Sizin gördüyünüz təmizliyə, səliqəyə riayət etməyən müsəlmanlar təəssüf ki, dinimizə əməl etməyən müsəlmanlar olub

Sadiq müəllim İsveçrəyə mühim bir iş üçün gəlmişkən dostu, tələbəlik yoldaşı İsveçrə vətəndaşı olan Hermanı da ziyarət etdi. Herman adlı isveçrəlinin evində şam etdikdən sonra Herman dostunu eyvanda çay içməyə dəvət etdi. Herman bəy İsveçrənin 26 kantonundan (məntəqə) biri olan Sürix şəhərinin Fischenthal məntəqəsində bir yerdə dəbdəbəli bir evdə yaşayırdı. Sürix şəhəri ölkənin şimal-şərqində Sürix gölünün kənarında yerləşir və ölkənin ən böyük şəhəridir.
Balkondan baxanda xeyli uzaqdan məntəqənin məhşur, adlı-sanlı kilsəsi də görünürdü. Bu məntəqənin rəsmi dili Alman dilidir və Herman İngilis dilindən əlavə Alman dilini də az-çox öyrənmişdi. Amma, il yarım idi ki, bu məntəqədə yaşaması və alman dilli insanlara qaynayıb-qarışması onun alman dilini yaxşı öyrənməsinə səbəb olmuşdu.
Herman əziz dostu Sadiq bəylə çay içə-içə balkonda söhbət edirdilər. O, uzaqdan əliylə kilsəni göstərib Sadiq bəyə dedi:
-Bu kilsəni görürsənmi? Buraların ən məşhur dini Roma katolik kilsəsidir. Əhalinin demək olar ki, tən yarısı bu dinə sitayiş edir və kilsəyə gedən də çoxdur. Ondan sonra protestantlıq gəlir. Bir faizdən çoxu isə ortadoksdur.
-Bəs müsəlmanlar neçə faiz təşkil edir?
-Miqrantlarla birlikdə hesablasaq, təqribən 4-5 faiz olar.
-Çox az...
-Mən dini söhbətlər edib ayrıseçkilik salmaq və müsəlmanlar haqqında danışmaq istəmirəm... Bir ətrafa bax, gör küçələr nə qədər səliqəli və təmizdir. Burada camaat küçədə hanburger yeyib kağızını küçəyə tullamır. Gördüyün o zibil üçün ayrılmış qutulara atır. Hətta, müsəlmanlar da buna öyrəşib. Onlar da bura gələndən İsveçrə mentalitetinə tabe olub mədəniləşiblər.
-Herman, əziz dostum, burada olan müsəlmanların bura gəlməzdən öncə və ya gəldikdən sonra necə rəftar və mədəniyyətə sahib olduqlarını deyə bilmərəm. Amma, onu bilirəm ki, İslama biz müsəlmanlar riayət etsək təmiz və səliqəli olarıq. Və harada olmağımız fərq eləməz. İsveçrə olsun, yaxud Hollandiya.
-Mən az-çox islam və müsəlmanlar haqqında oxumuşam. Gəldiyim nəticə bu olub ki, siz müsəlmanlar daha çox daxili paklığa, yəni mənəviyyata önəm verirsiniz. Zahirən libasınızın, şəhərinizin, küçənizin təmiz və səliqə olması sizin üçün o qədər də önəmli deyil. Amma deyim ki, mənəviyyətə önəm verməyiniz təqdirəlayiqdir.
-Yox, təəssüf ki, yanlış kitablar oxumusan dostum (- deyə Sadiq bəy gülümsündü daha sonra sözünə belə davam etdi:) Biz mənəviyyatımıza diqqət yetirdiyimiz kimi zahirimizə, libasımıza, evimizə, küçələrimizə də diqqət edirik.Söhbətə maraqlı bir məsələ ilə başlayım;
Bir neçə il bundan əvvəl İngiltərə qəzeti olan “The Independent” müsəlman ixtiraçıların haqqında bir məqalə dərc etmişdi. Maraqlı faktlardan biri budur ki, Səlib yürüşlərində müsəlman əsgərləri xristian əsgərləri görəndə təəccüb edirdilər. Ona görə yox ki, onlar işğalçı və təcavüzkar idilər, ona görə ki, onlar nadir hallarda çimirdilər və bədənlərindən daim iy gəlirdi. İlk dəfə sabun və şanpunu ərəb müsəlmanları icad edib. İngiltərədə isə şampun ilk dəfə 1759-cu ildə istifadə edilmişdir. O da, bir müsəlmanın Brayton şəhərində hamam açmasından sonra. Amma İspaniyada - Əndəlüsdə hələ səkkizinci əsrdən hamamlar mövcud olub. Hətta, bizim dini rəvayətlərdə məşhur "raculun sabuniyyun" ibarəsi var ki, mənası sabunçu, sabun satan kişi deməkdir. Bu ibarə bizim etiqad bəslədiyimiz və Həzrət İsa (ə) ilə birlikdə zalımlara qarşı vuruşacaq Həzrət Məhdiyə (ə.f) məxsus bir ibarədir. Yəni, Həzrətə nisbət verilən bir rəvayətdə keçib bu ibarə...
-Çayın soyudu Sadiq, hərdən bir iç çaydan...
Sadiq bəy çaydan bir-iki qurtum içib sözünə davam elədi:
-Baxın sizə bir faktı deyim. Siz bilirsinizmi ki, bizim alimlərimizin kitablarında hətta çalada cəm olub qalan təmiz suyu murdarlamaq belə bəyənilmir?
-Təbii ki, nalayiq hərəkətdir.
-Sizin gördüyünüz təmizliyə, səliqəyə riayət etməyən müsəlmanlar təəssüf ki, dinimizə əməl etməyən müsəlmanlar olub. Və siz onların əməlləri fonunda islamı belə tanımısınız. Bu cür müsəlmanlar hər yerdə var. Əgər dinləsəniz, sizə çox maraqlı bir hekayə danışaram.
-Buyurun... Çox maraqlı olar. Mən müsəlmanların belə söhbətlərini hər zaman dinləməyə hazıram.
-Amerikalıların 21-ci əsrin əvvəllərində işğal etdikləri və hələ də tamamiylə çəkilib getmədikləri İraq dövlətində bir şəhər var. Nəcəf şəhəri. Bu şəhərdə tarix boyu İslamın böyük alimləri yetişib. Mənim dostlarımdan birinin babası bu müqəddəs şəhərdə ali elmi rütbəyə yetişib. Dini biliklərə hərtərəfli və dərindən yiyələnib. Dostum Sovetlər Birliyinin süqutuna bir neçə il qalmış Ukrayna SSR-nin Ternopol şəhərində hərbi xidmətdə olub. Babasından uşaqlıqdan dini bilgilər öyrənib və riayət etməyə çalışıb. Biz müsəlmanlar avropalılardan fərqli olaraq zərurət tələbi olmayınca avropa tualetlərindən istifadə etmərik. Hətta, bizdə müsəlman kişilər belə tualetdə ayaqüstə deyil, oturaq-sallaxı vəziyyətdə öz ehtyaclarını qarşılayarlar. Bu həm böyrəklərin sıxılmasından və içində nəcasətin qalmaamsından ötrüdür, həm də libasımıza nəcisin sıçramamasına görə.
Dostum deyir; bir gün komandirlərdən birinə mənim dinə bağlı adam olduğumu bildirmişdilər. Komandirim müsəlmanlar arasında cavanlıqda çox olduğuna görə müsəlmanları həmişə dürüst və etibarlı insanlar kimi tanıyıb. Məni "ilişdirə" bilərdi, amma etmədi. Hətta, mənə dedi ki, mən bilirəm ki, siz müsəlmanlar dilinizə söyüş və nalayiq söz gətirmədiyiniz kimi, yəni ağzınızı, dilinizi təmiz saxladığınız kimi, tualetdə belə libasınızı və bədəninizi təmiz saxlayırsınız. Çünki ibadət əhlisiniz. Müsəlman olmayanlar isə burada söyüş söyməyə adət edib. Deməli, ibadət edənin batinindən əlavə zahiri, bədəni də burada müsəlman olmayan və ağzı söyüşlə açılıb-yumulan əsgər-zabit heyətindən təmiz və pakdır. Afərin sizə! Amma ehtiyatlı olun!
-Sizi təmizliyə ibadətiniz, duanız sövq edir?
-Bəli, ibadətin bu işdə çox böyük rolu var. Bizim dinimizdə namaz ayini var. Gün ərzində 17 dəfə Allahımız üçün təşəkkür əlaməti olaraq diz qatlayarıq. Bu ibadətin bəzi müqəddimələri var. Ən mühümü bu ayini icra etməzdən əvvəl su ilə bəzi əzalarımızı yumağımızdır. Hətta, Peyğəmbərimizdən (s) bir hədis var. Buyurur ki, sizlərdən hansısa biriniz gündə beş dəfə çayda çimsə təmizlənməzmi?
-Gündə beş dəfə?
-Bəli, beş dəfə... Peyğəmbərin (s) yanındakılar cavab verir: bəli təmizlənər. Peyğəmbər (s) buyurur, namaz qılan şəxs də, gündə beş dəfə namaz qılmaqla təmizlənir. Herman, biz namaz qılmaqla həm ibadət edib mənəviyyatımızı paklayırıq, həm də bədənimizi su ilə yuyuruq. Özü də diqqət etsən görərsən ki, bədənimizin yuyulması mənəviyyatımızın yuyulmasının müqəddiməsidir. Və İslamı araşdırsan görərsən ki, bu əsnada istifadə etdiyimiz suyun pak olması əsas şərtdir, əks halda müqəddimə düzgün olmaz. Müqəddimə düzgün olmadıqda isə ibadət də düzgün olmayacaq