Həzrət Peyğəmbərin (s) xüsusi köməkçilərindən biri Əmmar Yasər olub. Əmmar Həzrət Peyğəmbər (s) dünyasını dəyişəndən sonra Həzrət Əlinin (ə) çevrəsində olub. Cənab Rəhbər Ayətullah Xamenei fitnələr içində Əmmarın bəsirəti haqqında buyurur: “Siffeyn döyüşündə Əmmar Yasərin mühüm işlərindən biri həqiqəti aşkarlaması idi. Qarşı tərəfdə Müaviyə dayanmışdı, hər yolla təbliğat aparırdı... Müaviyə ilə üzbəüz dayanan, psixoloji savaşa cəlb olunan və müqavimət göstərən isə Əmmar Yasər idi. Əmmar Siffeyn döyüşündə iki cəbhə arasında dəstələrin qarşısından keçərək bir an dayanır və onlara həqiqəti bəyan edirdi. Onun sözləri təsirli idi. Bir məqamda iki dəstə arasında tərəddüd yarandığını görüb özünü onlara çatdırdı və söhbətə başladı. Bu məsələdə düyünü açdı.” Əmmar Yasərin şəxsiyyəti, səciyyəvi xüsusiyyətləri barədə höccətülislam Doktor Məhəmmədriza Cabbari danişır. Cənab Cabbari tarixçidir, İmam Xomeyni (r) Təhsil və Araşdırma inistitutunun elmi şura üzvüdür. (khamenei.ir)
Sual: Cənab Əmmar Yasərin səciyyəvi xüsusiyyəti nə olub? Nə üçün İslam tarixində belə yer alıb?
Cavab: Onun ilk xüsusiyyəti İslamın ilk şəhidlərinin övladı olmasıdır. Onun valideyinləri, həm atası, həm də anası əzilən təbəqədən idi, sonradan İslamı qəbul etdilər. Ən ağır işgəncələrlə üzləşdilər, sonda şəhadətə çatdılar. Əmmarın İslamda öncüllüyü, belə bir ailədə tərbiyə alması onun ilk imtiyazlarıdır. Sonrakı səciyyəvi xüsusiyyətlər onun rəftarları ilə bağlıdır. Əmmar böyük məharət göstərib Məkkədə təqiyyənin bünövrəsini qoydu. Sonradan məsum imamlar şiələri təqiyyəyə riayət etməyə çağırdılar. Təqiyyə ağır işkəncələr şəraitində əqidəni gizləməkdir. Əslində təqiyyə ələ qalxan alıb düşmənə hücuma hazırlaşmaqdır. Bəzilərinin düşündüyü kimi əqidə zülm qarşısında susmaq, düşmənlə sazişə getmək deyil. Əmmar valideyinlərinin şəhadətini görəndən sonra dilində düşmənin təzyiqi altında bəzi sözlər desə də, qəlbində başqa idi. Bu hadisədən sonra ağlaya-ağlaya Peyğəmbərin (s) hüzuruna gəldi. Həzrət (s) ondan soruşdu ki, qəlbinin halı necədir? Cavab verdi ki, imanla doludur. Sonra nəhl surəsinin 106-cı ayəsi nazil oldu. Ayədə buyurulurdu ki, Allah qəlbən küfrə razı olanlara qəzəblənər. Elə bu ayə əsasında da fiqhdə təqiyyə yer aldı. Əhli-Beyt (ə) təqiyyə əsasında məzhəbi qorudu. Beləcə, Əmmar Yasər təqiyyədə də öncüllərdəndir.
Cənab Əmmarın digər üstün xüsusiyyəti onun iki hicrət etməsidir. O bir dəfə Məkkədən Həbəşə, sonra Həbəşdən Mədinəyə hicrət edir. Daim səhnədə olmaq Əmmarın bariz xüsusiyyətlərindəndir. O Peyğəmbərin (s) bütün qəzavətlərində, döyüşlərində iştirak edib. İstər Məkkədə, istər Mədinədə bütün mühüm hadisələrdə səhnədə olub. Onun digər bir xüsusiyyəti dini təəssüb və qeyrətidir. Bu xüsusiyyətlər sayəsində dinin ağır yolunu gedib.
İslamın ən mühüm hadisələrində Əmmarı öndə görürük. Həzrət Peyğəmbər (s) Qobada Əmirəlmöminini (ə) gözləyəndə Əmmar yenicə iman gətirənlərlə birlikdə Qoba məscidini tikdi. Qoba məscidi müsəlmanların ilk məscidlərindən sayılır. Tövbə surəsinin 108-ci ayəsində oxuyuruq: “İlk gündən binası təqva üzərində qurulan məscid namaz qılmağa daha layiqdir...” Sonra Peyğəmbər (s) Mədinəyə daxil oldu. Məscidün-Nəbinin tikilməsində də Əmmar çox çalışdı. Peyğəmbər (s) məscidinin tikilməsində Əmirəlmöminin (ə), sonra Əmmarın zəhmətləri yada salınır. Tarixdə qeyd olunur ki, peyğəmbər məscidi tikiləndə bütün səhabələr işləyirdi. Amma Əmmar bir neçə daşı üst-üstə qoyub aparırdı. Həmin məscidin tikilişi zamanı Peyğəmbərlə (ə) Əmmar arasında söhbət olur. Peyğəmbər (s) buyurur ki, səni zalım bir dəstə öldürər.” Bu rəvayəti səhabələr eşitdilər, rəvayət ağızdan-ağıza gəzdi. Belə ki, bu sünnə əhli də həmin rəvayəti təvatir rəvayətlərdən sayır. Rəvayətə əsasən Əmmar zalım bir dəstə tərəfindən öldürüləcəkdi.
Peyğəmbər (s) dünyasını dəyişəndən sonra da Əmmar öncüllüyü əldən vermədi. O heç vaxt Həzrət Əlidən (ə) ayrılmadı. Əmmar Əmirəlmöminin (ə) və Həzrət Zəhraya (ə) sadiq qalmış 4 nəfərdən biri kimi tanınır.
Sual: Peyğəmbər (s) dünyasını dəyişəndən Həzrət Əli (ə) hakimiyyətə gələnə qədər Əmmar nə iş görüb?
Cavab: Peyğəmbər (s) dünyasını dəyişəndən sonra az adam əvvəlki xətdə qaldı. Bu adamlar arasında Salman, Miqdad, Əbuzər vardı. Onlar Əmirəlmömininin (ə) ətrafında idilər. Bir neçə rəvayətdə bu şəxslər istisna olunmuşdur. Əmmar da bu adamlar arasındadır. Əmmar da Salman, Miqdad, Əbuzər kimi heç vaxt məsuliyyət hissini itirmədi, dəyişən şəraitdə cəmiyyətin arxasınca getmədi. Müxtəlif dövrlərdə onun rəftarları bir nümunə kimi dəyərləndirilə bilər.
Həzrət Peyğəmbər (s) Əmmar haqqında buyurur ki, o haqladır. Buna oxşar sözü Əmirəlmömininin (ə) haqqında buyurur: “Əli (ə) haqladır, haq da Əli (ə) ilə. Əli (ə) haraya getsə, haq da oraya gedər.” Əmmarın haqqında deyilən sözlər də onun Əmirəlmömininə (ə) sədaqəti ilə bağlıdır. Peyğəmbər (s) buyurmuşdu ki, Əmmar heç vaxt haqdan ayrılmaz.
Səqifədən və ikinci xəlifədən sonra fütuhat, İslam ərazilərinin genişləndirilməsi məsələsi ortaya çıxdı. Xilafət düzgün yoldan sapsa da Əmmar və Salman hakimiyyətin işlərində iştirak edirdi. Salman Farsi Mədain hakimi idi. Əmmar Yasər hicri 21-ci ildə qısa bir müddətə Kufə hakimi oldu. Belə bir icazə digər məsumların dövründə də olub. Layiqli insanlar öz iştirakları ilə zülmün qarşısını almağa çalışıblar. Şiələr hakim dairələrə müraciət edəndə belə insanlar onların haqqının təmininə kömək göstəriblər.
Üç xəlifənin dövründə Əmmar öz qeyrəti, zülmə nifrəti ilə seçilirdi. İkinci xəlifənin hakimiyyətinin sonlarında sonrakı xəlifənin təyini üçün 6 nəfərlik şura toplandı. Bu şurada Əmmar Yasər Əmirəlmömininin (ə) haqqı üzərində dayandı. Əbdürrəhman ibn Övfa xəbərdarlıq etdi ki, Əmirəlmömininə (ə) beyət edilsə xalq arasında ixtilaf yaranmaz. İkinci xəlifə Əbdürrəhmanın nəzərini əsas sayırdı. Amma Əbdürrəhman öz qəbilə təəssübü əsasında Osmana beyət yolunu seçdi.
Sual: Cənab Rəhbər Ayətullah Xamenei müxtəlif fitnələr zamanı Əmmar Yasərin bəsirətinə diqqəti yönəldir. Əmmar hansı hadisələrlə bu xüsusiyyətini nümayiş etdirib?Cavab: Cənab Əmmarın bu xüsusiyyəti təkcə Əmirəlmömininin (ə) dövrü ilə məhdudlaşmır. Əvvəlki xəlifələrin dövründə də Əmmar öz mövqeyində qalır və bu mövqeyi bildirir. Əmirəlmömininin (ə) dövrü həm də fitnələr dövrü adlanır. Bu dövrdə Əmmarın müstəsna təlaşları nəzərə çarpır. Fitnə zamanı ictimai-siyasi atmosver bulaşır, şübhələr ortaya çıxır. Haqq batilə qarışır, həqiqəti tanımaq üçün elm və nişanələr olmalıdır.
Əmirəlmömininin (ə) dövründə Peyğəmbərin (s) dövründə olduğu kimi küfr cəbhəsi qarşıda dayanmamışdı. Düşmən daxildə idi, onu tanımaq asan iş deyildi. Siffeyn döyüşündə Müaviyənin qoşununda elə adamlar nəzərə çarpırdı ki, Müaviyəni İslamın rəhbəri kimi tanıtdırırdı. Şamda əməvi islamı möhkəmlənirdi. İki dəstə müsəlman qarşı-qarşıya dayandığı vaxt yol göstərən nişanələr olmalıdır. Bu fitnədə Əmmar müsbət və münasib rol oynadı. Siffeyn döyüşündə onun rolu müstəsna oldu. Peyğəmbərin (s) Mədinədə Əmmar haqqında buyurduğu rəvayət bu müharibədə haqq cəbhəsinin tanınmasında həlledici oldu. Bu müharibədə Əmmar Əmirəlmömininin (ə) kənarında idi.
Əgər həmin dövrün fəzasını araşdırmaq istəsək səhabələri nəzərdən keçirməliyik. Xüzəymə ibn Sabit siffeyində idi. Həzrət Peyğəmbər (s) ona böyük etimad göstərirdi, bu səbəbdən həmin şəxs iki şəhadət sahibi adı ilə tanınırdı. Peyğəmbər (s) onun şəhadətini iki şəhadətə bərabər bilirdi. O Əmmar şəhadətə çatana qədər əlini qılınca aparmadı. Yalnız Əmmar şəhid olandan sonra dedi ki, artıq mən haqqı batildən seçə bildim. Əmirəlmömininin (ə) məzlumiyyəti onda idi ki, Xüzəymə ibn Sabit kimi şəxslər Əmirəlmöminini (ə) həqiqət meyarı saymırdı. Onlar rəvayət əsasında Əmmarın şəhadətinə qədər qəti mövqe bildirmədilər. Buna görə Əmirəlmöminin (ə) Əmmarın şəhadətinə ağladı. Öz son xütbələrindən birində səhabələrin xüsusiyyətlərindən danışarkən buyurdu ki, şəhid olanlar zərərə düşmədilər, əksinə qarşıda bidətə gedənləri görüb qəm-qüssə çəkməkdən azad oldular.
Sual: Əmirəlmömininin (ə) xilafəti dövründə Əmmarın nə kimi rolu olub?
Cavab: Hicri 38-ci ilə qədər Əmmar şəhadətə çatmışdı. O zamana qədər Əmirəlmömininin (ə) kənarında idi. Əmirəlmömininə (ə) beyət zamanı Əmmar öncüllərdən idi. Cəməl savaşında da Əmmar Kufəyə gedir, xalqın hidayətində böyük rol oynayır. Əmmar, Malik Əjdər və İmam Həsən Müctəbanın (ə) hüzuru çox təsirli idi. Çünki qarşı cəbhədə Aişə, Təlhə, Zübeyr kimi çaşdırıcı simalar vardı. Əmmar və bu sıradan olanların bəsirəti çaşqınlıqları aradan qaldırırdı.
Cəməl savaşı ilə siffeyn savaşı arası Əmmar Kufədə Əmirəlmömininin (ə) yanında oldu. O zaman Əmmarın 90-a yaxın yaşı vardı. Həmin çaşqınlıq dövründə Əmmar Əmirəlmömininin (ə) Peyğəmbərdən (s) nəql etdiklərini xalqa çatdırırdı. Həmin dövrdə saxta hədislər də çoxalmışdı. Bu səbəbdən Əmmarın işi böyük əhəmiyyət kəsb edirdi.
Sual: Əmmar fitnənin yatırılmasında nə kimi rol oynayıb?
Cavab: Cənab Əmmar iki yoldan istifadə edib. Bir işi həqiqətlərin aydınlaşdırılması olub. Müaviyə hədis uydurulması işinə başlayanda Əmmar həqiqi hədislər nəql edib. Haqq cəbhəsində olan insanlar bu məsələyə diqqətli olmalıdır. Əgər həqiqət xalqa çatdırılmasa yalan və hiylə səhnəni tutar.
Əmmarın ikinci işi onun rəftarları idi. Onun əməlləri, hətta şəhadəti haqq göstəricisi idi. Peyğəmbər (s) Əmmara təsdiq möhrü vurmuşdu. Digər tərəfdən Əmmar məsuliyyətli insan idi, zamanın tələbləri əsasında hərəkət edirdi. Dilə ehtiyac olanda dilini işə salırdı, həqiqəti xalqa çatdırırdı.
Əmmar Yasər həm də şücaətli idi. Öz əqidəsinin bəyanından çəkinmirdi. Batili açıq şəkildə ifşa edirdi. Üçüncü xəlifənin dövründə səhabələri yaxşı tanıdığından onların kimliyini xalqa çatdırırdı.
Sual: Əmmarın rəftarları əsasında cəmiyyətdə həqiqətin aşkarlanması üsulları hansılardır?
Cavab: Bu suala cavab vermək üçün Əmirəlmömininin (ə) Əmmar haqqında sözlərini yada salmalıyıq. Əmirəlmöminin (ə) xütbələrdən birində buyurur ki, onlar sünnənin bərpası yolunda, bidətlə mübarizədə idilər. Haqq cəbhəsində olmaq istəyən prinsipləri tanımalıdır. Təhriflərlə mübarizə də diqqət mərkəzində saxlanılmalıdır. Cənab Rəhbər Ayətullah Xamenei İmam Xomeyninin (r) vəfat il dönümündə bu barədə danışdı. Bu məsələyə ciddi yanaşmaq lazımdır. Bu gün biz dəyərlərin yerinin anti-dəyərlərə verilməsi kimi təhlükə ilə üzbəüzük. İstibdad və imperializmə baxış da bu sıradandır. Əmirəlmöminin (ə) buyurur ki, bidətin qarşısında dayanmaq, Əmmar sayağı rəftar etmək lazımdır. Bidətlər ilk addımda zinətləndirilir. Bəsirəti olmayanlar tez aldanıb bidəti həqiqət kimi qəbul edir. Belə bidətlər ifşa olunanda cəmiyyət oyanır.
Vilayet.nur-az.com