«Şeytanın şərri ancaq ona (şeytana) qulaq asanlara və müşriklərə çatar».
Günaha zəmin yaradan ictimai amillərdən biri də nalayiq rəhbərlərin hakimiyyətdə olmasıdır. Eləcə də ölkədə nalayiq işçi və icraçıların olması günahın çoxalmasına artıq təsir göstərir. «İsra» surəsinin 16-cı ayəsində oxuyuruq: «Hər hansı şəhəri məhv etmək istəsək, dövlət başçılarını doğru yola çağırırıq, əmrimizdən çıxarlar. Onlar əzab çəkməyə layiq olandan sonra bu şəhəri darmadağın edərik».
Bu ayədən belə aydın olur ki, ictimai pozğunluqların çox hissəsi Allahdan xəbərsiz varlılar tərəfindən törənir. Onlar başqalarını istismar edib öz təsirləri altına alırlar. Camaat da onların yolunu gedir, nəticədə ilahi əzaba düçar olurlar. Hər halda, insanlar arasında nüfuzlu şəxsiyyətlər cəmiyyətə daha çox təsir etməyə malikdirlər. Elə buna görədir ki, hədislərin birində oxuyuruq:
«İnsanlar öz rəhbərlərinin dinindədirlər».
Başqa bir hədisdə İmam Əli (ə) buyurur:
«İnsanlar öz atalarından çox rəhbərlərinə oxşayırlar.»
«Nəhl» surəsinin 100 –cü ayəsində oxuyuruq: «Şeytanın şərri ancaq ona (şeytana) qulaq asanlara və müşriklərə çatar».
Bu ayə onu göstərir ki, şeytansifət rəhbərlərə itaət etmək cəmiyyəti günaha tərəf çəkir, fəsadın və pozğunluğun yayılmasına səbəb olur. «Kəhf» surəsinin 28-ci ayəsində oxuyuruq: «Bizi unudub həvayi-nəfsinə qul olan və hər işində həddi aşan adamlara itaət etmə!»
Bu mövzuya aid bir neçə hədisi nəzərinizə çatdırırıq.
İslam Peyğəmbəri (s) buyurur: «Ümmətimin üç işindən qorxuram:
a. Paxıllıq etmələrindən.
b. Nəfsani istəklərinə itaət etmələrindən.
v. Nalayiq rəhbərlərə itaət etmələrindən.»
Başqa bir hədisdə İmam Əli (ə) buyurur: «Camaatın düz yola gəlməsi onların rəhbərlərinin düz yola gəlməsinə bağlıdır.»
İmam Sadiq (ə) buyurur:
«Allah-təala qiyamət günü üç dəstə insanla danışmaz, onların günahını bağışlamaz və onları çətin əzaba düçar edər:
1. Özlərini yalandan Allah tərəfindən təyin olunmuş rəhbər kimi tanıtdıran şəxslər.
2. Allah tərəfindən təyin olunmuş rəhbəri inkar edən şəxslər.
3. Bu iki dəstəni müsəlman bilən şəxslər.» (Üsuli-kafi, 1-ci cild, 373-cü səh.) Bir şeyə diqqətli olmaq lazımdır ki, ali rütbəli şəxslərin cəmiyyətdə böyük rolu olduğu kimi, kiçik dövlət işçiləri də öz səviyyələrinə uyğun cəmiyyətdə yer tuturlar. Deməli, onlar düz adam olsalar, rəhbərlik etdikləri cəmiyyətin də doğru yolda, düzgün inkişafını təmin edəcəklər. Yox əksinə olsa, onların cəmiyyətdə mənfi təsir qoyması şübhəsizdir.
İslam Peyğəmbəri (s) buyurur:
«Mənim ümmətimin iki dəstəsi fasid (pozğun) olsa, camaat da fasid olacaqdır. Yox, saleh olsa, camaat da saleh və düz yolda olacaqlar: Din alimləri və ölkə rəhbərləri.»
İslam dinində düzgün ölkə rəhbərlərinin bir xüsusiyyəti də islam qanunlarını düzgün icra etməkdir. Çünki qanunların ölkədə düzgün icrası cəmiyyətdəki hərc-mərcliyin qarşısını müəyyən qədər alır. Əksinə qanunun ümumiyyətlə icra olunmaması, yaxud düzgün icra olunmaması cəmiyyətin sağlamlığına birbaşa mənfi təsir göstərir.
Elə buna görədir ki, İslam Peyğəmbəri (s) buyurur: «Adil rəhbərin bir saat rəhbərlik etməsi, 70 ilin ibadətindən fəzilətlidir. Allahın əmrinə görə bir ilahi qanunun icrasının faydası isə 40 gün yağan yağışdan çoxdur». (Fruği-kafi, 7-ci cild, 175-ci səh.)
İmam Əli (ə) buyurur: «Allah dərgahında insanların ən pisi özü pis olub, camaatı da pis yola çəkən və gözəl adət-ənənələri məhv edib, yerinə pis adət ənənələr gətirən dövlət rəhbəridir».