28 Avqust 2021
XXI əsr insanının ağlı və Taliban “İslamı”

Amma, Talibana tam olaraq inanmaq da olmaz. Çünki bunlar illər əvvəl Əfqanistanda hakimiyyətə gəlmişdilər. Xalq bunlardan çəkdiyini çəkib. Televizor, radio və s. müasir avadanlıqlara savaş açıb hamısını şeytanın ixtiraları hesab etmişdilər. Qadınlara, qızlara oxumağa, cəmiyyətə inteqrasiya etməyə imkan belə vermirdilər.
İndi də güya ABŞ Talibanın gəlişiylə Əfqanistandakı varlığına son qoyub. Əfqanistanda Taliban artıq “İslam dövləti” təsis edib və ABŞ da bu barədə Talibana “gözün üstə qaşın var” deməyib.
Adicə geyimlərinə belə fikir verməyən, səhrada dəvəsi itmiş ərəbin dəvəsindən də nimdaş bir libasda özlərinə açdıqları nazirliklərdə artıq yerlərini möhkəmlədiblər. Zahiri görkəmləri eyniylə 90-cı illərdəki bizim vəhhabilərin görkəmini xatırladır. Bizdəki vəhhabilərin də bunlardan fərqi yox idi, amma o qədər tənqid atəşinə tutuldular ki, özlərini düzəltməyə, saqqallarını daramağa başladılar.
Taliban deyəsən nəinki hicri qəməri, şəmsi, heç miladi tarixiylə də XXI əsrdə yaşamır. Çünki XXI əsrin insanı gözəl bilir ki, camaatın namusuna, qeyrətinə toxunmamanın vacibliyini bilmək üçün hansısa ali məktəbdə oxumaq lazım deyil. Hətta, nəinki XXI əsrin, elə əsrlər əvvəlin insanı da bu cür... Hər bir ağıllı adam bilir ki, başqasının namusuna xor baxmaq olmaz. Bəli, ancaq Yezid kimi Allahın lənətinə tuş gəlmiş biqeyrət insanlar Mədinə camaatının namusunu öz bişərəf səhabələrinə Hirra hadisəsində “halal” edə bilər. Namusu, şərəfi olan insan isə belə bir iş tutmaz. Amma, Taliban “İslamında” isə bu işi bilmək üçün xüsusi təlimə ehtiyac vardır.
Taliban sözçüsü Zəbihulla Mucahid deyir: “Qadınların evdə qalması lazımdır, ən azından hələlik. Niyə? Çünki döyüşçülərimizdən bəziləri hələlik qadınlara zərər verməmək məsələsində təlim görməyib. Bizə yeni qatılanların yetərli təlim almadıqları üçün qadınlarla pis davranmasından ehtiyat edirik. Allah göstərməsin, döyüşçülərimizin qadınlara zərər verib onları zorlamasından ehtiyat edirik” Bunların başına at təpib nədir? Məgər, qadınlara zərər verməmək məsələsində təlim görmək lazımdır? Lazımdırsa bu təlimi keçib ondan sonra Əfqan xalqına müsəllət olmalı deyildinizmi? Əlbəttə, bütün bunlar bəhanədir. Məqsədləri budur ki, şəri qaydalara belə riayət edərək qızlar oxuya bilməsinlər. Bütün dünyada İslamı cahillər dini kimi qəbul etsinlər.
Amma daha anlamırlar ki, camaat bunların sarsaq fikirlərini eşitdikdə “heyvanuva şükür ilahi” deyir. İslamı da ağılsızların dini hesab edir. Hər iki halda İslamı gözdən salmağa çalışırlar.