Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Fevral 2017

Ey Fatimə! Həqiqətən Allah səni seçmiş

Biz o həzrətin mənəvi məqamlarına toxunmaq istəmirik, bu məqamları anlayıb dərk etməyə qadir də deyilik
Fatimeyi-Zəhranın (s.ə) mənəvi məqamı onun cihadına, inqilabına və ictimai məqamına nisbətən dəfələrlə yüksəkdir. O, bir insan, gənc bir qadın, əslində isə möhtəşəm bir varlıq, parlaq ilahi nur, saleh bəndə, üstün və seçilmiş bir insandır. Əziz Peyğəmbər (s) Əmirəlmömininə (ə) buyurdu ki, qiyamət günü sən mömin kişiləri cənnətə doğru aparacaqsan, Fatimə də mömin qadınları. O, Əlinin (ə) tayı və bərabəridir. İbadət mehrabında duranda Allahın minlərlə yaxın mələyi ona salam verir və müqəddəs Məryəmə müraciət etdikləri şəkildə deyirlər: "Ey Fatimə! Həqiqətən Allah səni seçmiş, pak və bütün qadınlardan üstün etmişdir". ("Bihar əl-ənvar", c. 43, səh. 16) Fatimeyi-Zəhranın (s.ə) mənəvi məqamı belədir.
Bir qadın gənclik çağında elə mənəvi məqama nail olur ki, bəzi hədislərə əsasən, mələklər onunla danışır və həqiqətləri ona göstərirlər. Onun bir ləqəbi mühəddəsədir - yəni mələklərin danışdığı və həmsöhbət olduğu şəxs. Bu, xilqətin və dünyanın bütün qadınları qarşısında mənəvi məqam və uca zirvədir. Fatimeyi-Zəhra (s.ə) bu böyük zirvədə durub bütün dünya qadınlarına müraciət edir, onları bu yola səsləyir. Tarix boyu – istər qədim cahiliyyətdə, istər iyirminci əsrin cahiliyyətində qadını təhqir etməyə, aşağılamağa, onu zahiri zinətlərə və bəzəklərə vurğun kimi təqdim etməyə, modaya, paltara, bəzək-düzəyə, qızıl-zinət əşyalarına bağlamağa, həyatın eyş-işrətinə alışdırmağa və bu yola sövq etməyə çalışan şəxslərin məntiqi Fatimeyi-Zəhranın (s.ə) mənəviyyat günəşinin istiliyindən qar kimi əriyir, məhv olur. İslam dəyərli və üstün şəxsiyyət olan Fatiməni (ə) qadın nümunəsi və örnəyi kimi təqdim edir. Onun zahiri yaşayışından, cihad və mübarizə həyatından, elmi natiqliyindən, fədakarlığından, evdarlığından, analığından, mühacirətindən, bütün siyasi, hərbi və inqilabi işlərdə iştirakından və böyük kişiləri təzimə vadar edən hərtərəfli üstünlüklərindən əlavə, uca mənəvi məqamı, rükusu, səcdəsi, ibadəti, duası, münacatı, ruhani mahiyyəti, mənəvi parlaqlığı, Əmirəlmöminin (ə) və Peyğəmbərlə (s) bərabər mənəvi həyatı olmuşdur. Qadın budur. İslamın göstərdiyi qadın örnəyi budur.
Fatimeyi-Zəhranın (s.ə) həyatında diqqətəlayiq bir məqam var. Biz o həzrətin mənəvi məqamlarına toxunmaq istəmirik, bu məqamları anlayıb dərk etməyə qadir də deyilik. Həqiqətən insani mənəviyyat və bəşər təkamülü zirvəsində duran belə bəndələri yalnız Allah tanıyır, məqamlarını görür. Fatimeyi-Zəhranı (s.ə) Əmirəlmöminin (ə), böyük atası və məsum övladları tanıyırdılar. O dövrün və sonrakı dövrlərin insanları və bu dövrdə yaşayan bizlər onun mənəvi nurunu görə bilmərik. Parlaq mənəviyyat nuru hər kəsin gözünə görünməz, bizim yaxıngörən və zəif gözlərimiz o parlaq insaniyyət nurunu görməyə qadir deyil. Bu baxımdan Fatimeyi-Zəhranın (s.ə) mənəvi məqamları haqda danışmırıq. Lakin o həzrətin adi həyatında mühüm bir məqam var. Bu məqam həm əri və övladları ilə rəftarında və ailə daxilində müsəlman bir qadının, həm də Peyğəmbərin (s) vəfatından sonrakı mühüm siyasi hadisələrdə mübariz, qeyrətli və yorulmaz bir insanın vəzifələrini yerinə yetirməsidir. O, məscidə gəlib çıxış edir, mövqe bilidirir, müdafiə edir və danışır. O, sözün əsl mənasında yorulmaz və dözümlü bir mücahid, həm də eyni zamanda bir abid, qaranlıq gecələrdə namaz qılan, ibadət edən, Allah qarşısında təzim göstərən bir insandır. Bu gənc qadın qədim ilahi övliyalar kimi Allahla raz-niyaz və Allaha ibadət edir.
Bu üç cəhətə birgə malik olmaq Fatimeyi-Zəhranın (s.ə) həyatının parlaq cəhətidir. O həzrət bu üç sahəni bir-birindən ayırmadı. Bəzi adamlar elə bilirlər ki, ibadət, dua və zikrlə məşğul olurlarsa, siyasi fəaliyyət göstərə bilməzlər. Bəzi adamlar elə bilirlər ki, siyasətlə məşğul olan, Allah yolunda mübarizə aparan qadın ev qadını ola, analıq və evdarlıq vəzifələrini yerinə yetirə bilməz; belə bir kişi də ev və ailə kişisi ola bilməz. Elə bilirlər bunlar bir-birinə ziddir, halbuki İslama görə bu üç xüsusiyyyətin bir-biri ilə ziddiyyəti yoxdur və kamil bir insanın şəxsiyyətində bir-birini tamamlayırlar.


4527 بازدید
در حال ارسال اطلاعات...