14 May 2022

Ay ana, sənin balan zalım Adil üçün şəhid olub ki?

Çox acınacaqlı hadisə baş verib. Əslində Azərbaycanda baş verdiyi üçün qəribə və acınacaqlı hadisə sayılmamalıdır. Azərbaycanda qəribə hadisələr baş verməsə bu, qəribə olar. Bəs hadisə nədən ibarətdir? Sayt yazır: Sabunçu rayonunun icra başçısı Adil Vəliyev Füzuli uğrunda gedən döyüşlərdə şəhid olan, “İgidliyə görə” və “Vətən uğrunda” medalları ilə təltif olunmuş gizir Sübhan Mahir oğlu Abdurahmanlının anası Mehriban Abdurahmanlının Sabunçu rayonunda tikdirdiyi evi sökdürüb.

Zalım Adilin şəhid anasına zülm etməsi elə-belə meydana çıxmayıb. Ölkədə düz əməlli qanun olsa, qanun hamı üçün işləsə, şəhidə, şəhid anasına hörmət olsa, bir itin balası qanunu pozmaz, nəinki insan balası.
Bütün bunlar bilirsiz hardan qaynaqlanır? Alçaq məmurların hoqqabazlığından, rüşvətxorluğundan, ölkədəki dərəbəylikdən. Xarabada qanun işləsəydi bu cür özbaşınalıq olmazdı.

Görün şəhid anası nə deyir? Sayt yazır: Şəhid anası bildirib ki, ona bağışlanan torpaqda tikmək istədiyi ev uçurulub: “Məndən 3 min manat pul istədilər, vermədim deyə, sökdülər. Mənə xəsarət yetirdilər".
Əlbəttə əgər biz zalım Adilə desək ki, ay alçaq, ay nadürüst, sən haranın küçüyüsən ki, şəhid ailəsini incidirsən, deyəcək ki, şəhid olan mənim üçün şəhid olub ki? Düz də deyir də, ay ana, sənin balan zalım Adil üçün şəhid olub ki? Olmayaydı. Bu cür alçaqlar ermənidən beş bətər ermənidilər. Bunların əlindən 80 faiz torpaqları azad etmək lazım idi, nəinki ermənilərin əlindəki 20 faiz torpağı.

Vallah billah bəyənmədiyimiz Paşinyanın ölkəsi də hakimiyyəti də bizim ölkəmizdəkindən qat qat demokratikdir. Elə bir neçə gün bundan qabaq sərhədsiz reportyorların mətbuat azadlığı indeksinə görə Ermənistan 51-ci, Azərbaycan isə 154-cü sıradadır. Nəinki təkcə mətbuat sahəsində, digər sahələr də bu cürdür.

Görəsən Ermənistanda bir alçaq Ermənistanın müdafiyəsi yolunda ölən bir erməni dığasının anasının evini sökə bilərmi? Bu cür alçaqlıq ancaq alçaqların yüksəldiyi bizim ölkəmizdə ola bilər.


394 بازدید
در حال ارسال اطلاعات...
Go to TOP