22 Dekabr 2022
Quşboğan xala və qaziöldürənlər

Yəqin ki, quşboğan ləqəbli xalanın videolarına baxdınız. Birinci videoda güya 44 günlük Qarabağ müharibəsinə görə 44 dənə sülh rəmzi olan göyərçin havaya buraxırdılar. Quşboğan xala əlində Allahın heyvanını o qədər sıxdı ki, yazığın pırtdanağı çıxdı. Göyə atanda da hamının göyərçini uçdu, amma quşboğan göyərçini öldürmüşdü deyə onun göyərçini uçmadı.
Bu biabırçılıqdan sonra hələ adamı verilişə çağırıb orada quş haqqında danışdırıblar da. Arvad da iştahla deyir ki, şükür olsun ki, quş ölməmişdi. Guya quş ölsəydi onun qatili olan bu arvad pis olacaqdı. Aparıcı və quşboğan xala az qalırlar ki, studiyada şükür səcdəsi etsinlər. Özü də deyir ki, quşa təşəkkür edirəm ki, məni Avropada tanıtdırdı. Hə, bir də deyir ki, bu quş ölsəydi təxribat ola bilərdi.
Görün insanlar necə yazıq durumdadır. Bir ölkədə 55 qazi ölür, bu insanların tükü də tərpənmir. Bir quşun ölüb ölməməsindən ötrü guya narahat olurlar.
Üstəlik insanlar üçün yaxşı pis deyə bir şey qalmayıb. Əsas odur ki, məşhur olasan. Hətta lağlağa, laqqırtı, gic-gic şeylərlə də yadda qalsan mühüm deyil.
Üstəlik bu iş təxribat kimi qələmə veriləcəkdi. Hə bu, doğrudan da baş verəcəkdi. Çünki cənub qonşumuz İranda onsuz da azərilərin məktəbi yoxdur, öz dillərində danışa bilmirlər, onlara hər vaxt işgəncə olur. Bu quşun ölməsi birbaşa İranın təxribatı ola bilərdi. İran onsuz da pusquda dayanıb ki, Azərbaycanı məqam ələ düşən kimi özünə birləşdirsin. Bu quş ölsəydi dəhşətli hadisələr baş verə bilərdi. Amma yaxşı ki, olmadı və İran öz arzusuna çata bilmədi.