Cənab Rəhbər Ayətullah Xameneinin İraq ofisinin nümayəndəsi höccətülislam vəlmüslimin Nəcəf Nəcəfi Ruhani ilə söhbət
Cənab Rəhbər Ayətullah Xamenei fiqh-xaric dərsində Ərbəin münasibəti ilə piyada ziyarət mərasiminə işarə edib buyurdu: “İran və dünyanın digər ölkələrindən insanların əzəmətli hərəkəti, Ərbəin ziyarətində iştirakı Əhli-Beyt (ə) məktəbinin müstəsna xüsusiyyətlərinin göstəricilərindəndir. Bu mərasimlərdə iman, qəlb etiqadı, düzgün inanclar, həm də eşq və məhəbbət özünü göstərir.”
Sual: Sizin nəzərinizcə Ərbəin ziyarətinin İslam dünyası üçün hansı imkanları var? Cənab Rəhbər buyurdu ki, Ərbəin təkcə şiələr yox, bütün İslam dünyası üçün faydalıdır.
Cavab: Düşünürəm ki, Ərbəin mərasimi müsəlmanlar üçün müstəsna və misilsiz bir fürsətdir. Bəli, təkcə İslam dünyası yox, bütün dünyada onun oxşarı yoxdur. Əslində Ərbəin bir yürüş, toplantı, beynəlxalq bir konfransdır. Onun böyük ideoloji, ictimai-siyasi, əxlaqi və təbiyəvi əhəmiyyəti var. Ərbəin mərasimində 20 milyondan çox insan bir araya gəlir. Bu izdihamın dünyada misli yoxdur. Ərbəin ziyarəti Hüseyn (ə) məktəbinin əzəmətini göstərir, imperializm dünyasını qorxuya salır.
Digər tərəfdən Ərbəin mərasimi müsəlmanların birlik göstəricisidir. Əhli-Beyti (ə) sevənlər şiə və sünnü olmasından asılı olmayaraq böyük eşq və səmimiyyətlə bu mərasimə toplanır, imama əzadarlıq edir, onlara təvəssül edirlər. Çünki İmam Hüseyn (ə) bütün bəşəriyyət üçün qurtuluş gəmisidir. İmam Sadiqdən (ə) nəql olunmuş hədisdə deyilir: “Bütün imamlar qurtuluş gəmisi olsa da, İmam Hüseyn (ə) həm genişdir, həm sürətlə hərəkət edir.” Əlbəttə ki, bunun səbəbi imamın Allahla müamiləsidir və bunun nəticəsi böyük Aşura hadisəsi olub. Buna görə də İmam Hüseyni (ə) Allahın dürdanəsi adlandırırlar. Ərbəin Aşuranın təkrarı, həqiqəti təcəllasıdır. İnsanların bəsirətinin artması üçün bu gözəl fürsətdir.
Sual: Bu təkrarda hansı xüsusiyyət var ki, insanlara bəsirət verir?
Cavab: Qeyd edim ki, Ərbəin Hüseyn (ə) Aşurasını xatırladır. Aşura hərəkatında iki mühüm nöqtə var. Biri vilayətçilik, digəri zülmə nifrət. İmam Hüseyn (ə) insanları cəhalət və azğınlıqdan xilas etmək üçün qiyam qaldırdı. Ərbəin ziyarətində bu nöqtələrə toxunulur. İmam Hüseyn (ə) Allahın qırılmayan ipidir. Ləbbəykə Ya Hüseyn demək, imama ehtiram göstərmək insanın azad, ədalətsevər, zülmə qarşı mübariz və bəsərətli olmasına səbəb olur.
Sual: Ərəbin mərasimindəki böyük izdihamı imamın “Varmı mənə yardım edən” çağırışına cavab saymaq olar?
Cavab: Doğrudan da belədir. İnsanların bu əzadarlıqda eşqlə iştirakı, şövqlə əzadarlığı imamın çağırışına bir cavabdır. Aşura hərəkatı zaman və məkan tanımır, bütün dövlərdə bütün bəşəriyyət üçün məktəbdir. İmam özü də buna işarə edib. Buyurur ki, mənim kimisi Yezid kimisinə beyət əli uzatmaz, onun hakimiyyətini tanımaz. Tarixboyu imamət və vilayət imperializm, müstəmləkəçilik qarşısında dayanıb və dayanacaq. Nurla-zülmət, ədalətlə-zülm, haqla-batil heç vaxt sazişə gəlməyəcək.
Sual: Ərbəin mərasimlərinin ən böyük missiyası Aşura hadisəsinin mesajını çatdırmaqdır?
Cavab: Şübhəsiz, inqilabı qorumaq inqilab etməkdən mühümdür. Bir çox inqilablar qısa bir zamanda doğru xətdən çıxıb, məhv olub. Əgər Həzrəti Zeynəb (ə) və İmam Səccadın (ə) faəliyyətləri olmasaydı Aşura qiyamı təhrif edilərdi, yaddan çıxardı. Bu baxımdan İmam Hüseynin (ə) əhli-beyti qiyamın yaşaması üçün çox böyük rol oynayır. Aşura mədəniyyəti müqavimət hissini gücləndirir. Aşura bir mədəniyyət, bir əqidə məktəbi, bir mədəniyyət cərəyanıdır. Aşura səssiz şəkildə insanların qəlbini fəth edir. İnsanların qəlbi həqiqətə doğru cəzb olunur, insanda Aşura ruhiyyəsi yaranır. Aşura mədəniyyəti 8 illik müqəddəs müdafiədə özünü göstərdi. Livanda Hizbullahı qələbəyə çatdıran bu mədəniyyətdir. Bu günə qədər müqaviməti meydanda saxlayan bu mədəniyyətdir. Ötən il Ərbəində İraqda qeyri-sabitlik olsa da, İŞİD ardıcıl terror aktları törətsə də 20 ölkədən müsəlmanlar Ərbəin mərasiminə qatıldı. Bu zaman başqa bir problem də vardı. Ziyarətçilərin istirahəti üçün şərait lazımi səviyyədə deyildi, insanlar yol kənarında istirahət edirdi. Amma bu ziyarətə qatılmalarını inanılmaz bir arzuya çatmaq, yuxu kimi dəyərləndirirdilər. Gözlərindən şövq yaşı axırdı. Beləcə Hüseyn (ə) Ərbəini qəlbləri riqqətləndirir, insanlara şücaət və müqavimət verir.
Sual: Belə bir vəziyyətdə Ərbəin ziyarətini düşmənin soyuq müharibəsi müqabilində səssiz fəth adlandıra bilərikmi?
Cavab: Gözəl fikirdir. Ərbəin mənəvi feyzin qəlblərə endiyi zamandır. Qəlblərdə ilahi vilayət təcəlla edir. Hüseyn (ə) eşqi qəlblərdə şölələnir. Təsadüfi deyil ki, İmam Həsən Əsgəri (ə) Ərbəin ziyarətini iman nişanəsi sayır. İmam Riza (ə) silsilətüz-zəhəb hədisində vilayəti Allahın əmin-aman qalasına daxil olmaq şərti kimi dəyərləndirir. İmam Baqir (ə) vilayəti İslamın ən mühüm və sevilən qalası adlandırır.
Sual: Xarici informasiya vasitələri bu əzəmətli mərasimi necə işıqlandırır? Bir ölkədə bir avtomobil qəzası baş verəndə bunu mətbuatda manşetə çıxarırlar. Amma belə bir beynəlxalq və əzəmətli mərasim pərdələnir. Siz bunu necə dəyərləndirirsiniz?
Cavab: İmperializm kiçik bir hadisəni, məsələn kiçik bir qrupun bir yerə toplanmasını əgər onun məqsədlərinə uyğun olarsa geniş işıqlandırır. Amma misli görünməmiş Ərbəin hadisəsinin işıqlandırılmadığına şahidik. Ya bu barədə susurlar, ya da olduqca az danışırlar. Sadəcə mərasim o qədər əzəmətlənib ki, bəzi məlumatlar verməyə məcburdurlar. Onlar bu mərasimdən qorxuya düşüb. Çünki mərasimin işıqlandırılması İslamın əzəmətini dünyaya çatdırır. Bu da elə bir vaxta təsadüf edir ki, Qərb dünyaya insanların dindən uzaqlaşdığını elan edib. Onlar həqiqəti deməyə maraqlı deyil. Səbəbi də aydındır. Düşmənin işi düşmənçilikdir. Onlar Ərbəin mərasimini öz mənafelərinə zidd dəyərləndirirlər. Daim xalqları istismar etmək, əsarətə almaq barədə düşünürlər. Hüseyn (ə) mədəniyyəti isə istismar qarşısında böyük maneədir. İmperializmi yaxşı tanıyanlar gözəl bilir ki, onlar daim öz mənafeləri ardıncadır, bu yolda insan haqlarını, bütün müqəddəslikləri ayaq altına almağa hazırdırlar.
Sual: Ərbəində xalqın eşqini işıqlandıracaq ədalətli informasiya şəbəkələri yoxdurmu?
Cavab: Düşünürəm ki, dünya müsəlmanlarının, xüsusi ilə İran müsəlmanlarının iştirakı o qədər əzəmətlidir ki, informasiya şəbəkələri qismən də olsa bu hadisəni işıqlandırır. Belə bir əzəmətli mərasimi tam pərdələmək qeyri-mümkündür. 20-25 milyon insanın Ərbəin ziyarətinə qatıldığı bildirilir. Təkcə kəmiyyət yox, keyfiyyət baxımından da mərasim əzəmətlidir. Bu mərasimdə eşq və məhəbbət təcəlla edir. Hara baxırsansa səfa-səmimiyyət görürsən. Biz şahid olduq ki, İraq xalqı bütün varlığı ilə ziyarətçilərə xidmət edir. Su, qida, şərbət paylayır. Hətta zəvvarların ayaqlarını ovurlar. Zəvvarların libaslarını yuyanlar var. Yoxsul insanlar da ziyarətçilərə xidmətə çalışır. Cənab Rəhbərin buyurduğu kimi bu möcüzəyə bənzəyir.
Dünyada Habil və Qabilin dövründən 2 cərəyan var. Biri haqq, biri batil cərəyanıdır. Həqiqət və yalan, ilahilik və şeytanilik baş-başa dayanıb. Həqiqi İslam ilahi gerçəkliyin məzhəridir. Bu din haqq-ədalət üzərində qurulub. Onda bütün gözəlliklər əksini tapıb. Ərbəin də bu gözəlliklərdəndir. Bu gözəlliyin qarşısında ruhsuz Bəni-Üməyyə islamı, Amerika islamı həqiqi qiymətini alır. Bəni-Üməyyə və Amerika islamı saxtakarlıq üzərində qurulub. Onlar imperializmə xidmət edir. Bu cərəyanlar İslamın təhrif olunmuş formasıdır. Həqiqi İslam vilayətçidir, zülmə qarşıdır, ədaləti sevir, insanın bəsirət və mərifətini gücləndirir, bəndəliyi artırır. Amma ruhsuz Bəni-Üməyyə və Amerika islamı haqq-ədalətə münasibəti dəyişir, imperializmə xidmət edir. Bu gün təkfirçi, İŞİD islamı imperializm və sionizmin xidmətindədir. Onlar ən böyük cinayətlərə imza atırlar. Yezidin Kərbəladakı cinayətini təkrarlayırlar. Belə bir islam təhrif olunmuş, saxta islamdır.
Sual: Bəzi cərəyanların Hüseyn (ə) qiyamını təhrif etmək cəhdləri barədə nə düşünürsünüz?
Cavab: Bəziləri bilərəkdən Hüseyn (ə) qiyamını təhrif etməyə çalışır. Tarixə baxsaq görərik ki, Kərbəla hadisəsini pərdələməyə, dəyişməyə çalışanlar olub. Onu unutdurmağa çalışanlar kifayət qədərdir. Zalım Mütəvəkkil İmam Hüseynin (ə) qəbrini şumlamaq göstərişi verir. Digər tərəfdən yalan məlumatlarla qiyamın fəlsəfəsinə zərbə vurmağa çalışır. Onlar İmam Hüseynin (ə) məqsədlərini terror etmək istəyiblər. Bəziləri bu gün də İmam Hüseyn (ə) qiyamının fəlsəfəsini haşiyədə saxlamağa çalışır. Kimi qiyamı təhrif edir, kimi əzadarlıq mərasimlərini İslam şəriətinə uyğun olmayan tərzdə icra edir.
Sual: Siz ötən il də piyada Ərbəin ziyarətində iştirak etmisiniz. Diqqəti cəlb edən nöqtələr barədə danışardınız.
Cavab: Ötən il Ərbəin ziyarətində diqqəti çəkən məsələlər çox olub. Amma iki məsələ daha maraqlıdır. Biri İraq və digər ölkə müsəlmanlarının, xüsusi ilə İran müsəlmanlarının təkfirçiləri heyrətə gətirən izdihamı olub. Digəri İraq xalqı tərəfindən ziyarətçilərə göstərilən xidmətdir. Bu iki nöqtə əksər müşahidəçini heyrətə gətirib. Bəzən ziyarətçilər məcburi şəkildə saxlanılır, onlara xidmət göstərilir. Yoxsul insanlar da öz gücləri həddində ziyarətçiyə xidmət göstərməyə çalışır. Dünyanın ən uzun istiqbal süfrəsini Ərbəində görə bilərik. Bu süfrə sərhəddən Kərbəlaya qədər uzanır. 20 milyon ziyarətçiyə xidmət göstərilir. Dünyada belə bir süfrə varmı?!
Sual: Ərbəin mərasimi ilə bağlı nəyi tövsiyə edərdiniz?
Cavab: Ziyarətçilərə bir neçə tövsiyəm var. Bilməliyik ki, hər bir ziyarətçinin savabı onun eşq və mərifəti həddindədir. İmam Hüseynin (ə) ilk ziyarətçisi Cabir ibn Abdullah Ənsaridir. Yaxşı olar ki, ziyarətimiz onun ziyarəti kimi bəsirətli, vilayət mehvərində olsun. Mərasimdə təfriqədən çəkinmək, milli və məzhəbi fərqlər üzərində dayanmamaq lazımdır. Quran və Əhli-Beytə (ə) bağlılıq İslam dünyasını birləşdirən nöqtədir. Öz aramızda mehriban, düşmənə qarşı sərt olaq. Bunu bizə Quran tapşırır. Bilək ki, Ərbəin mərasimində ev sahibi İraq əhlidir. Başqaları İmam Hüseynin (ə) qonağı sayılır. Həmişə qonaq ev sahibinə təşəkkür etməlidir. Səfərə çıxmazdan qabaq ziyarət qaydalarını yaxşı öyrənək. Çünki bu qaydalar ziyarətin özündən də əhəmiyyətlidir. İnsanı məqsədə çatdıran həmin qaydalara riayət etməsidir. Sonda bunu deyim ki, informasiya vasitələri, möhtərəm imam cümələr, məscid imamları, xətiblər və qələm sahibləri insanları ziyarət qaydaları, ziyarətin təsirləri, ev sahibi olan ölkənin qayda-qanunları ilə tanış etsinlər. Çalışaq ki, Ərbəin mərasiminin imkanlarını dünya xalqlarına çatdıraq.
Vilayet.nur-az.com