağız açsa, Allah onun bir illik halal ruzisini öhdəsinə götürər."

İslam maarifində sədəqə və infaqın maddi və mənəvi təsirləri yer alıb. Sədəqə ruzini artırar. Möminlərə tövsiyə olunur ki, yoxsulluqla üzləşəndə sədəqə versinlər. Hətta yemək qablarını təmiz saxlamaq, yaxşı qonşuluq etmək, dişləri təmizləmək, qonaqpərvərlik, əqiq üzük, mehribanlıq halal ruzi səbəbi kimi göstərilir. Bu da vurğulanır ki, yaxınlarla əlaqəni kəsmək, namazı yüngül saymaq, yalan and yoxsulluğa səbəb olar.

Allah bütün yaratdıqları üçün halal ruzi qərar verib. İnsan bu ruziyə qənaət və səbrlə çata bilər. Adətən haram dalınca gedənlər belə düşünür ki halal yolla ehtiyacı ödəmək mümkün deyil. Hansı ki Allah-Taala buyurur:

"Yer üzündə Allah tərəfindən ruzisi verilməmiş məxluq yoxdur. Allah ruzinin yerini və vasitəsini bilir. Bütün bunlar kitabda aydın bəyan olub."

Haram yolla qazanılan malın həm axirət, həm də dünyada ağrısı var. Peyğəmbər (s) buyurur: "Beytül-müqəddəsdə hər gecə bir mələk fəryad çəkib deyər: Haram mal yeyəndən Allah heç bir vacib və müstəhəb əməl qəbul etməz." İmam Sadiq (ə) buyurur: "Bir şəxs haramdan qazanıb bu pulla həccə getsə, "ləbbəykə əllahummə ləbbəykə" deyəndə cavab alar ki, sən məqsədə çatmamısan, nicat tapmamısan." Duanın qəbul olmamasının bir səbəbi də ruzinin halal olmamasıdır. Peyğəmbər (s) buyurur: "Bir tikə haram yeyənin 40 gün namazı və duası qəbul olmaz. Bədəndə haramdan yaranan ət cəhənnəm odunda yanmağa layiqdir. Hər tikə haram insan bədənində ətə çevrilər." Başqa bir məqamda buyurur: "Duasının qəbul olmasının istəyən insan halal ruzi ardınca getməli, haramdan çəkinməlidir."

Haramın təsirlərindən biri də qəlbin daşlaşmasıdır. Haram tikə qəlbi qaraldır. Belə insandan xeyir gözləmə. Ona öyüd-nəsihət təsir etməz. İmam Hüseyn (ə) Ömər Sədin qoşununa üz tutub buyurdu: "Mənə itaətsizliyizin, sözümü eşitməməyinizin səbəbi qarınlarınızın haramla dolması, qəlblərinizin möhürlənməsidir."

Halal ruziyə diqqətsizliyin ən dağıdıcı təsirilərindən biri nütfəyə yönəlib. Qazanc halal olmayanda şeytan övladın yaranışına şərik olur. Belə övladların günaha meyili çoxdur. Onların tərbiyəsi, əxlaqi təkamülü yolunda xeyli problem var. Haram tikə körpənin ruhuna elə təsir göstərir ki, ilahi nurdan bəhrələnə bilmir. Allah Quranda buyurur ki, ey şeytan, sənə tabe olanların cəzası cəhənnəmdir, onların sərvət və övladlarına şəriksən... Peyğəmbər (s) haram tikənin aqibəti haqqında buyurur: "Kim haramdan çəkinməsə Allah da onu cəhənnəmə istədiyi qapıdan salmaqdan çəkinməz."

İstənilən bir halda halal ruzi dua və yalvarışla əlaqəlidlidir. Halal ruziyə çatmaq məqsədi ilə Quran və məsumlardan nəql olunmuş dualar oxumaq lazımdır.

Nur-az.com


7544 بازدید
در حال ارسال اطلاعات...
Go to TOP