İnsan əgər səmimi qəlbdən Allahdan bir şey istəsə, Allah ona inayət edər

İnsan biləndə ki, Allah-təala ondan bütün vücudu, bütün zahiri və batini qüvvəsi ilə bəndəlik etməsini istəyir, bunu da bilməlidir ki, gərək dili ilə öz acizliyini və gücsüzlüyünü izhar edə. Bu istək Pərvərdigarın dərgahında bəndəliyin nişanəsidir. Bu şirinliyi dadanlar bu bəndəliyin hansı izzəti və ağalığı gətirdiyini yaxşı bilirlər. Bəli, mərifətin ali məqamlarına çatmış kəslər yenə də hiss edirlər ki, gərək dua etsinlər və bəndəliyin nişanələrini dillərinə gətirsinlər. Bəndəliyin bu izharı ibadətdir və mövzuluğu var.
Allah insandan Onun dərgahında fəqirliyini, nadanlığını etiraf etməsini istəyir. Təbiidir ki, insanın bütün bədən üzvləri Allaha bəndəlik yolunda və ləyaqətli işlər görmək üçün həmahəng olarsa və o cümlədən bəndəliyin nişanələri, fəqirliyin, acizliyin izharı, Allahdan istənilən istəklər dildə səslənərsə, insan mətlub nəticəyə çatacaqdır. Çünki insanın bütün əndamı və qüvvəsi həmahəngdirlər.
Dua edəndə sanki bütün vücudu ilə müqəddəs rübubi dərgahdan hacətini istəyir. Təbiidir ki, Allahın rəhməti bu anda onu əhatə edir:
"(Ya Muhəmməd!) Bəndələrim Məni səndən soruşduqda söylə ki, Mən onlara yaxınam. Dua edib Məni çağıranın duasını qəbul edərəm..." (Bəqərə, 186)
Duada insan Allahdan bir şey istəyir, O da ona əta edir. Amma Allah məhəbbətinin, münacatın dadını dadmış kəslər üçün ən böyük ləzzət odur ki, elə ki “Ya Allah!” deyirlər, cavablarında onlara “Ləbbeyk” deyilmiş olsun. Amma bir kəs əgər ürəyini ancaq Allaha bağlasa, başqalarına üz tutmasa, bir şey istədikdə Allah ona əta edəcək. İnsan hər şeyini Allahdan istəməlidir. Acmışsa, çörəyini Allahdan istəsin və bütün vücudu ilə möhtaclığını, fəqirliyini Mütləq Qəni dərgahında izhar etsin, Həzrət Musa (ə) kimi desin:
“Ey Rəbbim! Mən Sənin mənə nazil edəcəyin xeyrə möhtacam!” (Qəsəs, 24)
Bu sözləri Həzrət Musa (ə) elə bir vəziyyətdə deyirdi ki, Misirdən qaçıb Mədyənə üz tutmuşdu və nə yeməyə bir şeyi vardı, nə də yatmağa bir yeri. Gecələr biyabanda torpağın üstündə yatırdı və aclıqdan çölün otlarını yeyirdi. Həzrət Əlinin (ə) buyurduğu kimi: -
“And olsun Allaha Musa (ə) Allahdan çörəkdən başqa bir şey istəmirdi, çünki biyabanın otlarını yeyirdi və o qədər arıqlayıb ət tökmüşdü ki, nazik dərisinin altında qarnındakı otların yaşıllığı özünü büruzə verirdi.” (Nəhcül-Bəlağə, xütbə 159, səh. 507)
Həzrət Musa Misirdən qaçandan sonra Mədyənə tərəf yollanır. Mədyəndə olarkən bir gün görür bir dəstə adam quyudan su çəkməklə məşğuldur. Görür iki nəfər qız da bir qıraqda dayanıb kişilərin su çəkməsini gözləyirlər ki, onlar gedəndən sonra bunlar da öz qoyunlarına su çəkib götürsünlər. Həzrət Musa (ə) o iki qızın yanına gedib soruşur: - “Burda niyə durmusunuz?” Elə ki, məqsədlərini anlayır, onlara ürəyi yanır, özü quyudan su çəkib qızların qoyunlarını suvarır. Sonra qızlar təşəkkür edib, qoyunları da qabaqlarına qatıb ordan uzaqlaşırlar. Bir azdan onlardan biri geri qayıdıb deyir: - “Atam səni görmək istəyir və bizə etdiyin köməkliyin əvəzini qaytarmaq istəyir.” Həzrət Musa (ə) qızların atası, Şüeybin yanına gedir. O qızlardan birini Həzrət Musaya (ə) ərə verir və bundan sonra Həzrət Musanın (ə) maddi həyatı – arvad, uşaq, asayiş, yemək – təmin edilmiş olur.
Bəli, insan əgər səmimi qəlbdən Allahdan bir şey istəsə, Allah ona inayət edər. Daha uzun, qəliz dualar etmək və artıq vaxt tələf etmək lazım deyil. Kifayətdir ki, Allahdan bütün vücudu ilə xahiş etsin, bununla da duası müstəcəb olsun.
Amma insan dua oxuyanda, hətta geniş məzmunlu, uzun dualar, əgər ürəyi Allahdan qeyrisinə də diqqət yetirərsə, o duanın təsiri olmayacaq. Əgər insanın ruhi hazırlığından əlavə saleh əməli də olmuş olsa duası tez təsirini göstərəcək.