"Kafirlərin xoşuna gəlməsə də, Allah öz nurunu (dinini) tamamlayacaqdır"

Həzrət Fatimeyi-Zəhra (s.ə)
Realist və məntiqi baxışla yanaşsaq, bəşəriyyət İslama, Qurana, peyğəmbərlərin və son peyğəmbərin təlimlərinə borclu olduğu kimi, Fatimeyi-Zəhraya (ə) da borcludur. Bu həqiqətdir. Tarix boyu həmişə belə olub, bu gün də belədir. İslam nuru və Fatimeyi-Zəhra (s.ə) mənəviyyatı günbəgün daha da parlayacaq və bəşəriyyət onu daha yaxşı dərk edəcək. Bizim borcumuz özümüzü bu ailəyə mənsubluğa layiq etməkdir. Təbii ki, Peyğəmbər (s) ailəsinə, onların yaxınlarına və onların vilayəti ilə məşhur olanlara mənsub olmaq çətindir. Ziyarətdə oxuyuruq ki, biz sizi sevməklə tanınırıq. Bu məsələ bizim üzərimizə əlavə vəzifələr qoyur.
Allah-Taala mübarək Kövsər surəsində əziz Peyğəmbərə (s) bol xeyir müjdəsi verib buyurdu: "Həqiqətən Biz sənə Kövsər (bol xeyir) bəxş etdik". (Kövsər/1) Burada "kövsər" deyərkən Fatimeyi-Zəhra (s.ə) nəzərdə tutulur. Bu, Peyğəmbərin (s) gətirdiyi din qaynağından hər gün bütün bəşəriyyətə, bütün məxluqlara çatan xeyirlər məcmusudur. Çoxları onu gizlətməyə və inkar etməyə çalışmış, amma bacarmamışlar: "Kafirlərin xoşuna gəlməsə də, Allah öz nurunu (dinini) tamamlayacaqdır". (Səff/8)
Biz özümüzü bu nur mərkəzinə yaxınlaşdırmalıyıq. Bu mərkəzə yaxınlaşmağın nəticəsi və xüsusiyyəti işıqlanmaqdır. Biz boş sevgi ilə yox, əməllə işıqlanmalıyıq; həmin sevginin, vilayətin və imanın bizə diktə etdiyi və bizdən istədiyi əməllə. Bu əməllə bu ailədən və ona bağlı olmalıyıq. Əli (ə) evində xidmətçi olmaq asan iş deyil; "Salman biz Əhli-beytdəndir" ("Əl-Kafi", c. 2, səh. 254) sözü kiçik söz deyil. Əhli-beyt tərəfdarları və şiələri olan bizlər onların bizi özlərindən və öz yaxınlarından bilmələrini gözləyirik. Ürəyimiz istəyir ki, Əhli-beyt bizim haqqımızda belə fikirdə olsun, amma bu asan deyil. Bu yalnız iddia ilə əldə olunmur. Bunun üçün əməl, fədakarlıq, bənzərlik və onlar kimi əxlaqa sahib olmaq lazımdır.
Siz görün Fatimeyi-Zəhra (s.ə) hansı yaşında bütün bu fəzilətlərə sahib oldu, hansı ömürdə bütün bu nailiyyətləri əldə etdi? Qısa ömürdə - 18, 20, yaxud 25 il ərzində. Bütün bu fəzilətlər əbəs əldə olunmur. Allah-Taala seçilmiş bəndə olan həzrət Zəhranı (ə) sınadı. Allah-Taalanın işləri əsaslı və hikmətlidir, bəxş etdiyini hansısa səbəbdən bəxş edir. O Özünün bu xalis bəndəsinin fədakarlığını, mərifətini, ilahi məqsədlər uğrunda qurban getdiyini bilir və məhz buna görə Öz mərhəmətini ona şamil edir.