Doktor Cavad Süleymani ilə söhbət
Həzrət Əlinin (ə) əsas fəaliyyət istiqamətlərindən biri cəmiyyətdə ictimai ədaləti bərpa etmək üçün iqtisadi fəsadlarla mübarizə olub. Cənab Rəhbərin buyurduğu kimi, iqtisadi fəsadla mübarizə, maliyyə işləri və beytül-mala münasibətdə özbaşnalığa etiraz Əmirəlmömininin (ə) proqramında ilk məsələlərdən idi. Cənab Rəhbər belə bir xətti İslam Cümhuriyyəti məsulları üçün əməli nümunə kimi dəyərləndirir. İqtisadi fəsad və maliyyə xarakterli cinayətlərlə mübarizə çətinliklərlə müşayiət olunur. Əmirəlmömininə (ə) qarşı müxalifətin də bir səbəbi onun iqtisadi fəsada qarşı olması idi. İmam Xomeyni (r) adına Təhsil və Araşdırma İnistitutunun elmi şura üzvü doktor Cavad Süleymani Əmiri mövzu ilə bağlı sualları cavablandırıb. Doktor Süleymaninin İslam tarixi mövzusunda kitabları çoxdur. “Xüsusi Sınaq” kitabı da həmin kitablardandır. Həmin kitabda Əmirəlmömininin (ə) hakimiyyəti dövründə böhranların səbəbləri araşdırılır.
Sual: Əmirəlmöminin (ə) müəyyən əsaslarla özünü müqəddəs sayan, imtiyaz sahibi bilən və beytül-maldan pay istəyənlərlə necə rəftar edir? Həzrət (ə) belələrinə qarşı hansısa güzəştə gedirmi?
Cavab: Sualı cavablandırmaq üçün öncə müqəddiməyə ehtiyac var. Müsəlmanların, İslam hökumətinin gəliri nədən ibarət idi? Bu gəlir necə bölünürdü, iqtisadiyyatda nizamsızlıq necə ortaya çıxmışdı? Xülasə şəkildə deyə bilərik ki, İslam fəthlərindən gələn gəlir cizyə, xərac, qənimətlərin xümsündən ibarət idi. Bütün bunlar müsəlmanların beytül-malına qatılırdı. Fəth olunmuş yerdəki kafirlər cizyə ödəyirdilər. Müsəlmanlar hərbi yolla fəth etdiyi torpaqlardan xərac alırdı. Bu torpaqlarda əkinlə məşğul olanlar xərac adı altında İslam hökumətinə vergi ödəyirdilər. Müsəlmanlar hərbi yolla bir şəhər və ya məntəqəni ələ keçirəndə qənimətə görə xüms alınırdı. Sonra qənimətin beşdə dördü döyüşçülər arasında bölünürdü. Beşdə biri isə beytül-mala qatılırdı.
Beləcə, İslam hökumətinin üç növ gəliri vardı. Bu gəlir Həzrət Peyğəmbərin (s) dövründə müsəlmanlar arasında bərabər bölünürdü. Birinci xəlifənin dövründə bu üsul davam etdirildi. İkinci xəlifənin dövründə, hicrətin 15-ci ili (bəzi tarixçilər 17-ci ili qeyd edir) qayda dəyişdi, ödənclərdə fərq yarandı. Məsələn, mühacirlərin hüququ ənsardan, İslam başlanğıcında vuruşanların hüququ başqalarından, Məkkənin fəthindən öncə iman gətirənlərin hüququ digərlərindən artıq idi. Bundan əlavə, Qüreyş kimi məşhur nəsildən olanların beytül-maldan payı o birilərdən artıq olurdu. Beləcə, ikinci xəlifənin dövründə cəmiyyətdə təbəqələr arasında fərq yaranmağa başladı. Eləcə də hökumət məmurları özləri üçün xüsusi imtiyaz nəzərdə tuturdu və sərvət toplayırdı. İkinci xəlifə şübhələndi ki, bu adamlar şəxsi fəaliyyətlə pul qazanır, yoxsa beytül-maldan istifadə edir? Bundan sonra məsuliyyətləri başa çatanda onların sərvətini geri alırdı.
Üçüncü xəlifənin dövründə əvvəlki qaydanın davam etməsi ilə yanaşı yeni imtiyazlar yarandı. Üçüncü xəlifə Bəni-Üməyyə ailəsinə başqalarından artıq pay verirdi. O, Mərakeş qənimətindən gələn xümsü bütünlüklə Abdullah ibn Səd ibn Əbi Sərh və Mərvan ibn Həkəmə verdi. İşinin əvvəlində Təlhə və Zübeyrə xüsusi hədiyyələr bağışladı. Üç xəlifədən sonra Əmirəlmöminin (ə) hakimiyyətə gəldi. Bu dövrdə artıq bəziləri qeyi-qanuni yolla sərvət sahibi olmuşdu. Bir qrup adam beytül-maldan artıq pay almağa adət etmişdi. Əmirəlmöminin (ə) yaranmış iqtisadi böhran vəziyyətində fəsada qarşı dayandı. Əvvəlcə elan etdi ki, beytül-mal müsəlmanlar arasında bərabər bölünəcək. Hətta Osmanın imtiyaz olaraq bağışladığı mallar geri istənildi. Elə bu zaman iqtisadi fəsada məşğul olanlar baş qaldırdı. Onların əksəri əməvi ailəsindən idi. Elə ilk günlərdən müzakirəyə başladılar. Mərvan ibn Həkəm, Əqəbə ibn Əbu Müit, Səid ibn As Həzrətin (ə) xidmətinə gəldilər. Dedilər ki, bu günə qədər beytül-maldan aldıqlarını qaytarmayacaqlar. Bundan sonra da həmin qaydada beytül-maldan pay istədilər. Həzrət buyurdu ki, aldığınız mal haqqınız olmayıbsa, zaman ötməsi ilə vəziyyət dəyişmir. Buyurdu ki, bu sərvət geri qaytarılmasa cəmiyyətdə mənfi təsiri yaşayacaq. Həzrət buyurdu ki, bu pullarla mehriyyə versəniz belə onu beytül-mala qaytaracağam. Gəlirin bərabər bölünməsi ilə bağlı buyurdu ki, Qurana baxın, heç bir yerdə İsmail övladları ilə İshaq övladları arasında fərq qoyumlayıb. Həzrət ərəb və əcəm arasında fərqi qəbul etmədi. Dedi ki, Qüreyş, ənsar və mühacirin başqalarından üstün olması iddiası məqbul deyil.
Elə bu hadisələrdən sonra etirazlar başladı. İqtisadi fəsad törədənlər Əmirəlmöminindən (ə) mənfi cavab aldıqdan sonra başqa növ müzakirələrə başladılar. Təlhə və Zübeyr meydana gəldi. Dedilər ki, biz Peyğəmbərə (s) daha yaxın olmuşuq, nə üçün başqaları ilə bir tutulmalıyıq?! Həzrət onların cavabında buyurdu ki, mən Peyğəmbərə (s) sizdən də yaxın olmuşam, amma beytül-maldan payım başqalarından çox deyil. İkinci xəlifənin beytül-malı bərabər bölmədiyini dedilər. Həzrət cavab verdi ki, Peyğəmbərin (s) sünnəsi ikinci xəlifənin sünnəsindən önəmlidir. Bundan sonra xüsusi imtiyaz umacağında olanlar Həzrətə (ə) məktub verib, həmin payı istədilər. Həzrət (ə) buyurdu ki, mən öz payımdan verə bilərəm, amma beytül-maldan verilməsi mümkün deyil. Beləcə, bu məsələlər bir çoxlarının Əmirəlmöminin (ə) hökumətinə qarşı çıxmasına səbəb oldu.
Sual: Cənab Rəhbər Ayətullah Xamenei Peyğəmbər (s) sünnəsinin Əli (ə) tərəfindən bərpa olunmasının üç müharibə ilə sonuclandığını buyurur. Bu müharibələrdən hansı daha çox, iqtisadi fəsada gedərənlərə qarşı idi?
Cavab: Cəməl müharibəsinin səbəblərindən biri iqtisadi məsələlər idi. Təlhə və Zübeyr beytül-maldan üç dirhəmlik paya etiraz etdi, Həzrət (ə) də onların cavabını verdi. Tədricən Həzrətdən (ə) uzaqlaşdılar. Bundan əlavə Həzrətdən (ə) xüsusi məqam istəyirdilər. Həzrət (ə) onların beytül-mala biganəliyini görüb məqam verməkdən də imtina etdi. Onlar həcc bəhanəsi ilə xilafət məhəllini tərk etdilər, Bəsrəyə getdilər.
Bu arada beytül-maldan əli çıxanların əksəri Təlhə və Zübeyrə qoşuldu. Osmanın da dövründə demək olar ki, bütün beytül-mal və hakimiyyət onların əlində idi. Həzrət (ə) onları bu məqamdan uzaqlaşdırandan sonra müxalifət göstərdilər. Yəli ibn Münyə dedi ki, Cəməl savaşının bütün xərclərini ödəyirik. İki cərəyan Bəsrədə birləşdi, Bəsrənin beytül-malına baxıb dedilər ki, bu Allah Rəsulunun (s) bizə vədidir. Həzrət Peyğəmbər (s) bir zaman müsəlmanlara xitabən buyurmuşdu ki, siz gün gələr sultanların sərmayəsini əldə edərsiniz. Amma Həzrətin (ə) buyuruğu bu adamlara aid deyildi. Çünki beytül-malın bölünməsinin xüsusi qaydası var. Bu adamlar Bəsrə beytül-malını görəndə başlarını itirdilər, şadlıq keçirdilər. Bir şəxs Həzrət Əlinin (ə) Bəsrə beytül-malını görəndə dediyi sözləri yada salır: “Ey simuzər, ey qızıl-gümüş! Məni yox, başqalarını aldadın!”
Maraqlıdır ki, iqtisadi fəsad törədənlərdən olan Təlhə və Zübeyr özləri üçün başqa bir bəhanə hazırladılar. Dedilər ki, Osmanın intiqamını almaq istəyirlər. Əmirəlmöminin (ə) buyurdu ki, onlar öz axıtdıqları qanın bahasını məndən istəyirlər. Maraqlıdır ki, Zübeyr savaş meydanından qaçandan sonra Təlhəni Mərvan qətlə yetirdi. Aydın olur ki, var-dövlət ardınca olanlar son anda bir-birilərini qətlə yetirirdilər. Onlar özlərinə də rəhm etmirdilər. Növbəti fitnə Siffeyn savaşı oldu.
Sual: Yəni Siffeyn savaşını törədənlər də iqtisadi fitnə yaradanlar idi?
Cavab: Bu savaşda da onların rolu var idi. Çünki Müaviyənin beytül-mal üzərində ciddi bir nəzarəti vardı. Əmirəlmöminin (ə) onu işdən rəsmən uzaqlaşdırdısa da, o bunu qəbul etmədi. Bundan əlavə, Üqbə ibn Əbu Müit, Mərvan Əmirəlmömininlə (ə) müzakirələrdə istəklərinə çatmayıb Müaviyəyə qoşuldular. Onların da bəhanəsi bu oldu ki, Əli (ə) və onun səhabələri Osmanın qətlində iştirak edib.
Bu tarixi bir təcrübədir ki, səhabələrin yoldan çıxmasının əsas səbəbi onların dünya malına üz tutması idi. Əbdürrəhman ibn Əvf böyük sərvət sahibi idi. Ondan cihada nə üçün gəlmədiyini soruşan mücahidə dedi: “Peyğəmbərin (s) dövründə çətinliklərdə imtahan vermişik, səbr etmişik, Peyğəmbərdən (s) sonra rahatçılıqda sınağa çəkildik və səbr əlimizdən çıxdı.” Bu barədə Peyğəmbər (s) özü də onlara xəbərdarlıq etmişdi. Səhabələrə buyurmuşdu ki, sizin çətinliklərdə sınağınızdan daha çox rahatçılıqda sınağınızdan qorxuram. Rahatçılığın insanı daha çox azdırması aydın məsələlərdəndir. Buna görə də Peyğəmbərdən (s) sonra haqq cəbhəsində olmuş insanların bir çoxunun yolunu azdığını görürük.
Sual: Həzrət Əlinin (ə) hakimiyyətə gələndən sonra ilk xütbəsində hüquqların geri qaytarılmasından söz açılır. Əmirəlmöminin (ə) hadisələrdən təcrid olunduğu bir zaman çoxları böyük var-dövlət toplamışdı. İndi Həzrət (ə) qəsb olunmuş malların geri qaytarılmasını istəyirdi. Doğrudanmı bu iş daha önəmli idi?
Cavab: Həzrət Əli (ə) hakimiyyətə gələndən sonra 32 bidət sadalayır. Onların bir hissəsi ibadidir, bəziləri Peyğəmbər (s) sünnəsinə aiddir. Amma Həzrət (ə) üç məsələ üzərində dayanır. Elə buna görə də Həzrətin (ə) hakimiyyəti uzun sürmür. Bunlardan biri iqtisadiyyatda ədalət, o biri ilahi hədlərin icrası, üçüncüsü biganələrin işdən uzaqlaşdırılması idi.
Həzrət (ə) iki yolla iqtisadi ədaləti bərpa etmək istədi. Birincisi beytül-malın bərabər bölünməsi, ikincisi qəsb olunmuş malların geri qaytarılması idi. Bu iki istiqamətdə hərəkət Həzrətin (ə) müxaliflərini artırdı. Həzrət (ə) onlara qarşı müqavimət göstərdi, beləcə müharibə alovu qızışdı. Amma Əmirəlmöminin (ə) mövqeyini dəyişmədi.
Həzrət Əli (ə) iqtisadi ədaləti iki üsulla həyata keçirmək istədi. Təbii ki, beytül-malın bərabər paylanması həyata keçmədən ədalət yarana bilməzdi. İkinci məsələ bəziləri üçün nəzərdə tutulmuş imtiyazların ləğvi idi.
Mühüm məsələlərdən biri də budur ki, Həzrət (ə) bu fəaliyyətlərində işləri sıralamışdı. Elə bir iş görmüşdü ki, iqtisadi nizam üçün təhlükə yaranmasın. Harada böyük təhlükə ehtimalı olurdusa, Həzrət (ə) susurdu. Məsələn Siffeyn savaşında səhabələrdən bir qismi tələb etdi ki, düşmənlə atəşkəs elan olunsun və müzakirələrə başlanılsın. Həzrət (ə) müharibəni dayandırdı. O görürdü ki, bu işi görməsə, qoşun dağılacaq və Müaviyə vəziyyətə nəzarəti ələ alacaq. Bu halda Siffeyn savaşını davam etdirməyi məsləhət bilmədi. Burada müharibəni dayandırmasaydı hicri 37-ci ildə hökumət dağılardı. Amma Həzrət (ə) işi əhəmiyyətinə görə sıraladığı üçün hakimiyyət üçün təhlükə yaranmasına imkan vermədi. Beləcə, deyə bilərik ki, Həzrətin (ə) iqtisadi fəsadla mübarizəsi məntiqi və əqli idi.
Sual: Həzrət Peyğəmbərin (s) yaşadığı dövrdəki cəmiyyətlə Həzrət Əlinin (ə) yaşadığı dövrdəki cəmiyyət arasında nə fərq var idi? Şəraitlər arasındakı fərq ədalətin bərpası üçün hansı maneələr yaradırdı?
Cavab: Şəraitlər arasında bir sıra fərqlər var idi. Əvvəla, Peyğəmbərin (s) dövründə küfr aşkar idi. Əmirəlmömininin (ə) dövründə isə küfr pərdələnmişdi. Əmirəlmömininin (ə) dövründə nifaq bayraq qaldırmışdı. Onun dövründə azğınlığa meyl güclənmişdi. İnsanlar daha çox dünyaya tərəf getmişdi. Axirət ikinci plana keçmişdi. İmam Həsən Müctəba (ə) sülhü qəbul edəndə buyurmuşdu ki, siz dünyanı axirətdən üstün tutdunuz.
İslam Peyğəmbəri (s) Həzrət Əli (ə) və Əmmarın dilə gətirdiyi məsələ elə budur. Peyğəmbərin (s) dövrü tənzil, Əlinin (ə) dövrü təvil dövrü idi. Həzrət Peyğəmbər (s) öncədən bilirdi ki, həmin dövrdə Həzrət Əli (ə) şəhadətə çatacaq. Çünki o dövrdə möminlərin qəlbində azğınlıq hissi güclənəcək, şübhələr artacaq, İslam maarifi yanlış təfsir, təvil ediləcək.
Həzrət Əlinin (ə) dövrü bir sıra cəhətlərdən fərqli idi. Əmirəlmömininin (ə) dövründə müsəlmanlar süstləşmişdilər, onları qılınc yox, sözlə doğru yola gətirmək lazım idi. Digər tərəfdən yolunu azanları qruplara bölmək lazım idi. Həzrət Əli (ə) buyururdu ki, Bəni-Üməyyə ilə, Nakisin və Xəvaric arasında fərq qoyur. Beləcə, xəvariclə müdara edirdi. Onun xəvariclə müdarası Bəni-Üməyyə ilə müdarasından çox idi. Bu nöqtələri anlamaq üçün bəsirətə ehtiyac var. Çoxlarında belə bəsirət yox idi. İslamda ikinci-üçüncü nəsil meydana gəlmişdi, onları azğınlıqdan qorumaq lazım idi. Digər tərəfdən İslam hökumətinə kömək edəcək nüfuzlu adamlar azalmışdı. Siffeyn döyüşündə səhabələr qarşısında çıxış edən Əmirəlmöminin (ə) səhabələrin sayı ilə bağlı öz mövqeyini sübuta yetirmək istəyirdi. Bunu ravi nəql edir. Peyğəmbər (s) inqilabının ikinci və üçüncü nəsli Həzrət Əlini (ə) tanımırdı. Tanınmış səhabələr Həzrəti (ə) tanıtdıra bilərdi. Amma belə bir məqamda Səd ibn Əbu Vəqqas, Üsamə ibn Zeyd, Zeyd ibn Sabit, Həssan ibn Sabit kimi şəxslər susdu, onların sükutu Həzrətin (ə) tənha qalması ilə nəticələndi.
Bundan əlavə Etizal adlanan bir cərəyan ortaya çıxdı. Dedilər ki, ələvi cərəyanı ifratçı cərəyandır. Müaviyənin də tutduğu yolu batil saydılar. Dedilər ki, biz orta yolu gedirik. Bu cərəyan sonradan çoxlu tərəfdar topladı. Əmirəlmömininin (ə) dövründə ən çox tərəfdar toplayan Etizal cərəyanı idi. Əbu Musa Əşəri, Səd ibn Əbu Vəqqas bu cərəyana başçılıq edirdilər. Bu dövrdə dünyaya rəğbətin artması, o cümlədən İslam maarifinin yanlış təfsir və təvili ilə üzləşirik. Təbii ki, bu cərəyanlar Peyğəmbərin (s) də dövründə var idi. Amma Peyğəmbərin (s) dövründə tabe olmayanlara qarşı qılınc işlətmək mümkün idi. Əmirəlmömininin (ə) dövründə isə qılınc son seçim idi. Cəmiyyəti bəsirət, sözlə islah etmək lazım gəlirdi. Əmirəlmöminin (ə) yanlız son məqamda qılınca əl apardı. Hətta əlinə qılınc aldığı zaman qarşı tərəfə müraciət edir, onları doğru yola çağırır, eyni zamanda döyüşə düşmənin başlamasını gözləyirdi. Çünki müsəlmanlarla savaş qardaş qırğını kimi idi. Əgər bir İslam hakimi onun tabeçiliyi altında yaşayan insanı öldürərdisə müstəbid kimi tanınardı. Digər tərəfdən bu insanların xəstəliyi kafirlərin xəstəliyindən fərqli idi. Onlara ayrıca bir dərman tapmaq lazım idi. Tərbiyə vasitəsi tənbeh vasitəsindən daha münasib idi.
Əmirəlmöminin (ə) işin başlanğıcında, Təlhə və Zübeyr onun hüzurundan çıxandan sonra onları həbs edə bilərdi. Amma bu zaman onu dəlil olmadan addım atdığına görə qınayardılar. Təlhə və Zübeyri bir büdrəməyə görə tənbeh etmək çətin idi. Cəməl savaşında Əmirəlmöminin (ə) Zübeyrə müraciətlə buyurdu ki, Peyğəmbərin (s) bir gün mənim qarşımda dayanacağın ilə bağlı xəbərdarlığını xatırlayırsan? Zübeyr bu sözü eşidəndən sonra savaş meydanını tərk etdi. Zübeyr qətlə yetiriləndən sonra onun qılıncını Həzrət Əliyə (ə) təqdim etdilər. Həzrət (ə) buyurdu ki, bu həmin qılıncdır ki, dəfələrlə Allah Rəsulunun (s) qəlbindən qəm-qüssəni aparıb. Amma heyif ki, işin sonu belə oldu. Sonra Zübeyrin başına baxıb buyurdu ki, bu baş havalanmışdı! Sonra Zübeyrin qatilini əzabla müjdələdi. Bu şəxs sonradan xəvaricə qoşuldu.
Təvil (yanlış təfsir) dövründə üç mövzuya diqqət yetirmək lazım gəlir: Vilayətə bağlılıq, xalqa sədaqət, Allah qarşısında ixlas.
Sual: Fəsadla mübarizə üsullarından biri layiqli şəxsləri işə götürməkdir. Həzrət Əli (ə) bu sahədə nə etdi?
Cavab: Həzrətin (ə) fəaliyyətlərinə nəzər saldıqda görürük ki, o məsuliyyətli, bacarıqlı insanların işə götürülməsinə diqqətli olub. Bir insan məsuliyyətli olduğu zaman lazımi təcrübəyə malik olmadıqda Həzrət (ə) onu işə götürmək fikrindən daşınıb. Eyni zamanda bacarığı olan şəxsin məsuliyyəti olmayanda bu adama iş verməyib.
Əmirəlmöminin (ə) Misir hakimiyyətinə Qeys ibn Səd ibn İbadə və Malik Əştəri Məhəmməd ibn Əbu Bəkrdən daha münasib sayırdı. Amma həmin zaman Malik Əştər işə məşğul idi. Bu məqsədlə Əmirəlmöminin (ə) Qeysi göndərdi. Bu məqsədlə Əmirəlmöminin (ə) Qeysi göndərdi. Sonradan Həzrətə (ə) məlumat verdilər ki, Qeys bir o qədər də vilayətçi deyil. Hamıdan beyət almır. Amma Həzrət (ə) buyurdu ki, Qeysin lazımi bacarığı var və bu sahədə ona irad yoxdur. Bununla belə ətrafdakıların təkidi ilə Qeys işdən uzaqlaşdırıldı. Yerinə Məhəmməd ibn Əbu Bəkr təyin olundu. Bir qədər sonra Müaviyə Misirə hücum etdi, Məhəmmədi qətlə yetirdi. Həzrət (ə) buyurdu ki, mən Qeysin Misirə daha münasib olduğunu bilirdim.
Əmirəlmöminin (ə) məsuliyyət hissinə də xüsusi diqqət yetirirdi. Bəziləri təklif etdilər ki, Yəmən və Bəhreyn hakimliyi Təlhə və Zübeyrə verilsin. Təlhə və Zübeyrin güclü şəxsiyyət olduğunu dəlil göstərirdilər. Amma Həzrət (ə) buyurdu ki, bu iki nəfər mənim müşavirim olsa daha yaxşıdır. Əmirəlmöminin (ə) həm də insanların keçmiş fəaliyyətlərinə nəzər salırdı. Osman ibn Hənifi Bəsrəyə hakim təyin etdi. Bu şəxs əvvəllər ciddi məsuliyyət daşımamışdı. Amma layiqli şəxs idi. Həzrət Əli (ə) yeni simaların vəzifəyə təyinindən çəkinməzdi. Eyni zamanda münasib olmayan adamlar qarşısında biganə dayanmazdı. Hakimiyyətə gələndən sonra bir hökmlə bütün əməviləri işdən uzaqlaşdırdı. Buyurdu ki, hakim mənim əlimdir, azğın adamları özümə əl seçə bilmərəm.
Təbii ki, bütün bu addımlar məsləhətlə atılırdı. Əmirəlmöminin (ə) Əbu Musa Əşərini Kufə hakimliyinə münasib bilməsə də Malikin israrı ilə bu işi gördü. Bir qədər sonra Cəməl savaşı başladı, Malik Əbu Musadan döyüşçü istədi. Əbu Musa xalqı müharibəyə qatılmaqdan çəkindirdi. Dedi ki, Peyğəmbər (s) bu fitnə barədə əvvəlcədən xəbədarlıq edib. Həzrət (ə) fərdlərdəki zəifliyi görən kimi onları işdən uzaqlaşdırmaz, onların zəifliklərinin əməldə görünməsini gözləyərdi.
Sual: Əmirəlmöminin (ə) müxtəlif sahələrdə fəsadla necə mübarizə aparırdı? Azğın məsullarla necə rəftar edirdi?
Cavab: Nümunə olaraq deyə bilərəm ki, Əmirəlmömininə (ə) qohumluq yaxınlığı olan Bəsrə hakimləri beytül-mala əl uzatmışdılar. Həzrət əvvəlcə onlara məktub yazıb, xəbərdarlıq etdi. İstədi ki, qəsb etdikləri malı geri qaytarsınlar. Həmin şəxs də götürdüyü malları geri qaytardı. Sonradan doğru yola qayıdıb böyük xidmətlər göstərdi. Bu hadisədən aydın olur ki, Həzrət Əli (ə) ilk addımda tənbehə tələsməz, insanları rüsvay etməzdi.
Başqa bir məqamda bir şəxsin beytül-maldan oğurlayıb Müaviyəyə qoşulduğunu gördük. Həzrət (ə) əvvəlcə ona məktubla müraciət edib. Qəsb etdiyi malı geri qaytarmasını istəyir. Sonradan aydın olur ki, bu şəxs həmin malı xərcləyib. Buna görə də Müaviyənin yanına gedib. Həzrət (ə) buyurur ki, əgər mənim yanıma gəlsəydi onun üzrünü qəbul edərdim. Bu şəxsin Müaviyəyə sığınmasını bir səhv kimi qiymətləndirib. Bütün bu hadisələr göstərir ki, Həzrət Əlinin (ə) ətrafındakı insanlar səhvə yol verəndə Həzrət (ə) tənbehdən qabaq nəsihətə yer verərdi. Səhvə yol verən adamın üzərindən birdəfəlik xətt çəkməzdi. Təbii ki, öyüd-nəsihətdən nəticə çıxarılmadığı zaman, Həzrət (ə) yenə şəraiti nəzərə alaraq addım atardı. Əmirəlmöminin (ə) üçün beytül-malın toxunulmazlığı kimi qırmızı xətlər var idi və bu sahədə güzəştə getməzdi. Ona qarşı müxalifət və düşmənçiliyin əsas səbəblərindən biri də bu idi.
Vilayet.nur-az.com