Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Mart 2022

Dünya riyakarlıqdan əl çəkməli, ikili standartlara son qoymalıdır

1) Rusiya Ukraynanı işğal edib. Beynəlxalq hüquq pozulub. Suverinlik tapdanıb. Bunlar – birmənalıdır. Və bu, tez bir zamanda dayandırılmalıdır.

Bununla belə, bu da mütləq vurğulanmalıdır ki, baş verənlər – ABŞ və NATO-nun illərlə etdiklərinin, cızdıqları planların nəticəsidir. Ukraynanı Rusiyaya qarşı forposta çevirmək planı israrla davam etdirilir, proqram artıq qaynar fazaya daxil olmuşdur.

Eyni zamanda, Amerikanın illərlə həyata keçirdiyi “xaos nəzəriyyəsi” – dövlətləri işğal etmək, ölkələri parçalamaq, xalqları didərgin salmaq strategiyası, indi Rusiyanın estafeti qəbul etməsi ilə yeni dünya həndəsəsinə rəvac verir. Artıq güc siyasəti, dünya düzəninin norma kimi sırınan atributikasına çevrilir. Əfqanıstanda, İraqda, Yəməndə və bir çox digər coğrafiyalarda baş verən işğal siyasəti, artıq digər qütb tərəfindən bumeranq effekti ilə geri qaytarılır.
İşğal, beynəlxalq hüququ pozmaq, suverenliyi tapdamaq, birbaşa hərbi müdaxilə – bütün bunlar hər zaman gözəl səslənən şüarlarla həyata keçirilib, demokratiyanın ixracı, insan haqlarının müdafiəsi, insan həyatlarının xilası ilə pərdələnib.

İndi Rusiya özünü supergüc sanıb, analoji sxem üzrə hərəkət etməyi qərarlaşdırdı. Amma Qərb sərt formada reaksiya verərək, anlatmağa çalışır ki, bu davaranış üçün Rusiyaya kart-blanş verilməyib. Dünyada jandarmlıq missiyası üzrə indulgensiyanı Qərb yalnız özü üçün müəyyən edib. Latınca buna belə deyilir: "Quod licet Jovi, non licet bovi" - "Yupiterə icəzəli olan, öküzə icazəli deyil" – “bir nəfər, bir qrup nələrisə etməyə özünə icazə veribsə, bu, qətiyyən hamıya aid deyil” mənasındadır.
Yəməndə, Əfqanıstanda, İraqda, Fələstində yüzminlərin qətliamına göz yuman dünya, başlarına yağan bombalardan fəryad çəkən anaların, körpələrin səsini “eşitməyən” dünya, indi birdən-birə görən və eşidən oldu...

Bunlardan birini görüb, birini görməmək, birini qınayıb, birini qınamamaq olmaz.
Baş verənlər – birləşmiş qablar fenomenidir.
Dünya riyakarlıqdan əl çəkməli, ikili standartlara son qoymalıdır. Ukraynaya qarşı 5 gün davam edən təcavüz ərzində ən sərt qərarları ən operativ surətdə verən Qərb, onillərlə davam edən Qarabağ dərdinə, erməni terroruna, Fələstin fəlakətinə, Yəmən ahına, Əfqanıstan iniltisinə görə ağızucu quru bəyanlardan o yana keçmədi.
Belə isə, indi baş verənlərin səmimiliyinə kim inana bilər ki?!

2) Sovet dövrünü yaşamış, 20 yanvar, Xocalı faciəsini, illərin Qarabağ işğalını, günümüzdə "sülhməramlı missiyanı" görmüş insanlar kimi, baş verənlər bizlərdə ancaq və ancaq ürək ağrısını, acı nostalji hissləri və Vətənimizin gələcəyi üçün əsaslı narahat olma duyğularını yaradır.

3) Bəli, Rusiya Ukraynanın NATO-ya üzv olmayacağı, Şimali Atlantika hərbi alyansının düz Rusiyanın sərhədində yuva qurmayacağı barədə zəmanət istəyirdi.
Bu zamanəti ona vermədilər, Rusiyanın təhlükəsizlik narahatlıqlarını heçə saydılar, tələblərini qulaqardına vurdular.
Rusiya nə etdi? Qərbi cəzalandırdımı? Xeyr! Öz slavyan qardaşlarına qarşı qoşun yeritdi, raket zərbələri endirdi, güc göstərdi.
Heyhat!
Ukraynalılarda belə bir misal var: “Panlar (cənablar) dava edəndə, xolopların (rəiyyətin) başı güdaza gedir”. Bax, beləcə.

4) Hər kəs öz pəncərəsindən baxır. Ukraynanı Vətən bilən inanclının da duyğusu aydındır, keçən il Qüds əhalisinə divan tutulanda buna haqq qazandıran Zelenskiyə qarşı narazılıq hissini yaşadanların da.

5) Rusiya rəhbərliyinin istədiyi aydın. İqtisadiyyatın çökdüyü, çeşidli sosial problemlərin şiddətləndiyi, demoqrafik vəziyyətin günü-gündən pisləşdiyi bir fonda, Qərbə və onun vassallarına “dərs verməyi” hədəfləyən Rusiyanın geriyə yolu yoxdur. Ukraynadan müəyyən güzəştlər, neytrallıq statusu barədə zəmanətlər almadan, Krımın ilhaqının tanınmasına nail olmadan, Rusiya rəhbərliyinin qoşunları geri çəkmək şansı zəif görsənir – bu, siyasi intihara yaxın bir vəziyyət yaradardı.
Ukraynanın da vəziyyəti aydındır. Vaxtı yubatmaq, qoşunları yenidən qruplaşdırmaq, Qərbdən gələn silahlar vasitəsilə Rusiya kontingentinə dərin yaralar vurmaq və dünya ölkələrinin təzyiqləri sayəsində blokadaya düşmüş Rusiyanı qeyd-şərtsiz geri çəkilməyə məcbur etmək.
Qərbin istədiyi də bəllidir. Rusiyanı siyasi, iqtisadi, diplomatik blokadada saxlayaraq, tənəzzülə uğratmaq, onurğa sütununu qıraraq, dünya oyunçuları sırasından çıxarmaq. Nəhayətən, birqütblü dünya düzənini bərqərar etmək.
Beləcə planlar cızılır, strategiyalar və taktikalar işlənilir, gedişlər edilir. Amma hər şeyini əldən verən, qanı tökülən, həyatını itirən – həmişəki kimi, sadə insanlardır.
Bu mövzuların arxasında dünya güclərinin təkəbbürü dayanır. Təkəbbür olan yerdə isə rasionallığa, sağlam zəkaya az yer qalır. Hər şey, ambisiyaların toqquşması müstəvisində baş verir.

6) Dünya nə etməlidir?
Riyakarlığa, ikili standartlara rəvac veilrməməli, yalanın ayaq açmasına şərait yaradılmamalıdır, hər cür manipulyasiyaların hakim olmasına, haqla batilin yerinin dəyişdirilməsinə imkan verilməməlidir.
Bəşəriyyət Üçüncü Dünya müharibəsinin düz astanasınadək gəlib çatıb. Körpülər yandırılıb, insaniyyətin başının üstünü gerçək təhlükələr alıb.
Bir yüzillikdə 2 dəfə dünya müharibəsini yaşayan, onmilyonlarla insanı qurban gedən dünya, artıq eyni sxem üzrə həmin geopolitik tələlərə düşməməlidir. Vəziyyətlərə, proseslərə açıq gözlə baxmalı, aldadılmasına, istifadə edilməsinə, ucuz siyasətçilərin eyni cür şoularla milyardları çaşqınlığa salmasına imkan verməməlidir.
Nə etməli? İlk olaraq, düşünməli. Düşüncə, təhlil, agahlıq, emosiyaların ardınca getməmək – məsələnin ən azı yarısıdır.
Ey əziz Rəbbim! Bəşəriyyətin bu halı üçün çox narahatıq...
Bu nurani Məbəs gecəsində Öz lütfünü əsirgəmə!
Bəşəriyyəti müharibə bəlasından xilas et!
Vətənimizi bu təhlükələrdən hifz et!
Dünyanın fikir adamlarına və bəşər vicdanlarına zehin açıqlığı və toparlanma nəsib et!



1649 dəfə baxılıb
در حال ارسال اطلاعات...
Go to TOP