Əbu Səlt imam Rzanın (ə) vəfalı dostlarından idi. O, imam Rzanın (ə) vəsiyyətinə uyğun olaraq həzrətin dəfnindən sonra bir sıra dua və zikrlər oxudu. Birdən imamın qəbrində su zahir oldu və onun içərisində kiçik balıqlar göründü. Daha sonra bir böyük balıq gələrək, bütün kiçik balıqları yedi və özü də gözdən itdi. Əbu Səlt yenidən dua və zikrləri oxudu. Bu dəfə su qəbrdə tamamilə yoxa çıxdı.
Məmun və onun vəziri bu hadisəni öz gözləri ilə gördülər. Vəzir Məmuna dedi: Bu hadisənin yozumu odur ki, sənin ömrün bu kiçik balıqlar kimi qısadır və tezliklə böyük balıq səni həlak edəcək.
Dəfn mərasimindən sonra çox qorxmuş Məmun, Əbu Səltə dedi: Oxuduğun o dua və zikrlər nə idi? Onları mənə öyrət.
Əbu Səlt dedi: And olsun Allaha ki, o kəlmələri elə həmin vaxt unutdum.
Məmun çox narahat oldu və hiddətləndi. O, Əbu Səltin zindana salınmasını əmr etdi.
Əbu Səlt deyir: Bir il idi ki, Xorasanda zindanda idim. Bir gün ürəyim çox darıxdı. Gecəni narahatlıqdan yata bilmədim və səhərə kimi ibadətlə məşğul oldum. Allahı Məhəmməd (s) və onun əhli-beytinə (ə) and verdim ki, məni zindandan xilas etsin.
Etdiyim dua bitməmişdi ki, birdən imam Cavad (ə) zindana gəldi və mənə buyurdu: “Ey Əbu Səlt! Darıxmısan?” Dedim: Bəli! Bu vaxt imam Cavad (ə) mübarək əlini mənim əllərimə və ayaqlarıma bağlanmış zəncirlərə vurdu. Zəncirlər açıldı və həzrət mənim əlimdən tutaraq zindan gözətçisinin gözü önündə bayıra çıxardı. Gözətçinin mənə bir söz deməyə, yaxud mənim zindandan çölə çıxmağımın qarşısını almağa cürəti çatmadı. Beləliklə, zindandan xilas oldum.