Şrift ölçüsü:
A+
A
A-
Kr
31 Yanvar 2017

Leyla xanım Bağırzadəyə məktub

Allah-taala sənin həyatına 3 stimul və enerji hədiyyə edib: o üç pak övladın sənin həyat stimulun və həyat enerjindir.
Abgül Süleymanov və Mövsüm Səmədovun həyat yoldaşları Tale Bağırzadənin həyat yoldaşına məktub yazıblar

Leyla xanım Bağırzadəyə məktub:

"Ya Rəhim


“Əla innə əvliyəəl-lahi lə xəvfun ələyhim və lə hum yəhzənun”.“Bilin və agah olun! Allahın dostları üçün heç bir qorxu və qəm-qüssə yoxdur”. (Yunus surəsi, 62-ci ayə)

Allahın dostları kimlərdir? O kəslərdir ki, Ona iman gətirib hər bir şəraitdə təqvalı olarlar. Çətin günlər hamı üçün qabağa gəlir, bu çətinliklərə gözəllik və məna bəxş edən budur ki, çətin günündə adamın sahibi və yol göstərəni Allah-taala olsun.

Əziz bacımız Leyla, inanırıq ki, sən də məhz belələrindənsən. Çətin günlərdə sığındığın böyük bir pənahgahın var: O da Böyük və Mərhəmətli Allahın möhkəm qalasıdır. Bu pənahgaha üz gətirib sığınanlar – qəm-qüssənin qorxunun nə olduğunu bilməzlər.

Biz də bir məhbus ailəsi olduğumuz üçün bəlkə də səni digərlərindən daha yaxşı anlayırıq. Hər halda məhbus ailəsi digər məhbus ailəsinin keçirtdiyi hissləri daha aydın dərk edə bilir.

Əziz bacımız, hər çətin günündə Quranla məsləhətləş – o sənə ən gözəl yol göstərən olacaq!

Belə olanda qarşılaşdığın hər çətinlik nə qədər böyük olsa belə, adama ağır gəlmir, bəlkə pak yolda olduğunu anlayanda bu sənə həzz verir. Bəzən bu günlər adama uzun görünə bilər, amma sıxıntısız, qayğısız günlərimizlə müqayisə etdikdə - çox azdır və mütləq çox şirin bir sonluqla nəticələnəcək. Bu şirin sonluğu, böyük qələbəni düşünəndə adam o qədər ruhiyyə alır ki, çətinliklərə ağuş açıb onları sevdiyi adam təkin qucaqlamaq istəyir...

Əsas budur ki, Allah-taala sənin həyatına 3 stimul və enerji hədiyyə edib: o üç pak övladın sənin həyat stimulun və həyat enerjindir.

Məhkəmə önündəki çıxışlarını dəfələrlə dinlədik, sözün düzü, heyran qaldıq! Sən xalqımızın mərd və şücaətli gənc dişi aslanısan! Bundan artıq nə demək olar ki...

Bir günahsız məhbus üçün zindanın soyuq divarları arasında gün keçirtmək çətin olsa da, zindandan bayırda bugünkü Azərbaycan reallığında atası zindan həyatı yaşayan uşaqları böyütmək, onların gündəlik qayğılarını çəkmək heç də zindanda olmaqdan asan deyil. Əslində bir məzhəkə olan bu məhkəmələrin 1 ildən çox çəkməsi, oradakı olaylar, insanların arasından dostu-düşməni tanımaq, bəzilərində zahirən insan cildi altından hansı eybəcər surətin çıxdığını görmək heç də zindan həyatı yaşamaqdan asan deyil və bunlara hər adam dözə bilməz. Bütün bunlara bəzi qohumların “canınyanalıqla” verdikləri “ağıllı məsləhətləri” əlavə etsək məncə yaşadığımız mənzərəni düzgün təsvir etmiş olarıq. Özlərini “qayğıkeş” kimi qələmə verib ürəyindəki sonuncu ümidi də ciddi-cəhdlə söndürməyə çalışırlar belə üzdəniraq qohumlar. “Axı niyə hacı sizi düşünmür? “Sənin kimi cavan qadını belə problemlərə salır...”, “Oturub öz işilə məşğul olsaydı, nə olacaqdı ki?! Niyə siyasətə qarışır axı?”... və s.

Bunlara səbr etmək üçün möhkəm iradə, güclü iman lazımdır. Görünür ki, sənin Allaha olan sarsılmaz hüsnü-zənnin getdikcə səni möhkəm bir dağa döndərib. Elə bir dağ ki, dostlar ona sığınır, düşmənlər isə ondan çox çəkinirlər...

Allah-taala heç vaxt ona hüsnü-zənni olan qulunu tək buraxmır. Onun lütfünə, mərhəmətinə xoş ümidi olanı Allah heç vaxt naümid etmir.

Bəziləri buna inana bilməsə belə ...

Bəziləri inana bilmir ki, axırda qələbə, zəfər, uğur və hər bir yaxşılıq haqqla olacaq. Və son ancaq çətinliklər üçündür... Belə şəxslər Allahın nüsrətinə və köməyinə inanmırlar...

Ürəklərində belə deyirlər, axı necə ola bilər ki, böyük və güclü qüdrətlər qarşısında əliyalın zəfər çala biləsən?...

Qısası, Allaha sui-zənn edirlər! İnanmırlar! Təəssüf ki, imansız və düşüncəsiz kütlələr də onlara inanır və onların sözünü “məntiq”, “uzaqgörənlik” və buna oxşar hesab edirlər. Bax buna deyirlər, Allaha qarşı sui-zənnə uzaqgörənlik donu geyindirmək! Münafiqlər beləcə özlərini avam insanların gözündə ağıllı və uzaqgörən cilvələndirirlər! Tarixə baxsaq, görərik ki, nəmrudlar, fironlar, yezidlər və s. qarşısında kimlər qələbə çalıb. 1400 ildir kimin üçün əzadarlıq edilir? Hər il də bu mərasim saysız-hesabsız insanların axınıyla genişlənməkdədir. Belə ki, bütün dünya buna heyran qalır...

Ağıllı əslində o kəsdir ki, qorxu ilə deyil, ağlı ilə düşünür və ən böyük qüdrət olaraq yalnız Allahı görür! Beləliklə, əziz bacımız, bu zahirən “ağıllı” və “canıyananları” heç vaxt ciddiyə alma. Çünki, ilk günlər hər gün, hər saat sənin beynini yeyəcəklər, amma bir neçə gündən sonra heç sənin salamını belə almayacaqlar!

Əziz bacımız Leylacan, ümidin ancaq Allaha olsun! Ki, elə belə də var!

Çox düzgün deyiblər ki, hər şücaətli və mərd kişinin arxasında hökmən ondan da şücaətli və mərd bir xanım durur. Bir söz də deyək ki, inşAllah, günahsız məhbuslarımız başıucalıqla Azadlığa çıxanda deyə bilməzlər ki, böyük işləri tək kişilər yerinə yetirə bilər...

Hörmətlə: Zəhra Süleymanova, Mehparə Səmədova

Abgulsuleymanov.com


4736 بازدید
در حال ارسال اطلاعات...