Ağrı-acılı və şirin xatirələrlə dolu olan həyat insanın qısa ömrünü əhatə edir. O hər cür çətinliklə qarşılaşır və bu inkar olunmaz həqiqət əsasında da insanın həyatı daim çətinlikdə və ya asayişdə olur.
Biz həyatın qanunlarını ürəyimiz istədiyi kimi dəyişə bilmərik, lakin həyatla yaxından tanış olduqdan sonra, yaşadığımız dünyada bizi əhatə edən varlıqlara müsbət münasibət bəsləyib orada mövcud olan və hər birinin öz əsrarəngiz sirr və gözəlliyi olan məxluqata qarşı yönələn mənfi münasibətləri aradan qaldıra bilərik.
Yaxud əksinə olaraq varlıqların gözəlliklərini unudub diqqətimizi onların mənfi xüsusiyyətlərinə də cəlb edə bilərik. Bir sözlə hər bir insan öz tərzi-təfəkkürünü istədiyi istiqamətə yönəldib dünyanı öz istədiyi rəngə boyaya bilər.
Həyatda qarşımıza çıxan maneələri aradan qaldırmağa hazır olmalı və hər şeydən əvvəl soyuqqanlığımızı qoruyub saxlamalıyıq. Əks təqdirdə ağır xəsarətlərlə qarşılaşıb, bir çox hallarda hətta məhv olub aradan gedə bilərik.
Bəziləri belə bir fikirdədirlər ki, əgər dünyada baş verən hadisələr bir qədər fərqli həyata keçsəydi, səadətə qovuşar və xoşbəxt olardılar. Halbuki, onların bədbəxtçilik və müvəffəqiyyətsizlikləri hadisələrin baş verməsindən deyil, onlara olan baxış və münasibətlərindən asılıdır. Belə ki, xarici amillərin qoyduğu təsirləri istənilən kimi dəyişib uğur qazanmaq olar.
Məşhur yazıçılardan biri yazır: "Fikrimiz narazılıq çərçivəsindən kənara çıxmayır. Hansı şərait və hansı vəziyyətdə oluruqsa-olaq, daim gileylənir və öz narazılığımızı bildiririk. İnsan elə bir varlıqdır ki, nə qədər ki cismi və ya ruhi çatışmazlığı var daim nəsə istəyir və nəyinsə arzusunda olur. Bəzən hətta nə istədiyimizi belə bilməyirik və belə fikirləşirik ki, başqları xoşbəxtdir və bunun üçün də daxilən əzab-əziyyət çəkir və onlara həsəd aparırıq. Vücudumuz şıltaq və ağlağan uşaq tək bir an da olsun bizi rahat buraxmayır və biz yalnız o zaman rahatlıq tapa bilirik ki, bu şıltaq uşağı həqiqəti görməyə vadar edək. Pislikdən savayı bir şey görməyən bu uşağın gözlərini açıb ona gözəllikləri göstərməliyik. O, bilməlidir ki, həyat bağında yalnız görənlər gül dərə bilər, görməyənlər isə özlərini tikanlı kollara atarlar. Əgər hövsələsizlik və bədbinliyi kənara qoyub hər şeyə olduğu kimi nəzər salarıqsa, görərik ki, bütün dövrlərdə hətta xeyirlə şər bilinməyən və daim təhlükə qarşısında olduğumuz, yaşadığımız hal-hazırki zamanda belə, hələ də həyat öz bağında gözəlliyi ilə valeh edən gülləri görməyə qadir olanları özünə cəlb edir.
İnsanın tərzi-təfəkkürü onun xoşbəxtliyinə böyük təsir göstərir və bu, insanın səadətə çatmasına səbəb olan ən başlıca amildir. Hər hansı bir qeyri-adi hadisə, daim zülmət və qaranlığa qapılan bir şəxs üçün dözülməz hala və həll olunmaz bir məsələyə çevrilir. Lakin həyata ümid gözü ilə baxan və bədbinlikdən uzaq olan şəxslər qarşılaşdıqları bütün çətinliklərin müqabilində müqavimət göstərir, səbir və təmkinliklə düşdüyü böhrandan çıxmağa qadir olur.
Özlərini bədbəxçiliyə düçar edən şəxslər isə ömürlərini-günlərini qan-qaraçılıq və iztirab içində keçirərlər. Onlar qarşılaşdıqları çətinliklərin aradan qaldırılmasında nə qədər səy göstərsələr də öz səy və zəhmətlərini hədərə vermiş olurlar və eyni zamanda yaşadıqları dünyada onları əhatə edən gözəlliklərdən xəbərsiz qalmış olurlar.
Alimlərdən biri deyir: "Dünya insanla qarşılıqlı olaraq müamilə edir. Əgər üzünə güləriksə güləcək, yox əgər ona qarşı kin-küdurətli olarıqsa, o da bizə qarşı eləcə qaş-qabaqlı olacaqdır. Əgər fikir və düşüncədə olarsınızsa, alimlərlə ünsiyyətdə olacaq, əgər səmimi və mehriban olarsınızsa ətrafınızdakılar da sizləri sevəcək və qəlblərini sizə açacaqlar".
Qarşılaşdığımız çətinliklər zahirdə ağrılı-acılı olsa da, insanın tərzi-təfəkkürünə və psixologiyasına müsbət təsir göstərir. Belə ki, insanın ruhiyyəsi çətinliklərlə qarşılaşdıqca daha çox təcəlli edə bilir və məhz belə bir şəraitdə insanın ruh və şüuru təkamülə doğru hərəkət edir.
Bədbinliyin verdiyi zərərlər
"Bədbinlik", ümidsizlik və nakamlıq nəticəsində meydana gələn olduqca qorxulu bir ruhi xəstəlikdir. İnsanın şəxsiyyətinə məhvedici təsir bağışlayan bu mənfi xüsusiyyət daim ona mənəvi əzab verir. Bir çox hallarda iztirab və nigarançılıqlardan meydana gələn bu xüsusiyyət insanın daxilində bəzi ciddi dəyişiklərin meydana gəlməsinə səbəb olur.
Qeyd olunan səbəblər üzündən insanın qəlbində kök atan bu xüsusiyyət öz mənfi təsirini onun tərzi-təfəkküründə göstərir.
Ruhu bədbinlik xəstəliyinə düçar olan şəxslər nəinki yaradılışın gözəlliyini dərk etmir, hətta öz xoşbəxtliyini belə əldən verir. Başqaları barədə mənfi fikirdə olduqları üçün onların gördükləri işlərə daim irad tutur və yalnış təsəvvürə malik olurlar. Mənfi ruhiyyəyə yiyələnən bu şəxslər adətən müsbət xüsusiyyətə malik olmurlar. Daim yanlış təsəvvürləri ilə özlərinə çətinlik yaradırlar və bəzən zehnlərini heç vaxt qarşılaşmayacaqları məsələlərlə məşğul edib özlərini tələf edirlər.
Yüksək əhval-ruhiyyəyə malik olan və bir an da olsun öz ümidlərini üzməyən şəxslər ətrafındakılara ruhiyyə verib, onlara mənəvi dayaq olduqları kimi, bədbin insanlar da ünsiyyətdə olduqları şəxsləri öz əməl və dediyi sözlərlə iztirab və nigarançılığa salır və onları gələcəyə işıq saçan ümid çırağından məhrum edirlər. Bədbinlik yalnız ruha deyil, cismə də mənfi təsir göstərir və bir çox xəstəliklərin müalicəsində böyük maneələr yaradır. Məşhur tibb mütəxəssislərindən biri deyir: "Hamı və hər şeylə müxalif olan şəxslərin müalicəsi intihar qəsdində olaraq özünü dənizə atan şəxsi xilas etməkdən daha çətindir. Daim narazı və həyəcan içində yaşayan şəxsə dərman vermək qaynar zeytun yağına su tökmək kimi bir şeydir. Çünki, istifadə olunan dərmanın müsbət təsir göstərməsi üçün ilk növbədə xəstənin özünə və başqalarına etimad bəsləməsi, yüksək əhval-ruhiyəyə yiyələnməsi və özünü idarə edə bilməsi lazımdır.
Bəzi bədbin insanların hamıdan uzaqlaşaraq heç kimlə ünsiyyətdə olmadıqlarını müşahidə edirik. Belə bir xoşagəlməz adətə vərdiş etməklə onlar öz istedad və bacarıqlarının qarşısını almış olurlar və nəticədə zülmət və qaranlıq bir həyata düçar olurlar. İntihara səbəb olan ən başlıca amillərdən biri də məhz bədbinliyin insanın ruh və fikrinə hakim olmasıdır.
Cəmiyyətə nəzər saldıqda bunun şahidi oluruq ki, camaatın bir-birlərinə dedikləri sözlər bir çox hallarda bədgümanlıqdan irəli gəlmişdir. Müqayisə etmək bacarıqlarının zəif olmasına baxmayaraq, həqiqəti üzə çıxarıb yəqinlik hasil etmədən qəti nəzər verirlər və bir çox hallarda ciddi çətinliklərlə üzləşirlər. Bəzən onların şəxsi-qərəzlikləri əməl və dedikləri sözlərdən bəlli olur.
Məhz bu böyük eyib etimadın aradan getməsinə, dostluq və səmimiyyətin zəifləyərək əxlaq və ruhiyyəyə xələl gətirməsinə səbəb olur.
Zərəri fərd və cəmiyyət üçün aradan qaldırılmaz olan bəzi ədavət və düşmənçiliklər yanlış təsəvvür və gümanlardan irəli gəlir. Bədbinlik cəmiyyətin müxtəlif təbəqələrinə, hətta alim və filosoflara belə öz təsirini göstərir. Tarix boyu müxtəlif dövrlərdə, bütün cəmiyyətlərdə alim və mütəfəkkirlər meydana gəlmiş və bədbinlik üzündən yanlış tərzi-təfəkkürə yiyələnmişlər. Öz elm və məlumatlarından istifadə edərək bəşəriyyətə xidmət etmək əvəzinə, yaradılış aləminə eyib və nöqsanlar tutaraq heç bir əsası olmayan nəzəriyyələr irəli sürmüşlər və nəticədə insanların tərzi-təfəkkürünə ağır zərbə vuraraq onlara yiyələndikləri əxlaq və əqidəyə görə istehza etmişlər. Bədbinlik onların bəzilərində o qədər güclü olmuşdur ki, yer üzündə əhalinin artmasını və müxtəlif millət və irqlərin meydana gəlməsini ciddi təhlükə hesab etmiş və bunun üçün də bu məsələnin qarşısını almağı zəruri hesab etmişlər. Onlar hətta minlərlə günahsız insanın qanının tökülməsini adi hal hesab etmiş və tarix boyu yüzlərlə cinayətlərə əl atmışlar. Əgər bəşəriyyət onların tərzi-təfəkkürlərinə tabe olsaydı, bu günlər nə mədəniyyətdən, nə də inkişafdan söz açmaq olardı.
"Əbu Əla" adlı olduqca bədbin bir filosof həyatı başdan-ayağa əzab-əziyyət hesab edərdi. Bu bədbin insan bəşəriyyətin nəslinin kəsilməsi üçün evlənməyi öz davamçılarına haram etmişdir.
Deyilənlərə görə, ölüm ayağında olarkən belə vəsiyət etmişdir: Qəbrimin üzərinə bu sözləri yazın: "Bu qəbir atamın mənə qarşı etdiyi cinayətin nişanəsidir. Mən isə heç bir kimsəyə qarşı cinayət etmədim!"
Nur-az.com