Bizim Fatimeyi-Zəhranın (ə) həyatının bu hissəsinə öz xilasımız üçün ehtiyacımız var.
Bir hədisdə deyilir ki,
Fatimeyi-Zəhranın (ə) nurundan səma mələklərinin gözü qamaşır. ("Bihar əl-ənvar", c. 43, səh. 173) Biz bu parlaqlıqdan necə istifadə etməliyik? Biz bu parlaq ulduzun köməyi ilə onun yüksək dərəcələrə çatdığı doğru yolu - Allaha sarı gedən bəndəlik yolunu tapmalıyıq. Allah bu insanın maddi aləmdəki imtahandan yaxşı çıxacağını bildiyinə görə onun xəmirini belə yoğurdu. Allah-Taala hətta o xəmirə xüsusi lütf göstərirsə, onun bir hissəsi imtahandan necə çıxacağını bildiyinə görədir. Əslində çoxlarının xəmiri yaxşı idi, amma imtahandan çıxa bildilərmi?! Bizim Fatimeyi-Zəhranın (ə) həyatının bu hissəsinə öz xilasımız üçün ehtiyacımız var. Şiə kitablarında göstərilən hədisə əsasən, Peyğəmbər (s) buyurdu ki, Ey Fatimə, ey mənim əzizim, mən Allah qarşısında səni heç bir şeydən ehtiyacsız edə bilmərəm; ("Ət-Təəccüb", səh. 94) yəni öz başına çarə qılmalısan. Və o, uşaqlıqdan qısa ömrünün sonuna qədər bu işi gördü.
Siz görün o həzrət necə yaşamışdır. Ailə qurmazdan öncə çox böyük bir atası olan qız uşağı idi. Amma o zaman elə işlər gördü ki, onu "Ümmü-əbiha" – yəni atasının anası adlandırdılar. ("Bihar əl-ənvar", c. 43, səh. 16) O zaman rəhmət və nur elçisi, yeni dünyanın banisi, qlobal və həmişəyaşar inqilabın möhtəşəm rəhbəri İslam bayrağını ucaltmaqda idi. Ona əbəs yerə atasının anası demirlər. O həzrətin atasının anası adlandırılması onun xidmətinə, işinə, mücahidliyinə və fəaliyyətinə görədir. O həzrət istər Məkkədə, istər çox çətin keçən Əbutalib dərəsində, istərsə də anası Xədicənin dünyadan köçüb Peyğəmbəri (s) yalqız qoyduğu zaman atasının yanında oldu və onun dərdini bölüşdü. Qısa müddətdə baş verən iki hadisədən - Xədicənin və Əbutalibin vəfatından sonra Peyğəmbərin (s) qəlbi sındı. Peyğəmbər (s) az vaxt ərzində bu iki şəxsiyyəti əldən verib yalqız qaldı. Fatimeyi-Zəhra (s.ə) o günlərdə özünü göstərdi, kiçik əlləri ilə Peyğəmbərin (s) üzündən qəm tozunu sildi. "Ümmü əbiha" - atasının anası, Peyğəmbərin (s) təsəlli verəni deməkdir. Bu künyə o günlərdə yarandı.