Şrift ölçüsü:
A+
A
A-
Kr
04 İyul 2015

İman payı olan seçilmişdir!

Ayətullah Hadəvi Tehraninin əxlaq dərslərindən
Ayətullah Hadəvi Tehrani deyir: “Zərəbə, zərəba ...” Dinin zahiri və müqəddiməsidir. Alim dinin mahiyyətini dərk etməlidir. Tələbələrə deyirəm ki, biz hövzədə cəhənnəmə od qazanırıq. Yəni hər gün öyrəndiklərimizə əməl etməsək, axirətdə əzabımızı artırmış oluruq.
Mehr İnformasiya Agentliyi Ayətullah Hadəvi Tehraninin əxlaq dərslərindən yazır. Ustad bu dərsdə ayə və rəvayətlər əsasında ilahi seçim mövzusu üzərində dayanır. Söhbətində dünya və axirət həyatına elm və əməl arasındakı rabitələrin təsirindən söz açır.
Ustad buyurur:
Allah-Taalanın Quranda toxunduğu mövzulardan biri ilahi seçim mövzusudur. Allah-Taala nəzərdə tutduğu işlərin həyata keçirilməsi üçün bəzi insanları seçir. Həcc surəsinin 75-ci ayəsində bu mövzuda söz açılır. Allah mələkələr arasından və xalq arasından elçilər seçir. Musanın (ə) əhvalatında nəql olunur ki, gecə və soyuq havada hərəkət etdiyi zaman bir yerə çatır və ona Allah tərəfindən seçildiyi bildirilir. Allah-Taala buyurur ki, Mən səni özüm üçün yaratdım. Aydın olur ki, Allah bəzi insanları seçir və bu təkcə peyğəmbərlərə aid deyil. Həcc surəsində də Allah-Taalanın möminlərə xitabında bu mövzu üzərində dayanılır. Oxuyuruq ki, sizi seçən Allahdır. Yəni kimin imandan payı varsa bu insan Allah tərəfindən seçilmişdir.
Quran təbirlərinə əsasən, vəhy müxtəlif mərtəbələri olan bir həqiqətdir. Onun ən aşağı mərtəbəsi cansız aləmə aiddir. Sonrakı mərtəbələrdə canlılar, məsələn arılar gəlir. Nəhayət, bu mərtəbələr insana çatır və peyğəmbərə vəhy göndərilir. Allahın bu seçiminin də mərtəbələri var. Hamını seçən Allahdır. Amma Musa (ə) bir cür seçilir, möminlər başqa cür. Seçimdə məqsədlər fərqlidir. Necə ki Allah Musaya (ə) onu Özü üçün xəlq etdiyi buyurur.
Belə bir şübhə yaranır ki, əgər hamını Allah seçibsə, demək, hamı Allahın istədiyi kimidir. Ümumiyyətlə, Allahın elmi insanın azadlığı ilə necə bir araya gəlir? Allah bilir ki, mən sonda cəhənnəmə gedəsiyəm. Hansı ki mənim öz istəyimlə cəhənnəmə getdiyim söylənilir. Bu şübhələr təkcə İslam fəlsəfəsinə, təlimlərinə aid deyil. Başqa dinlərdə də belə şübhələr var. Məsihilikdə belə şübhələrlə daha çox rastlaşmaq mümkündür. İnsan məsuliyyətdən boyun qaçırmaq, rahatçılıqla ürəyindən keçən işi görmək üçün deyir ki, hər şey Allahın əlindədir, mən kiməm! Əgər mən pisəmsə, yalan danışıramsa, riyakarlıq edirəmsə, bu Allahın istəyidir!! Bütün bu sözlər insanın məsuliyyətdən yaxa qurtarması üçün bəhanədir.
Şübhələri cavablandırarkən ilk sözümüz budur ki, bütün işlər Allahın işidir. Dünyada Allahdan xəbərsiz heç bir iş baş tutmur. Amma bu o deməkdir ki, Allah bizim əzabımızı artırmaq üçün pis əməllərimizə yol açır?! Əslində, Allah sadəcə hər şeyi bilir. Onun elmi əhatəsində olmayan bir şey yoxdur. Allah bilir ki, mən öz seçimimlə hansı addımı atacağam. Əgər biz Allahın baş verəcək işi bilməsini bir məcburiyyət kimi qəbul etsək bu artıq elm sayıla bilməz.
Allahın elmini öz işlərində məcburiyyət kimi dəyərləndirən şəxs əslində bu elmi cəhalət kimi qiymətləndirir. Həzrət Fatimeyi-Zəhranın (s) ziyarətində ona müraciətlə oxuyuruq ki, Allah səni yaratmamışdan öncə imtahana çəkdi, səbirli olduğunu gördü. Bu mənanı dərk etmək asan deyil. Allah bizi seçir, bizim tutumumuzu görür. Bizim tutumumuz seçimə səbəb olur. Amma heç bir halda bu seçim bizim azadlığımızı əlimizdən almır. Hətta üluləzm peyğəmbərlər öz seçimlərində məcbur deyillər.
Taha surəsində Həzrət Musanın (ə) əhvalatı nəql olunarkən insanın məsuliyyət daşıdığı xatırladılır. Buyurulur ki, bu əmri bir vəzifə olaraq yerinə yetirin. Əmr və qadağa varsa, demək insan azaddır. Biz bir məqam üçün seçilmişik. İxtiyar isə öz əlimizdədir. Əgər öz azadlıq və təlaşımızla həmin məqama çata bilsək deyə bilərik ki, bu yüksəliş Allahdandır. Amma biz heç bir iş görmədən fəaliyyətsiz otursaq, bu o demək deyil ki, Allah bizi cəhənnəmə aparmaq istəyir. Seçim aparan, fəaliyyət yolu seçən mən özüməm. Tutumuma görə mənim üçün vəzifə təyin olunub və həmin vəzifəni yerinə yetirib-yetirməmək öz öhdəmdədir.
İnsanın bəsirəti olmayanda özünü, imkanlarını, məharətlərini görə bilmir. İnsanın bəsirəti gücləndikcə özü ilə daha artıq tanış olur. Biz adətən ixtiyarımıza verilmiş imkanlardan lazımınca faydalanmırıq. Gözümüzü açandan Quran görmüşük, evimizdə, kitabxanamızda Quran olub. Hətta cibimizdə Quran gəzdirmişik. Bununla belə deyə bilmirik ki, biz Quranlayıq. Biz Quranın cildi, vərəqləri, yazıları ilə birlikdəyik, həqiqəti ilə yox.
İnsan istənilən bir kitabı əlinə alanda, kitabaxanasında saxlayanda bu kitabla olur. Dua kitabı olsun, fiqh kitabı olsun, başqa bir kitab olsun, fərq etməz. Düşünməyək ki, Quranı ələ almazdan qabaq dəstəmaz almaq, dəstəmazlı əllərlə ayələrə toxunmaq bəs edir. Bütün fiziki hadisələr yalnız işin zahiridir. Quranla əsl rabitə mahiyyət rabitəsi olmalıdır. Bizim Quranla rabitəmiz bir növ Quran oxuya bilməyənlərin Quranla rabitəsi kimidir. Quranı oxuya bilənlərin də bir hissəsi onu anlamır. Amma ruhanilər, tələbələr onun mənasını başa düşürlər. Mənasını başa düşmək artıq rabitənin fərqli bir növüdür. Bu sadəcə mənalara açılan bir qapıdır. Nə qədər ki mahiyyətə varmamışıq Quranla həqiqi rabitəmiz yoxdur. Biz Qurandan təcrid olunmuşuq. Neçə illərdir hövzədə oxuyur, tədrislə məşğul oluruq. Amma hələ də Quran kimi bir mənəviyyat çeşməsindən sirab olmamışıq.
Dəfələrlə təkrarlamışam ki, qədrimizi bilək. Bu Quranın tapşırığıdır. Rəvayət deyil ki, mötəbər olub-olmadığını araşdıraq. Belə sözlər Qurana aid deyil. Quran Həzrət Peyğəmbərə (s) vəhylərdən ibarətdir. Bütün sözləri Allahdandır. Bəziləri Quranı Peyğəmbərin (s) sözü hesab edir. Bizim əqidəmiz belə deyil. Quran Allah buyuruqlarıdır. Allah-Taala buyurur ki, peyğəmbərlərin möminlərlə fərqi necəsə möminlərin də qeyri-möminlərlə fərqi elədir. Möminlərin öz arasında alimlərin alim olmayanlarla da fərqi var.
Qeyd etdim ki, “zərəbə, zərəba ...” deməklə insan alim olmur. Bütün bunlar dini elmlərdə bir müqəddimə sayıla bilər. Əlbəttə ki, bu müqəddimənin ardınca məna sorağına gedənlər məqsədə yaxınlaşır. Məna əhli olan bir ruhani vardı. Biz Rəsail oxuyanda sinifdə iştirak edirdi. Deyirdilər ki, o həcdə olanda İmam Zamanla (əc) görüşür. Bu şəxs Ayətullah Bəhauddini ilə görüşəndə biz orada idik. Demək olar ki, yaşıd idilər. Onlar yanaşı əyləşəndə belə təsəvvür yaranırdı ki, bu şəxs ustaddır və kənarında əyləşən onun şagirdidir. Ayətullah Bəhauddini böyük elm sahibi, müctəhid idi. Ayə və rəvayətləri gözəl anlayırdı. Bununla belə, bütün bunlar zahiri idi. Belə zahiri elmləri tədris edirdi. İnsan bu elmlərlə nəinki bir məqama çatmır, hətta bu elmlər onu yolundan azdıra bilər. Mərhum Behcət buyururdu ki, bir filosof ona yaxınlaşıb, Allaha münasibətdə şəkkə düşdüyünü deyib. Mərhum Behcətdən xahiş edib ki, onunla söhbət edib şəkk-şübhəsini aradan qaldırsın. Amma həmin şəxs mərhum Behcətlə söhbətə imkan tapa bilmir və dünyasını dəyişir. Cənab Behcət buyurur ki, bu filosofun dünyadan mömin ya kafir getdiyini bilmədim. Biz zahiri elmə dərindən yiyələnmiş insanların şəkk-şübhəyə düşdüyünü, yolundan azdığını kifayət qədər görümüşük. Yolunu azmış alimlərin böyük bir hissəsi zahiri elmlərə dərindən sahib olub. Bir cənab deyirdi ki, ya ziyalı olmaq lazımdır, ya da dindar, mən ziyalı oldum! Bəli, zahiri elmlər hələ qurtuluş deyil. Cənab Bəhauddini buyururdu: İmam Sadiq (ə) Əbu Hənifəyə müraciətlə buyurdu: “Sən Qurandan bir söz də anlamırsan!” İndi özünüzü düşünün ki, Əbu Hənifə zahiri elmlərə hansı həddə yiyələnmişdi. O Quranı bizim qədər dərk etmirdi?! Şübhəsiz ki, bizdən yaxşı anlayırdı. Çünki imamlarla bir dövrdə yaşamışdı. Bu gün bizim üçün sual yaradan mövzuların cavabını tapmaq onun üçün çox asan idi. Sünnə əhli alimləri arasında Əbu Hənifə kimi əzəmətlisi yoxdur. Şafei, Malik, Hənbəl Əbu Hənifə ilə müqayisədə fiqhdə çox aşağıdır. Əbu Hənifə sünnə əhli arasında bütün alimlərdən üstündür. Özü deyib ki, mən İmam Sadiqin (ə) şagirdiyəm. Əqidə baxımından zeydi şiəsi olub. Bu gün də dünyada sünnə əhlinin çoxu hənəfidir. Görün belə bir elmi məqama malik olan şəxsə İmam Sadiq (ə) nə deyir! Buyurur ki, sən Qurandan bir söz də anlamamısan. Əgər o anlamayıbsa, biz nə anlamışıq?! Mən hələ də nəsə bildiyimi dilə gətirə bilmirəm. Bilmirəm Quranla necə rabitə yaradım. Bu kitabın həqiqətləri ilə necə tanış olum?
Allah-Taala siz ruhanilər, tələbələri seçib. Ailələrinizə nəzər salın. O zaman yaxşı başa düşəcəksiniz ki, sizə necə böyük nemət verilib. Bu nemətin qədrini bilin. Ən kiçik vəzifəmiz bu nemətə görə şükür etməkdir. Bizə verilən nemətdən düzgün istifadə edək. Namaz qıldığımız, ibadət etdiyimiz, xeyir iş gördüyümüz üçün qürrələnməyək. Allah-Taala Quranda qurtuluş barədə danışarkən adətən “olsun ki qurtuldunuz” buyurur. Yəni qurtuluşunuz qəti deyil. İnsan təkbaşına heç bir məqama çata bilməz. Əgər insan Allaha yaxınlaşmaq ləyaqəti qazansa həmin andan yollar hamarlanar. İlk addımı atmağın çətinliyi var. Allahın hidayətindən, doğru yola çağırışindan, tərbiyələndirməsindən böyük nemət yoxdur.
Bəziləri deyir dünyada ən böyük nemət sağlamlıqdır. Bəli, sağlamlıq yaxşıdır. Amma hidayətlə müqayisədə sağlamlığın heç bir dəyəri yoxdur. Tam sağlam olub 2 min il yaşasaq da bu xoşbəxtlik sayıla bilməz. Əsas məsələ insanın aqibətidir. Bu 2 min illik sağlam həyatdan sonra sən hara gedəcəksən? Biri 50 il yaşayır cənnətə gedir, başqası 100 il yaşayır cəhənnəmə gedir. Burada yaşın nə əhəmiyyəti? Yaş artdıqca həqiqəti tapmamış insanın əzabı da artır. İnsan bir zaman arzulayır ki, kaş tez dünyanı dəyişəydim, amma behiştə gedəydim. Əlbəttə ki, uzun ömür də bir nemətdir. Amma bu ömrün necə yaşanması mühümdür. Həmin ömür insan üçün bədbəxtlik də sayıla bilər. Aləmlərə rəhmət göndərilmiş Həzrət Peyğəmbər (s) qəməri təqvimlə 63 , şəmsi təqvimlə 60 il yaşadı. Həzrət Nuh (ə) təkcə 900 ildən artıq peyğəmbərlik etdi. Həzrət Nuh (ə) böyük şəxsiyyətə malik olsa da onu aləmlərə rəhmət peyğəmbərlə bir saymaq olmaz. Bəli, ömrün uzunluğu mühüm deyil. Mühüm olan insanın hidayəti, doğru yola yönəlməsidir. Əgər bu gün bu məclisdə deyilənlərə əməl etməsək, mən öz dediyim sözlərə əməl etməsəm, süquta uğramağımız qaçılmazdır. Elə buna görə də alimin bir günahı bağışlanınca cahlin 70 günahı bağışlanar. Əlbəttə ki, burada 70 700 də ola bilər, 7 min də ola bilər. Bəli, tələbələrə deyirik ki, hövzədə əzab yığırıq. Burada öyrəndiyimiz hər sözə əməl etməsək əzabımızı artırmış oluruq.
Sizə üz tutub deyirəm ki, əgər məni dediyim sözlərin əhli, sözümə əməl edən bir adam kimi görmürsünüzsə, elə indicə ayağa qalxıb gedin. Əgər utanırsınızsa, dərsdən sonra gedərsiniz və bir də qayıtmazsınız. Çünki aşağı imanla yaxşı mühəndis ya həkim ola bilərsiniz, ruhani ola bilməzsiniz. Aşağı imanla tələbəlik insanı əzaba aparır. Əgər bir mühəndis təkcə xalqın malına xor baxmasa onu yaxşı adam saymaq olar. Pul qazanar, varlanar, böyük ev tikər, bahalı maşın alar və sonda behiştə də gedə bilər. Tələbə isə zəif imanla məqama çata bilməz. Cənab Xoşvəqt buyurdu ki, bəzilərini behiştin ecazkar yerinə apararlar. Orada həzz alarlar. Bəzilərini daha yüksək məqama qaldırarlar. Bəli, məqamlar fərqlidir.

Vilayet.nur-az.com


6683 بازدید
در حال ارسال اطلاعات...