14 Noyabr 2014
İşğaldakı Azərbaycan

Əliyevlər hakimiyəti Qarabağdan keçməklə, Neft-qaz resurslarını böyük güclər arasında pay-puş etməklə quruldu. Belə bir alver axarında da qalmaqdadır. Bugünlərdə Fransanın, bəlkə də, son 50 illik dönəmdəki ən gərəksiz prezidentlərindən olan Olland Parisdə Ilham Əliyevlə Serj Sərkisyanın görüşünü keçirdi - son 21 ildə dönə-dönə keçirilən belə gərəksiz görüşlərin daha birini. Bir sıra dövlətlər, indiyədək olduğu kimi, bu görüşü də gərəkli görüş olaraq dəyərləndirdi. Qabaqlar belə dəyərləndirmələrə inanmaq olardı, indi yox. Daha bu sayaq görüşlərə də, bu görüşlərin hay-küylü dəyərləndirilməsinə də azacıq olsa belə, inam qalmayıb. Qarabağ başda olmaqla Azərbaycanın böyük bir oyun içində olduğu indi açıq-aydın görünməkdədir.
Ortada geopolitik oyunlar oynayan böyük dövlətlər var, bir də bu dövlətlərin Azərbaycandakı Azərbaycana YAD partnyoru olan Əliyevlər ailəsi, bu ailənin oluşdurduğu əliyevçi rejim. Böyük dövlətlərin başçıları bu ailə ilə açıq işbirliyinə girərək özlərinin ekonomik, siyasi güdüklərinə uyğun olaraq alverdə, apar-gətirdə bulunurlar. Bir ara Rusiyada əlaltı prezident olan Medved “Qarabağ probleminin çözümü üçün” Əliyevlə Sərkisyanı görüşdürürdü. Televiziya ekranlarından göründüyü kimi, görüşdürənlər də, görüşənlər də gülə-gülə görüşür, gülə-gülə ayrılırdılar. Görüşdürənlər də, oynadıqları oyuna gülürdülər, görüşənlər də. Sərkisyan, bəlli olduğu kimi, Xocalı soyqırımını törətmiş, Azərbaycan qadınlarının namusunu tapdamış cinayətkarın birisidir. Ilham Əliyevin onunla hər görüşü açıq-aydın QARDAŞ görüşü xarakterində olur: sevinə-sevinə, gülə-gülə. Bu dostluq-qardaşlıq görsənişini Paris görüşünə qatılmış fransalı diplomatlar ayrıca qabartmışdılar. “Bir-birlə savaş aparan iki düşmən dövlər başçısının” sevinə-sevinə, gülə-gülə görüşməyi fransalı diplomatları çaş-baş qoymuşdu.
Görəsən, fransalı diplomatlar ata Əliyevin Xocalı soyqırımını törətmiş başqa bir cinayətkarla - Köçəryanla görüş görüntülərini görüblərmi? Görsəydilər, bəlkə də, onlar indiki sayaq çaş-baş duruma düşməzdilər. Köçəryanla görüş şəkillərində ata Əliyevin sevinci yerə-göyə sığmır, elə bil, elə bil, elə bil... Belə sevinc, belə gülmə yalnız bir-birini sonsuzca sevən kimsələrdə olur. Böyük Britaniya parlamentinə bağlı Vergi qurumu ata-oğul Əliyevlərin 1993-2010-cu illərdə Azərbaycandan təkcə ofşor zonalara 48 milyard dollar pul oğurlayıb çıxardıqlarını bildirir. Köçəryan-Sərkisyan kriminal qruplaşmasının Rusiyaya arxalanaraq Qarabağı IŞĞAL etməsi faktı ata-oğul Əliyevlərin qalan 80 min kv.km-lik Azərbaycanı IŞĞAL etmələrinə gətirib çıxardı. Sözsüz, birinci IŞĞAL olmasaydı, ikinci IŞĞAL da olmayacaqdı!
Başqa bir yandan, ikinci IŞĞAL - Azərbaycanı bütünlüklə DIZ çökməyə gətirib çıxarmış əliyevçi rejim olmasaydı, birinci IŞĞAL bir belə uzun sürməyəcək, bu baxımdan Köçəryanla Sərkisyan da “Ermənistan”da hakimiyətə yiyələnə bilməyəcəkdi. Indilikdə “Ermənistan”dakı Qarabağ klanı Əliyevlərə, Əliyevlər klanı da Qarabağ klanına borcludur. El arasdında deyildiyi kimi, borclu borclunun sağlığını istər. Hər iki klan hakimiyətə gəlmələrinə, hakimiyətdə qalmalarına görə yaxın-uzaq imperialist güclərə borcludur.
Xaliq Bahadır/azadlıq