Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Dekabr 2014

Azadlıq və Quran ayələri

“Əraf” surəsinin “onların ağır yükünü yüngülləşdirər və üstlərindəki buxovları açar” (Quran, Əraf, 157.) - ayəsi qızıl lövhələrə yazılıb, dünyada insan hüquqları uğrunda mübarizə aparan bütün təşkilatların qapısından asılmağa layiq olan ayələrdəndir.

Ayə Peyğəmbərin (s) şəxsiyyəti və Quranda onun şəxsiyyətinin xüsusiyyətlərindən biri barəsindədir. Quranda Peyğəmbərin (s) şəxsiyyəti və səhabələri barəsində bir neçə ayə gəlib. Bu ayələrin hər biri o şəxsiyyətin əzəmətli cəhətlərindən birini bəyan edir. Sözügedən ayə onların ən ümdələrindən biridir. Bu ayədə göstərilən məqamlardan biri budur ki, Peyğəmbər (s) insanların ayağından buxovları qoparır. İnsanların ayağına ağırlıq edən, onların hərəkətinə, sıçrayışına, yüksəlişinə və təkamülünə mane olan bu zəncirləri onların boyunlarından və ayaqlarından açır. “İsr” lüğətdə çadırın aşağısını yerə çalınmış mıxlara bağlayan iplərə deyilir. Bu iplər çadıra bağlanıb, onu möhkəm saxlayır. Bu gün dünyada müasir formada mövcud olan növbənöv zorakılıqlar, ayrıseçkiliklər, məhdudiyyətlər, təlqinlər insanları heyvan şəklinə salır.
Qərb cəmiyyətlərinin çoxunda insan bir heyvan formasında yaşayır, onda ümumiyyətlə insanlıq dəyərləri görünmür. Onu belə əsir edən nədir? Bəzən elə bu insan elmi, dünyəvi baxımdan zirvələrə ucalır. Amma siz həmin insanın dəyərsiz maddi meyllərin, zülmlərin, aşağılayıcı ayrıseçkiliklərin, təlqinlərin və xarlığın qulu olduğunu görürüsünüz. Bu, sözügedən “isr”lərdir. Bu, həmin zəncirlərdir.
Peyğəmbərlər cəmiyyətə daxil olduqda onların ilk işləri bu dustağın boynundan zəncirləri açmaq olur. Azadlıq budur. Deməli, azadlıq məsələsi Qurani-kərimdə, hədislərdə və İslam ədəbiyyatında bəyan olunub.
Maksimum son 200 ildə Qərb mətbuatında, ədəbiyyatında və düşüncəsində görünən azadlığın özü və bu uca məna Qurani-kərimdə var və heç şübhəsiz, Allah peyğəmbərlərinin çoxunun məktəbində də mövcud olub.
Quranda Əhzab surəsinin 60-cı ayəsində belə buyurulur: “Əgər münafiqlər, qəlblərində (ruhlarında) xəstəlik olanlar və (mürciflər, yəni) Mədinədə qəsdən yalan şayiələr yayanlar (bu əməllərinə) son qoymasalar, şübhəsiz ki, səni onların üstünə qaldırarıq”.
Burada “mürcif”lər münafiqlərin və qəlbixəstələrin yanında göstərilir. Münafiqlər bir qrupdurlar, qəlbixəstələr başqa bir qrup. Mürciflər onların yanında göstərilir. Mürciflər daimi olaraq xalqı qorxudanlardır. Yeni qurulmuş İslam cəmiyyətinin Quran könüllüsü, Peyğəmbər (s) könüllüsü olduğu kimi düşmənləri də var. Ölkəni və bu böyük xalq quruluşunu müdafiə etmək üçün ruhi cəhətdən hazırlıq lazımdır. Bu arada bir qrup insan xora kimi xalqın canına düşüb, ruhiyyələri zəiflədirlər. Bunlar mürciflərdirlər. Quran deyir ki, əgər bu mürciflər – yəni davamlı olaraq xalqı qorxudanlar, insanı ümidsiz edənlər, xalqı fəaliyyətdən saxlayanlar bu işlərindən əl çəkməsələr, səni onların canına salacağıq. Bu, azadlığın sərhədidir. Deməli, İslam məntiqində azadlığın başqa bir fərqi odur ki, mənəvi dəyərlərdən sərhədi var.
Daha bir fərqi budur ki, Qərb liberalizmi təfəkküründə azadlıq şəriət vəzifələrinə ziddir: Azadlıq, yəni şəriətdən azad olmaq. İslamda isə azadlıq, şəriət vəzifələri sikkəsinin o biri üzüdür. Ümumiyyətlə, insanlar mükəlləf, yəni şəriət hökmlərinə vəzifəli olduqları üçün azaddırlar. Əgər vəzifəli olmasaydılar, azadlığa lüzum yox idi, onlar da mələklər kimi olardılar. Mövləvi deyir:

Hədis var, hökm etmiş məcid Yaradan
Üç növ xəlq olunsun, biri də insan.
Ağlı var, elmi var, səxavəti var,
Bir səcdə halında mələklər olar.

Bəşərin xüsusiyyəti belədir ki, onda bir-birinə zidd duyğu və istəklər məcmusu var. O, bu müxtəlif istəklərin arasında təkamül yolunu seçməlidir. Ona azadlıq verilib ki, təkamül yolunu keçsin. Həmin azadlıq təkamül üçündür; necə ki, insan həyatının özü də təkamül üçündür: “Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım!”. (Quran, Zariyat, 56.) Allah cin və insanı çox uca məqam olan bəndəliyə çatmaq üçün yaradıb. Azadlıq da həyat haqqı kimidir: bəndəlik üçün müqəddimədir.
Qərbdə fərdi, ictimai, ilahi məsuliyyəti inkar etməkdə o qədər ifrata varıblar ki, təkcə dini təfəkkürü yox, hətta praktiki vəzifəyə, vacib və harama, olar və olmaza etiqadlı qeyri-dini təfəkkürlərin inkarına çalışmışlar. İndi bu amerikalı və amerikalıyabənzər liberalistlərin və onların peyğəmbərlik etdiyi insanların (onların ümmətləri başqa ölkələrdə, o cümlədən, təəssüf ki, bizim ölkəmizdə də var) son əsərlərində görünür ki, azad Qərb təfəkkürünün olar və olmaz prinsiplərinin ideoloji prinsiplərlə zidd olduğunu söyləyirlər. İslam qətiyyətlə bunun qarşısında dayanır. İslam azadlığı praktiki vəzifə ilə birgə tanıyır ki, insan bu azadlıqla vəzifələrini düzgün yerinə yetirə bilsin, böyük işlər görsün, böyük seçimlər etsin və təkamülə çata bilsin.
Buna əsasən, azadlıq məsələsi islami məsələdir. Onun barəsində islami yöndən düşünməli, hamılıqla onun nəticələrinə bir islami hərəkət və bir şəriət vəzifəsi kimi inanmalıyıq. Allahın lütfü ilə cəmiyyətdə olanların qədrini bilək və bu imkandan maksimum bəhrələnək. Fikir və düşüncə sahibləri çalışmalıdırlar. Əlbəttə, bəzi sözlər peşəkar formullarla ortaya qoyulur. Bunlar məktəblərdə, universitetlərdə, xüsusi mətbuatda və xüsusi çevrələrdə bəyan olunmalıdır. Bəzi sözlər isə, xeyr, hamıya aiddir. Bunlar da deyilməlidir ki, hamı istifadə etsin.

Ayətullah Seyid Əli Xamenei


6016 بازدید
در حال ارسال اطلاعات...
Go to TOP