Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Oktyabr 2015

Xanım Zeynəbin (səlamullahi əleyha) fəryadı

Allah Özü buyurur ki, «Allah yolunda öldürülənləri, şəhid olanları, heç də ölü zənn etmə!
Xanım Zeynəb (səlamullahi əleyha) son dərəcə mətanət, şücaət və vüqarla sözə başlayıb Yezidə xitab edərək belə buyurdu: «Allah və Onun Peyğəmbəri doğru buyurmuşlar ki, pis əməl sahiblərinin aqibəti budur ki, Allahın ayətlərini yalan sayıb onlara rişxənd edərlər.
Yezid, belə fikirləşirsən ki, yeri-göyü bizə daraltmaqla, bizi əsirlər kimi bu şəhərdən o şəhərə aparmaqla bizi rüsvay edib özünü hörmətləndirdin? Elə bilirsən ki, bu işinlə yüksək məqama nail olub ona-buna təkəbbürlük edirsən? Qüdrətin hazır olub hakimiyyətini səliqə-sahmanda gördükdə, sevincindən dərinə sığışmırsan. Bilmirsən ki, sənə verilən bu fürsət ondan ötrüdür ki, əsl həqiqətini, iç üzünü camaata açıb göstərəsən? Məgər Allahın «Küfr edənlər onlara verdiyimiz möhləti heç də özləri üçün xeyirli sanmasınlar! Bizim onlara verdiyimiz möhlət ancaq günahlarını daha da artırmaları üçündür. Onlar zəliledici bir əzab görəcəklər» deyə buyurduğunu unutmusan?
Ey azad edilmişlərin oğlu! Heç bu ədalətdirmi ki, sənin qadın, qız və kənizlərin pərdə arxasında otursun, ancaq sən Peyğəmbərin qızlarını əsir edəsən, onların hörmət pərdəsini parçalayasan, onların səslərini boğazlarında boğasan və yad (naməhrəm) kişilər onları dəvələrlə o şəhərdən bu şəhərə dolandırsınlar? Heç ədalətdəndirmi ki, kimsə onlara yer verməsin, kimsə onları qorumasın və öz kişilərindən heç biri onların yanında olmasın?
Axı ürəyi bizim hirs və qəzəbimizdən dolu olan bir şəxsdən bundan artıq nə gözləmək olar? Deyirsən ki, kaş Bədr döyüşündə ölən əcdadın indi burada olsaydı və bunu deyərək Peyğəmbər balasının dişlərinə vurursan? Nə üçün də etməyəsən? Sən yer üzünün ulduzları olan Peyğəmbər balalarının və Əbdülmüttəlib ailəsinin qanını tökməklə iki nəsil arasında olan düşmənçiliyi yenidən bərpa etdin. Sevinmə! Tezliklə Allah dərgahında hazır olacaqsan. Həmən gün arzulayacaqsan ki, kaş kor, lal olaydın və bu günü görməyəydin, kaş «indi əcdadım bu məclisdə olsaydı, sevinclərindən dərilərinə sığmazdılar» deməyəydin. İlahi, bizə zülm edən şəxsdən Özün haqq və intiqamımızı al!
And olsun Allaha, Peyğəmbər, onun Əhli-beyti və ciyərparaları Allahın lütf-mərhəmətində qərar tapacaqları gün (Qiyamət günü) Sən Allah qarşısında öz ətini-dərini didib-dağıdacaqsan. Allah Öz vədəsinə əməl edəcəyi gün künc-bucaqda qalmış bu məzlumları bir yerə yığacaq. Allah Özü buyurur ki, «Allah yolunda öldürülənləri, şəhid olanları, heç də ölü zənn etmə! Xeyr, onlar öz Rəbbinin yanında diri olub ruzi - Cənnət ruzisi - yeyirlər.» Ancaq səni nahaqdan müsəlmanların boynunda otuzduran şəxs (Müaviyə) ədalət, Allah məhkəməsi, Məhəmməd (səlləllahu əleyhi və alih) və sənin öz əl-ayağın sənin cinayətlərinə şəhadət verəcəyi gün biləcək ki, sizlərdən hansınız daha bədbəxtsiniz.
Yezid, ey Allahın düşməni və Allah düşməninin oğlu! And olsun Allaha, sən mənim gözümdə elə dəyərli deyilsən ki, mən səni danlayam, (yəni sənin heç danlanmağa da ləyaqətin yoxdur) sənin heç təhqir olunmağa da ləyaqətin yoxdur. Ancaq nə edim, yaş gözlərimdə həlqələnib, ah-nalə sinəmdə fəqan edir. Hüseyn (əleyhissəlam) öldürüldükdən sonra, Şeytan ordusu Peyğəmbər ailəsinin hörmətini qırmaqla müsəlmanların beytül-malından mükafat almaq üçün bizi Kufədən ağılsızlar məmləkətinə gətirdikdən sonra, bu cəlladların əli bizim qanımıza sirab olduqdan sonra, ac qurdlar pak cənazələrin üstündə at çapdıqdan sonra səni danlamaq, tənə etmək hansı dərdə məlhəm olar? Əgər bizi öldürüb əsir etməklə xeyir qazandığını güman edirsənsə, tezliklə başa düşəcəksən ki, qazandığın ziyandan başqa bir şey deyil. Qiyamət günü gördüyün işin nəticəsindən başqa heç nə qazanmayacaqsan. O gün sən ibn Ziyadı öz köməyinə çağıracaq, ibn Ziyad da səndən kömək istəyəcək. Sən və sənin yolunu gedənlər həmən gün Allahın ədalət məhkəməsində yığışacaq, onda biləcəksən ki, Müaviyənin sənin Axirət səfərin üçün hazırladığı ən yaxşı tədarük Peyğəmbər balalarını öldürməyin olub. And olsun Allaha ki, mən Allahdan başqa heç kimdən qorxmur və Ondan başqa heç kəsə şikayət etmirəm! Hər nə istəyirsən, elə! Hər nə hiylən var, istifadə et! Hər nə düşmənçiliyin var, göstər! Allaha and olsun, sənin adına yapışan bu ləkə heç vaxt silinməyəcək. Allaha şükürlər olsun ki, Cənnət gənclərinin ağasının (İmam Hüseynin) aqibətini səadətlə nəticələndirdi və Behişti onlara vacib etdi. Allahdan istəyirəm ki, onların məqamını daha da ucaltsın və Öz rəhmətini onlara daha çox şamil etsin. Allah bacarıqlı himayədar və yaxşı köməkçidir.» (Bəlağatun-nisa, səh.12-23.)


6649 بازدید
در حال ارسال اطلاعات...