09 Sentyabr 2023
Nə çox insan nə az kərbəlayi

Bəzi dostlar deyirlər ki, İmam Hüseyn əleyhissəlam özünü fəda edib biz isə onun məclisində, ələlxusus da ərbəində süfrələr açıb yeyib içirik.
Daha sonra deyir ki, mənə demə Kərbəlada, ərbəində 20 milyondan çox zəvvar var idi. Mənə de ki, orda nə qədər kərbəlayi var idi.
Dostun sözlərində həqiqət var. Amma gərək İmam Hüseyn əleyhissəlamı tanıtdıran müqəddimələrə, o cümlədən də onlardan biri olan ehsan paylama işlərinə dil uzatmayasan. Başa düşürük ki, belə deyən bir çox insanın məqsədi budur ki, İmam Hüseyn əleyhissəlam Allahın dini uğrunda canından keçdi biz də keçməliyik. Bununla razıyıq. Amma gərək yenə də İmam Hüseyn əleyhissəlamın qiyamını tanıdacaq müqəddimələrə ilişməyək.
Amma işin bu tərəfi ilə də razılaşmamaq olmur. Kərbəlayi azdır. Həddən artıq azdır.
Bəs kərbəlayi necə olmalıdır? Ölkəsində baş alıb gedən haqsızlığa susmamalıdır. Nə qədər insan günahsız yerə şərlənib həbs edilib. Kərbəlayi gərək susmasın. Ölkədə şərəfsizlik, əxlaqsızlıq, haqsızlıq, din əleyhinə fəaliyyətlər davam edir. Kərbəlayi gərək etiraz etsin. Şər insanlar hakimiyyət başında xalqa, dindarlara, ruhanilərə zülm edirlər. Kərbəlayi gərək susmasın.
İmam Sadiq əleyhissalam bu gün cismən aramızda olsaydı, Kərbəlada zəvvarları görsəydi bəlkə də deyərdi ki, nə çox Kərbəlaya gələn, nə az kərbəlayi.