30 Sentyabr 2023

Ermənistan xalq yazıçısı?

Azərbaycanda Xalq yazıçısı kimi tanınan Çingiz Abdullayev ermənilərin Qarabağı tərk etməsindən danışarkən belə deyib.
“Eyni ölkədə azərbaycanlılar və ermənilər, türklər və ermənilər yaşaya bilər. İndi erməni anklavının sakinlərinə baxın. Cır-cındır içində, dilənçi, ac, dişsiz... Nə əldə etdiniz? Köçəryanı və Sarkisyanı milyonçu etdilər? Bəs minlərlə insan nə əldə etdi? İndi dünya qəsdən görmək istəmir ki, bizim polislər yollarda qalan bu bədbəxt insanlara necə yemək, su paylayırlar."

Daha sonra deyir ki, Qarabağ Azərbaycan ərazisidir, kim bunu qəbul etmirsə səssizcə çıxıb getsin.
Əvvəlcə deyək ki, illərdir düşmən əsarəti altında qalan torpaqlarımızı aldığım üçün Allaha şükürlər olsun. Bu torpaqlar bizim idi. Bütün dünyada bizim torpaq kimi tanınırdı. Nəhayət ki, torpaqlar bizim oldu. Allahdan arzu edirik ki, bu torpaqların bizdə olması müvəqqəti olmasın, bundan sonra müharibə yenidən başlamasın.

Düzdür indiki halda hamı gözəl bilir ki, Rusiya uzun illərdir müttəfiqi olan Ermənistanın baş naziri Paşinyanı devirmək üçün də olsa Qarabağın alınmasında razılıq verdi. Çünki uzun illərdir Azərbaycanda da Ermənistanda da elə bütün dünyada da bilirdilər ki, Qarabağın açarı Rusiyanın əlindədir.

Hazırda isə Paşinyanın devrilməsi istiqamətində iş gedir. Amma bunun digər pis tərəfi də budur ki, Qarabağ klanı yenidən Ermənistanda hakimiyyətə gəlsə yenidən müharibə başlaya bilər. Biz isə Allahdan arzu edirik ki, bir daha müharibə olmasın.

Gələk Çingiz müəllimin sözünə. Bəli, yazıçının bu sözü ilə razıyıq ki, Qarabağ Azərbaycan torpağıdır. Kim burda qalmaq istəmir çıxıb getsin. Amma daha pisi odur ki, bu söz təkcə Çingiz Abdullayev tərəfindən Qarabağda yaşamaq istəməyən ermənilər haqqında deyilmir üstəlik 80 faiz torpaqlarda illərdir ki dolana bilməyən, xaricə, Rusiyaya üz tutan soydaşlarımıza da hakimiyyət tərəfindən deyilib. Təəssüf ki, Azərbaycan dilində düz əməlli danışa bilməməsinə baxmayaraq Azərbaycan Xalq Yazıçısı sayılan Çingiz müəllim bunları dilə gətirmir. Təəssüf ki, Çingiz Abdullayev nəinki Qarabağın heç əvvəllər özümüzdə olan 80 faiz ərazilərin də Azərbaycan xalqına aid olmadığını dilə gətirə bilmir. Uzun illərdir ki, bu ərazilərdə xalqın qanını içən məmurlar, deputatlar, hakimiyyət adamları at oynadır.

Problem də bax budur. Problem Azərbaycan Xalq Yazıçısı sayılan bir şəxsin Azərbaycan dilində səlis danışa bilməməsi deyil. Bir qarnı ac bir qarnı tox yaşayan xalqın bu heç vecinə də deyil. Çünki ümumiyyətlə bizim xalqın nə yazı, nə yazıçı, nə də dil vecinə də deyil. Bəs problem nədir? Problem Azərbaycan Xalq Yazıçısı hesab edilən şəxsin "indi erməni anklavının sakinlərinə baxın. Cır-cındır içində, dilənçi, ac, dişsiz... Nə əldə etdiniz? Köçəryanı və Sarkisyanı milyonçu etdilər? Bəs minlərlə insan nə əldə etdi? İndi dünya qəsdən görmək istəmir ki, bizim polislər yollarda qalan bu bədbəxt insanlara necə yemək, su paylayırlar" deməsidir. Məgər sən Ermənistan Xalq Yazıçısısan ki, onların dərdinə düşmüsən? Niyə bir dəfə Azərbaycan xalqının yazıçısı olmaq istəmirsən? Yoxsa düşünürsən ki, Azərbaycan xalqı ermənilərdən yaxşı yaşayır? Niyə bir dəfə Qarabaq Azərbaycan ərazisidir dediyin kimi özünü yandıran qazilər Azərbaycan övladıdır demirsən. Heç yoxlasan bəlkə Çingiz müəllimin övladları, nəvələri müharibəyə getməyib də. Niyə bir dəfə Qarabağdan danışanda demirsən ki, biz balalarımızı şəhid vermədik ki, Ərdoğan gəlib Türkiyə şirkətləri açsın və qarabağlılar orda günə muzd işləsin. Üstəlik pulları da vaxtı vaxtında şirkət tərəfindən ödənilməsin.
Ona görə də hesab edirik ki, Çingiz Abdullayev kimi insanlar öz xalqının qayğısına qalsa, Azərbaycan Xalq Yazıçısı olsalar daha yaxşı olar.


965 بازدید
در حال ارسال اطلاعات...
Go to TOP