Əvvəlcə birinci hissə o həzrətin imamlığı ilə zöhr namazını qıldı.

İmam Hüseyn (ə) Aşura günü zöhr vaxtı çatdıqda döyüş meydanında namaz qıldı. Bu namaz İslam fiqhi terminalogiyasında “xof” namazı adlanır. İmamın (ə) bu namazı onun Allah qarşısında bəndəliyinin ən yüksək həddini və ixlasını nümayiş etdirdi. Xof namazı adi bir namaz deyil. Döyüşə ayıq olmaqla yerinə yetirilən bir namazdır. Əba Əbdillah Hüseyn (ə) qarşısındakı düşmənin namərdliyini tanıyırdı və bilirdi ki, hamı namaza başladığı surətdə qoşunun müdafiə mövqei bir-birinə dəyəcək.
İmam sağ qalan səhabələri iki hissəyə ayırdı. Əvvəlcə birinci hissə o həzrətin imamlığı ilə zöhr namazını qıldı. Bu zaman ikinci dəstə düşmənin hücumunu dəf etmək üçün hazır vəziyyətdə durmuşdu. Sonra ikinci dəstə İmama (ə) qoşularaq namaz qıldı. Beləliklə, həm namazı ilk vaxtında qıldılar, həm də düşməndən qafil olmadılar.
Züheyr və Səid ibn Abdullah namaz vaxtı o həzrəti qoruyurdular. Bu zaman 13 oxla yaralanan Səid şəhadət məqamına yetişdi.