07 Oktyabr 2023

Bir deputat öləndə

Əvvəlcə bir hadisə danışım. Deməli bir müddət bundan qabaq məhələ uşaqlarından (əlbəttə yekə kişidir) biri mənə deyirdi ki, məgər İranda hər şey yaxşıdır. Dedim əlbəttə ki, yox. Bir ölkədə hər şeyin yaxşı olması mümkün deyil. Adətən hər ölkədə pis də var yaxşı da. Bir xalq bütövlükdə yaxşı yaxud pis ola bilməz. Bir dövlət, bir idarə, hətta bir insan fərd olaraq hər barədə yaxşı ola bilməz. Çünkü bizlər məsum deyilik.
Çox qəribə bir tendensiya tez tez müşahidə edilir. Ölkədə haqsızlıq haqqında danışanda dindar olduğun üçün sənə o saat İrandan nümunə gətirirlər. Elə bil ki dünyada dindarların ölkəsi İrandır. Bilmirəm bu, təkcə bizim ölkədə belədir yoxsa digər ölkələrdə də bu cürdür. Mən də həmin kişiyə sual verdim ki, sən insaflı ol və sualıma cavab ver. Sən iddia edə bilərsən ki, İranda Abdullahianın, prezident Ayətullah Rəisinin, Ali Dini Lider Həzrət Ayətullah Xamenei ağanın villaları, obyektləri, ailə biznesi, İngiltərədə uşaqlarının villaları, neçə min dollara icarə verdikləri villaları var? Dedi yox. Doğrudan da düz deyir. Belə iddia edə bilməz. Çünki indiyədək heç kim tutarlı bir sənəd ortaya qoymayıb. Hətta İrana nifrət edən, xaricə qaçmış satılmış iranlılar, onların amerikalı himayədarları belə, bir faktla çıxış etməyiblər. Onların daha çox dedikləri nədir? İranda türklər ölür, diri diri torpağa gömülür, qadın azadlığı yoxdur, məscidlərdə donuz saxlayanlar ilə dostluq edirlər və s.

Amma Azərbaycanda vəziyyət necədir? Adicə bloqqer Mehman Hüseynov daha o məmur qalmayıb ki, açıq zibillərini ortaya qoymasın. Heç biri də çıxıb etiraz eləmir. Ailə biznesləri, villaları, bağ evləri, milyonları, övladlarının dəbdəbəli yaşayışları və s. Çünki Azərbaycanda bu adi haldır. Bir halda ki, hakim ailə holdinqlərə, ailə biznesinə sahibdir adi məmur da böyüyündən belə görüb götürəcək də. Yoxsa damğalayıb deyərlər ki, İran agentisən. Çünki İranın məmuru kimi kasıbsan. (Ola bilər bəlkə də yazıq məmurlarımız İran agenti damğasından qaçmaq üçün büdcəni pis günə qoyub özlərinin yeddi nəsil sonrakı nəvə nəticələri üçün səltənət qururlar)

Bir də bizim deputatlara baxın. O gün İran əleyhinə İsrailin nökərçiliyini etməklə dünyada Hollivud aktyorlarından daha çox məşhur olan deputat Qənirə Paşayeva öldü. Adamın necə sionistin nökəri olduğunu bilmək üçün YouTube kanallarını axtarsaz bəs edər. Bu haqda çox danışmaq mənasızdır.

Sual verilir ki, bəs niyə sosial şəbəkələrdə ancaq arxasınca lənət qazandı? Çünki xalq üçün heç nə etməyib. Gedirlər bir iki ailəyə, beş altı əsgərə baş çəkirlər, güya vəzifə bitdi. Xeyr əzizim. Sən bütün ömrünü zalım, xalqı səfalət içində yaşadan, ədalətsiz, haqqı deyənləri həbs edən hakimiyyətin tərifinə sərf etmisən. Bir iki görüş gülüş ilə xalqı aldada bilməzsən. Üstəlik Qənirə kimi deputatların varidatı İranın prezidentindən inanın ki çoxdur. Hələ bu bir az "fağır" deputatdır, gör indi o birilər necədi? O gün hətta sərvəti də sosial şəbəkələrdə dərc olunmuşdu.

Bu da onu göstərir ki, Qənirə Paşayeva kimi insanlar xalqın dəstəyi ilə seçilmirlər. Yuxarıdan qabaqcadan adlar yazılır, mandat pulları yığılır, namizədlərin keçmişinə, yaltaq olub olmadığına baxılır və bu kriteriyalar əsasında da deputatxanada illərdir oturur. Yazıq xalq bu cür deputatlarla necə ağ günə çıxa bilər axı?


964 بازدید
در حال ارسال اطلاعات...
Go to TOP