Hər kimə Xanım Zəhra (s.ə) qəzəb edərsə, o şəxs Allahın qəzəbinə tuş gələr

Peyğəmbər (s) kimi o həzrətin Əhli-beytini (ə) də Allah-Təala ümmət üçün yol göstərən çıraq, haqla batil arasında fasilə qərar vermişdir. İnsan ağlı hökm edir ki, müəllim insana öyrətmədən öncə ondan dərs tələb edə bilməz. Dərs tələb etmək üçün əvvəlcə o dərsi ona öyrətmək lazım gəlir. Allah öz bəndəsinə cəza və ya savab verməzdən öncə ona ilahi müəllimlər göndərir ki, onlar insanlara ilahi təlimləri başa salsın. Bu ilahi peyğəmbərlərin (ə) mübarək vücudu meyar hesab edilir. İnsanlar ilahi peyğəmbərlərin (ə) gətirdikləri təlimlər əsasında doğru yolu tapırlar. İlahi peyğəmbərlərin (ə) sonuncusu olan Həzrət Mühəmməd (s) peyğmbər hətta ömrünün sonlarına yaxın izdiham içində Quran və Əhli-beytini (ə) ümmətə tapşırdı və buyurdu ki, onlara sarılsanız, heç zaman yolunuzu azmazsınız.
Bir çox məzhəblər tərəfindən Əhli-beyt sözü müəyyən mənalara yozulmuş, Əhli-beyt məfhumuna bir sıra misdaqlar nisbət verilmişdir. Əhli-beyt məfhumuna hətta Əziz Peyğəmbərimizin (s) bütün səhabələrini, xanımlarını, övladlarını, əmilərini, dayılarını – bir sözlə bütün qohum - əqrəbasını belə aid edəsi olsaq xanım Zəhra (s.ə) bu ailənin üzvlərindən hesab edilməlidir. Ən azından xanım - əri ona təlaq verdiyi halda artıq ərinin Əhli-beytindən yəni ailəsindən sayılmır. Amma bir ata qızını uşaqlar evinə tapşırsa belə o qız yenə də atasının qızıdır və Əhli-beytindən sayılır.
Bu kiçik təhlil bizi bunu deməyə əsas verir ki, xanm Zəhra (s.ə) Əhli-beytdən (ə) biridir, Quranın və hədislərin Əhli-beyt (ə) haqqında buyurduğu fəzilətlərə qeydsiz-şərtsiz sahibdir.
"Təthir" ayəsi xanım Zəhranı (s.ə) məsum və hər növ ricsdən (çirkinlikdən) pak bilir, "Mübahilə" ayəsi o Həzrəti (s.ə) peyğəmbərin (s) xanımlardan belə üstün və fəzilətli hesab edir. "Məvəddə" ayəsi isə Xanım Zəhranın (s.ə) məhəbbətini ümmətə vacib edib. Bütün bunlardan əlavə bir sıra nəbəvi hədislər də vardır ki, xanım Zəhranın (s.ə) fəzilətlərini açıq-aşkar bəyan edir. Bu hədislərin birində İslam Peyğəmbəri (s) xanım Zəhranın (s.ə) qəzəbiylə Allahın qəzəblənməsini bildirir. Yəni hər kimə Xanım Zəhra (s.ə) qəzəb edərsə, o şəxs Allahın qəzəbinə tuş gələr. Bu hədis barəsində heç bir məzhəb ixtilaf etməyib. Nəzəri olaraq bu və bu məzmunda olan hədislər üzərində bütün məzhəblər ittifaq edib. Hətta İmam Əlidən (ə) əvvəl hakimiyyətə sahiblənmiş şəxslərin özləri belə Xanım Zəhradan (s.ə) halallıq almağa gəlmişlər. Deməli, Əhli-beytin (ə) hər bir üzvü kimi Xanım Zəhra (s.ə) da sözün həqiqi mənasında haqla batil arasında bir fasilə və meyardır. Qəzəbi Allahı qəzəbləndirən insan razı olmasa Allah da razı olmaz. Onu qəzəbləndirən Allahı qəzəbləndirmişdir. Onu sevindirən, razı salan Allahı və Peyğəmbərini (s) razı salmışdır.
Bu günlər əyyami-fatimiyyə adlanır. Bu günlər Həzrət Zəhranın (s.ə) şəhadət günləridir. Xanım Zəhra (s.ə) İmam Əlinin (ə) ilk şəhid şiəsi hesab edilir. Onun haqqını difa etmiş, ümməti bu istiqamətdə agah etmiş, yaşayışı kimi şəhadətiylə də insanlara yol göstərmiş, haqla batil arasında meyar funksiyasını yerinə yetirmişdir. Qəzəbi Allahın qəzəbinə səbəb olan bu pakizə xanım (s.ə) öz zəmanəsinin imamı ünvanı ilə ancaq İmam Əlini (ə) müdafiyə etmiş, başqa heç bir şəxsi imam kimi tanımamışdır.Əks halda zəmanəsinin imamını tanımadan ölən şəxsin cahillə dövrünün ölüsü kimi, yəni kafir kimi ölməsini bilən şəxs öz axirətini sığortalamaq üçün İmam Əlidən (ə) öncəkilərin xilafətini rəsmi olaraq tanıyardı. Onun tanıdığı imam isə İmam Əli (ə) olub.
Tarixçilərin yazdığına görə Xanım Zəhra (s.ə) İslam peyğəmbərinin (s) vəfatından sonra altı ay yaşadı. Bu müdət ərzində zülmü ifşa edib, haqqı təbliğ etdi. İmam Əlinin (ə) ilk himayədarı və şəhid şiəsi hesab edildi. Özünü müsəlman hesab edən hər bir şəxs öz həyat yolunda Xanım Zəhranı (ə) özünə ülgü hesab etməli, nəzəri yox, praktiki olaraq özü üçün həzrətin (s.ə) həyatına uyğun həyat tərzi qurmalıdır, yəni həyatını paklıq və təharətlə başa vurmalıdır.
Əyyame-fatimiyyə münasibətiylə imami-zaman Həzrət Məhdiyə (ə.f) və bütün Əhli-beyt (ə) aşiqlərinə təsliyət ərz edirik.