"Hacı Abgül Süleymanovun məhkəməsində iştirak etdim. Mən saat 11.00 bilirdim. Ancaq saat 12.00-da başladı. Proses hakim Camal Ramazanovun sədrliyində idi. Mən bu heyətin sədrliyində bir neçə dəfə prosesdə olmuşam. Bir dəfə də ədalət görməmişəm. Təbii ki, bu dəfə də elə olmalı idi və oldu da. Hakim ciddi-cəhdlə məsələni bitirmək və bağlamaq istəyirdi. Nəyin bahasına olursa-olsun, bu gün iş bitməli idi. Bitdi də. Ramazanov qərarı qüvvədə saxladı... Hacı Abgül 1 il Qobustanda, "krıtı"da qalacaq..."
Bu barədə "Xural" qəzetinin baş redaktoru Əvəz Zeynallı öz facebook səhifəsində yazıb. Əvəz Zeynallı bildirir ki, cəzaçəkmə müəssisəsinin təqdimatını vəkil Cavad Cavadovdan çıxışından öyrənib: "Hacı Abgül "zəif iradəli məhbusları" yoldan çıxarır, "dövlət və dövlətçilik əleyhinə çıxışlar" edir, "oğru qanunları" ilə hərəkət edr və s. və i. əməllərlə məşğul olurmuş. Uyduruq və əsassız ittihamlar... Hacı Abgül bir millətə, bir dövlətə nümunə olacaq adamlardandır, bir "zon" onunla yalnız fəxarət duya bilər.
İndi nüfuzlu dustaqların hamısı rəislərin gözündə "oğru"dur. Nüfuzlu dustaq hamıya təsir edə bilir, hamı onun sözünə hörmət edir - ona görə. Hacı Abgülü də ona görə "krıtı"ya göndərdilər. Nüfuzlu və hörmətli dustaq olduğuna görə...
Məhkəmədə yalnız Hacı Abgülün tərəfdarları vardı. Ancaq orada daha geniş arealın adamlarının nümayəndələri də olsaydı, yaxşı olardı. Hacı Abgül, Hacı Möhsün, Hacı Taleh kimi adamların dini mənsubiyyəti yoxdur, milli mənsubiyyəti var. Onlar bütün Azərbaycana lazımdırlar və siyasi və vicdan məhbusları kimi bütün ölkə vətəndaşları tərəfindən müdafiə olunmalıdırlar.
Mən Hacı Abgüllə Bakı İstintaq Təcridxanasının "boks"unda tanış olmuşam. Təpədən-dırnağa qədər iman adamıdır Hacı Abgül. Cəsarətlidir. İmanlıdır. Gələcəyə inamı var. Azərbaycanı canı kimi sevir. İslam uğrunda baş qoyar. İslam dininin indiki zamanında Hacı Abgül kimi adamlar Azərbaycanın milli maraqlarına lazımdır. Onlar içəridə deyil, çöldə olmalı və bu millətin mənəviyyatının inşa olunmasında milli görəvlərini icra etməlidirllər. Onların içəridə olması milli maraqlara xidmət etmir.
Fürsət oldu Hacı Abgüllə görüşdüm. Əhvalı çox yaxşı idi. Mübarizə bu tip adamlara çətin deyil. Əzab-əziyyət onları mətinləşdirir. Heç biri özlərini mübarək imamlarımızdan üstün hesab etmir. Hamısı zülmə məruz qalmayıblarmı? Kimdən - hansından artıqdırlar ki...
Və... fürsətdən istifədə edərək Hacı Abgüllə birlikdə, Hacı Möhsün Səmədovu və Hacı Talehi də xatırlayıram və onları salamlayıram. Azərbaycan bu insanları azadlıqda görəcək!
İnşallah, hamısı azadlıqlarına qovuşacaqlar!"/Faktxeber/