19 İyul 2014

Həzrət Əlinin (ə) şəhadəti

Mübarək ramazan ayının on doqquzuncu gecəsi çatır. İbn-Mülcəm öz yoldaşları ilə məscidə gəlib həzrət Əlini (ə) gözləməyə başladı.
Həzrət Əli (ə) öz şəhadətindən xəbərdar idi. O, mübarək ramazan günlərindən birində minbərdə ikən əlini saqqalına çəkərək buyurdu: «İnsanların ən zalımı bu tükləri başımın qanına boyayacaq». Buna görə də həzrət ömrünün son günlərini övladlarından birinin yanında keçirirdi. Şəhadət gecəsi isə qızı Ümmü-Gülsümün qonağı idi.
İftar zamanı üç tikə yemək yedi. Sonra ibadətə durdu. Həzrət gecədən sübhədək təşviş içində oldu. Bəzən səmaya baxıb ulduzları seyr edirdi. Sübh çağı yaxınlaşdıqca həzrətin narahatlığı da artırdı. Belə ki, Ümmü-Gülsüm ondan soruşdu: «Atacan, nə üçün bu gecə bir belə narahatsan?» Həzrət buyurdu: «Qızım, mən bütün ömrümü döyüş səhnəsində keçirmiş, adlı-sanlı pəhləvanlarla mübarizə aparmışam. Belə şeylərdən qorxmuram. Amma hiss edirəm ki, haqla görüş məqamı yaxındadır».
Nəhayət, hövlnak gecə başa çatdı. Evdə yuva qurmuş quşlar evdən çıxmaq istəyən həzrətin qədəmləri önündə qanad çalaraq, sanki onu getməkdən çəkindirmək istəyirdilər. Həzrət buyurdu: «Bu quşların səs-küyünün ardınca növhə avazları ucalacaq». Həzrətin sözləri Ümmü-Gülsümü pərişan etdi. O, atasına belə dedi: «Yaxşı olar ki, tək getməyəsən». Həzrət buyurdu: «Əgər bəla yer bəlası olsa, mən təklikdə onu dəf etməyə qadirəm. Əgər bu səmanın qəzavü-qədəridirsə, hökmən yerinə yetməlidir».
Həzrət məscidə üz tutdu. Dama çıxıb sübh azanını elan etdi. Sonra məscidə daxil oldu. Yatanları oyatdı. Sonra mehraba yaxınlaşdı. Sübh nafilə namazına durdu. Səcdəyə getdiyi vaxt Əbdürrəhman ibn Mülcəm zəhərli qılıncı ilə həzrətin mübarək başına bir zərbə vurdu. İbn-Mülcəmin zərbəsi bir vaxt Əmr ibn Əbdüvədin vurduğu zərbənin yerinə düşdü. Həzrətin başı alnınadək yarıldı. İbn-Mülcəm və yoldaşları dərhal qaçdılar.
Həzrət Əlinin (ə) mübarək başından qan axmağa başladı. Onun şərif saqqalı başının qanına boyandı. Həzrət buyurdu: «And olsun Kəbənin Allahına, qurtuldum». Sonra həzrət bu ayəni tilavət etdi: «Sizi torpaqdan yaratdım və torpağa qaytararam. Sonra yenidən torpaqdan qaldıraram». Bu vaxt həzrət Cəbrailin yer ilə göy arasından nida çəkdiyini eşitdi: «And olsun Allaha, hidayət sütunları uçuldu, təqva nişanələri məhv oldu, xaliqlə məxluq arasındakı ən möhkəm bağ qırıldı. Peyğəmbərin əmisi oğlu öldürüldü. Həzrət Əli (ə) şəhadətə çatdı. Ən zalımların ən bədbəxti onu şəhid etdi».
Məsciddə hay-küy qopdu. Həsən və Hüseyn evdən məscidə qaçdılar. Bir qrup adam da İbn-Mülcəmin ardınca gedib onu tutdu. Həsən və Hüseyn haşimilərin köməyi ilə həzrəti kilimin üstünə qoyub evə gətirdilər. Dərhal həkim ardınca adam getdi. Həkim gəldikdən sonra yaranı müayinə edib yaranın sağalmaz olduğunu bildirdi. Çünki həzrətin vurulduğu qılınca zəhər çəkilmişdi.
Həzrət Əli (ə) başqalarından fərqli olaraq ölümünün labüd olduğunu eşitdikdə narahat olmadı. O, Həsən və Hüseynə vəsiyyət edirdi. Bəli, həzrət ölümdən qorxmurdu. O dəfələrlə buyurmuşdu ki, uşaq anasının döşünə müştaq olduğu tək o da ölümə müştaqdır.
Həzrət Əli (ə) ömür boyu ölümlə çarpışmışdı. Düşmənlər həzrət Peyğəmbərin (s) yatağını qılınclamaq istədikləri vaxt həzrətin (s) yerində yatan Əli (ə) idi. Həzrət daim İslam qəzavatlarında olmuş, ölümün gözünə dik baxmışdı. Həzrət buyurdu ki, mənim üçün fərqi yoxdur ki, ölüm mənim sorağıma gələ, ya mən ölümün sorağına gedəm». Həzrət (ə) Həsən və Hüseynə belə vəsiyyət etdi: «Sizə təqvalı olmağı və Allahdan qorxmağı tövsiyə edirəm. Dünya sizin ardınızca gəlsə də, siz onun ardınca getməyin. Əlinizdən dünya malı çıxdıqda təəssüflənməyin. Doğru və haqq söz danışın. Axirət mükafatı üçün iş görün. Zalıma düşmən, məzluma yardımçı olun.
Sizə, bütün övladlarıma və Əhli-beytimə məktubum yetişən hər bir adama təqvanı, Allahdan qorxmağı, həyat işlərini tənzimləməyi, öz aralarında sazişi vəsiyyət edirəm. Çünki babanız Peyğəmbərin belə dediyini eşitmişəm: «İki nəfər arasında sülh yaratmaq namaz və orucdan üstündür». Yetimlərə münasibətdə Allahdan qorxun. Onların ağzı üçün növbə qərarlaşdırmayın (bəzən tox, bəzən isə ac olalar). Sizin diqqətsizliyiniz səbəbindən onlar zaya çıxmasınlar. Qonşulara münasibətdə Allahdan qorxun. Onları Peyğəmbər tapşırmışdır. Həzrət qonşuları elə tapşırardı ki, güman edərdik qonşu qonşudan irs aparacaq. Qurana münasibətdə Allahdan qorxun. Ona əməl etməkdə sizi ötüb keçməsinlər. Namaza münasibətdə Allahdan qorxun. Namaz dinin sütunudur. Kəbəyə münasibətdə Allahdan qorxun. Nə qədər ki, dirisiz, Allah evini boş qoymayın. Əgər o boş qalsa, cəzada möhlət almayacaqsınız. Cihada münasibətdə Allahdan qorxun. Malınız, canınız, dilinizlə Allah yolunda cihad edin. Əlaqələrinizi qoruyun və bir-birinizə bağışlayın. Bir-birinizə arxa çevirməkdən, bir-birinizdən ayrılmaqdan çəkinin. Əmr be məruf və nəhy əz münkəri (yaxşıya əmr, pisə qadağa) tərk etməyin. Yoxsa şər adamlar sizə hakim olar. Bu halda siz Allahı çağırsanız da, O sizin dualarınıza cavab verməz.
Ey Əbdül Müttəlib övladları, məbada «Əmirəl-möminin öldürülüb» deyə, xalqın qanını tökəsiniz. Bilməlisiniz ki, mənə görə yalnız məni öldürən qətlə yetirilə bilər. Elə ki, mən onun zərbəsindən öldüm, siz də əvəzində ona bir zərbə vurun. Onun meyitini təhqir etməyin. Həzrət Peyğəmbər (s) buyurub ki, muslə (meyiti təhqir) etməkdən çəkinin».
Həzrət Əli (ə) zərbə aldıqdan sonra üç gün yataqda qaldı. Bu müddət ərzində təkcə ailəsi yox, həm də səhabələri onun yanında olurdu. Ətrafındakılar ömrünün son saatlarında həzrətin dəyərli buyuruqlarından faydalanırdılar. Həmin vaxt həzrətin buyurduğu dürlü öyüdlərdən biri də budur: «Mən dünən sizin müsahibiniz idim. Bugünkü vəziyyətim isə sizin üçün bir ibrətdir. Sabah isə sizdən ayrılaram».
Həzrətə bir qədər süd gətirdilər. Azca içdi və sonra buyurdu: «Zindana saldığınız adama da bu süddən bir qədər verin. Onu incitməyin. Əgər sağ qalsam, özüm bilərəm, əgər ölsəm, ona yalnız bir zərbə vurun. Çünki o mənə bircə zərbə vurub». Sonra üzünü Həsənə tutub buyurdu: «Oğulcan, məndən sonra sən vəliyye-əmr, mənim qanımın sahibisən. Onu bağışlamaq istəsən, özün bilərsən. Əgər öldürsən, mənə bircə zərbə vurduğu üçün ona birdən artıq zərbə vurma». Qılınca çəkilmiş zəhər həzrətin bədəninə sirayət etdiyindən o hərəkətdən düşmüşdü. Ona görə də namazını oturaq halda qılır, daim zikr edirdi. Ramazanın iyirmi birinci gecəsi ölümü yaxınlaşan məqamlarda buyurdu: «Son görüş üçün ailə üzvlərimi çağırın. Hamının hüzurunda vəsiyyət etmək istəyirəm».
Həzrətin övladları onun ətrafında cəmləşdi. Onların gözləri ağlamaqdan qızarmışdı. Həzrətin vəsiyyətlərini dinləyirdilər. Amma həzrətin vəsiyyətləri təkcə onun övladlarına aid deyildi. Bu vəsiyyətlər dünyanın sonunadək bütün bəşərə aid idi. Əxlaqi və əməli fəlsəfəyə aid göstərişlər silsiləsindən bəzilərinə nəzər salırıq:
Sözümün əvvəli Allahın yeganəliyinə şəhadətdir. Sonra Məhəmməd ibn Abdullahın (s) Peyğəmbərliyinə şəhadət verirəm. O, mənim əmimoğlum, Allahın bəndəsi və seçilmişidir. Onun besəti Allah tərəfindəndir, göstərişləri Allahın göstərişləridir. Xalq cəhalət və nadanlıq içində olduğu vaxt həzrət onları doğru yola, qurtuluş yoluna hidayət buyurdu: «Onların əməllərinin qiyamət günündəki cəzaları ilə qorxutdu.
Ey mənim övladlarım, sizi təqva və pəhrizkarlığa dəvət edirəm. Tövsiyə edirəm ki, çətinliklər qarşısında səbirli və dözümlü olasız. Dünyaya bağlanmayın. Əlinizdən çıxan şey üçün üzülməyin. Sizi birliyə çağırıram. Nifaq və pərakəndəlikdən həzər qılın. Haqq və həqiqəti meyar götürün. İstər qəzəbləndikdə, istər qəmli vaxtınızda, istərsə də şadlandığınız vaxt sabit ədalət qanunlarına tabe olun.
Ey mənim övladlarım, heç vaxt Allahı unutmayın. Daim onun razılığı haqqında düşünün. Məzlumlarla ədalətli rəftarınızla, yetimlərə və çarəsizlərə isar və ətanızla Allahı razı salın. Həzrət Peyğəmbərdən belə buyurduğunu eşitdim: «Behişt yetimlərə öz övladları kimi himayədarlıq edənlərin iştiyaqındadır. Cəhənnəm odu yetimlərin malını yeyənlərin intizarındadır».
Qohum-əqrəbanızla münasibətdə sileye-rəhm və yaxşılıq edin. Dərvişlərə və möhtaclara əl tutub, xəstələri yoxlayın. Çünki dünya hadisələr məhəllidir. Ona görə də arzu-istəklərə giriftar olmayın. Daim ölüm və axirət aləmi haqqında düşünün. Lütfünüzü qonşulardan əsirgəməyin. Çünki qonşunun haqqının qorunması Peyğəmbərin (s) vəsiyyətlərindəndir. Dini göstərişləri möhtərəm sayın. Onlara həvəslə əməl edin. Namaz və zəkatı, əmr be məruf və nəhy əz münkəri yerinə yetirin. Allahın əmrlərinə itaət etməklə Allahın razılığını qazanın.
Ey mənim övladlarım, alçaq insanlarla ünsiyyətdən çəkinin. Saleh və təqvalı insanlarla yoldaş olun. Əgər həyatınızda elə bir işlə rastlaşsanız ki, dünya və ya axirəti seçməli olasınız, dünyadan keçin və axirəti qəbul edin. Dövrün çətinlikləri zamanı Allaha pənah aparın. Hər bir işdə Ondan kömək istəyin. Xalqla mehribanlıqla, xoş üzlə rəftar edin. Təqva və insana xidməti özünüzə şüar qərar verin. Körpələrə nəvaziş, yaxşılara ehtiram göstərin».
Həzrətin övladları sakitcə oturmuşdular. Boğazlarını qəhər tutmuşdu. Həzrətin ürəyəyatan, könül oxşayan sözlərini dinləyirdilər. Həzrətin vəsiyyətinin bu hissəsi bir əxlaq dərsi idi. Bu dərslərə əməl edən hər bir kəs kamal həddinə çatar. Həzrət vəsiyyətinin bu hissəsini «La hövlə və la quvvətə illa-billahil-əliyyil-əzim» cümləsi ilə başa çatdırdı. Sonra huşunu itirdi. Bir an sonra gözlərini açıb buyurdu: «Ey Həsən, sənə də bir neçə sözüm var. Bu mənim ömrümün son gecəsidir. Canımı tapşırdıqdan sonra mənə öz əlinlə qüsl ver, kəfənə bük, dəfn işlərimə özün bax. Cənazə namazımı qıl və məni gecənin qaranlığında Kufə şəhərindən kənarda, adsız bir yerdə torpağa tapşır və kimsə bundan xəbər tutmasın».
Bütün haşimilər, eləcə də ələvi ailəsi səsini çıxarmadan ağlayırdı. Onların göz yaşları yanaqlarına süzülürdü. Həsən atasına hamıdan yaxında oturmuşdu. O qədər qəmli idi ki, imamın diqqətini özünə cəlb etdi və imam buyurdu: «Ey oğlum, səbirli və dözümlü ol. Bu həssas məqamda sənə və qardaşına səbirli və dözümlü olmağı tövsiyə edirəm».
Sonra buyurdu: «Məhəmməddən də muğayət olun. O da sizin qardaşınızdır, atanızın oğludur. Mən onu sevirəm».
Həzrət yenidən huşunu itirdi. Bir an sonra azca tərpəndi və Hüseynə buyurdu: «Oğlum, sənin də həyatının bir macərası olacaq. Səbirli və dözümlü ol. Həqiqətən də, Allah səbir edənləri dost tutur».
Bu məqamda həzrət canvermə vəziyyətinə gəldi. Azca sonra mübarək gözlərini yavaşca yumdu və son nəfəsində buyurdu: «Əşhədu ənla ilahə illəllah, vəhdəhu la şərikə ləh, və əşhədu ənnə Muhəmmədən əbduhu və rəsuluh».
Şəhadət kəlmələrini dedikdən sonra həzrətin aralı və nazənin dodaqları qapandı. Onun ruhu fələklərə pərvaz etdi. Beləcə, bütün ömrü boyu haqq və həqiqətdən savay məqsədi olmamış bir insanın həyatı başa çatdı.
Həzrət Əli (ə) şəhadətə çatdığı vaxt onun altmış üç yaşı vardı. Artıq o otuz il idi ki, imamət məqamında idi. Həzrət beş ilə yaxın xilafət kürsüsündə oturdu. İmam vəfat etdikdə həzrət Həsən həzrət Hüseynlə birlikdə atasının cənazəsini dəfnə hazırlayıb Kufə yaxınlığındakı Qəriy adlanan məhəldə (bugünkü Nəcəf) dəfn etdi. Belə bir qorxu vardı ki, həzrətin qatı düşməni olan bəni-Üməyyə və xəvaric onun cəsədini qəbirdən çıxardıb təhqir edə. Ona görə də həzrət özü vəsiyyət etmişdi ki, diqqəti çəkməmək üçün onun qəbrini yerlə bərabər səviyyədə etsinlər. Həzrətin qəbri imam Sadiqin (ə) dövrünədək məxfi qaldı. Yalnız ikinci Abbasi xəlifəsi imam Sadiqi Mədinədən İraqa çağırarkən həzrət Kufəyə gəlib atasının qəbrini ziyarət etdikdə bu qəbrin yeri məlum oldu.

Nur-az.com


5757 بازدید
در حال ارسال اطلاعات...
Go to TOP