Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Aprel 2014

Vəhhabizmə qarşı Əhli-sünnə birliyi

Kitabla tanış olandan sonra zehində canlanan ilk fikir bu olur: “Vəhhabizmə qarşı Əhli-sünnə birliyi”. Ölkəmizdə mövcud dini boşluqlardan biri də məhz budur.
Bu gün vəhhabilər özlərini Əhli-sünnə adlandıraraq həm Azərbaycanın 25-30 faizinin dəstəyini almağa, həm onları asanlıqla öz sıralarına çəkməyə çalışır, həm də hər hansı basqı ilə üzləşəndə haray-həşir salırlar ki, sünnilərə təzyiq var və sair. Amma kim də bilməsə, vətənimizin sağlam Əhli-sünnə mənsubları gözəl bilirlər ki, vəhhabizmin onlara heç bir dəxli yoxdur, onlar burada şiə etiqadlarını küfr adlandırdıqları kimi sünni ölkələrində də sünni etiqadlarını küfr sayırlar; onların öldürdükləri sünnilər şiələrdən çox olmasa da, az deyil.
İmam Həsən Müctəbanın nəslindən olan Məhəmməd Ələvi Maliki 1944-cü ildə Məkkədə anadan olmuş, 2004-cü ildə orada vəfat etmişdir. Misirin əl-Əzhər universitetinin ilahiyyat fakültəsindən doktorluq dərəcəsi almış, sonralar isə onun fəxri professoru seçilmiş Məhəmməd Ələvi, Maliki məzhəbinin müftisi və hədisşünas alim kimi tanınmış, sufi təmayüllü, etiqadda isə Əşəri firqəsinin davamçısı olmuşdur.
Ələvilər ailəsi Vəhhabi etiqadlarına zidd olaraq Peyğəmbərin doğum günündə Məkkədə yerləşən evlərində bayram tədbiri keçirirlər. Məhəmməd Ələvinin atası da bu işi görürmüş, özü də. İndi isə bu ənənəni onun oğlu Əhməd Ələvi davam etdirir.
“Məfəhim yəcib ən tusahhih”. Məhəmməd Ələvinin “İslahı vacib məsələlər” kitabının orijinal adı belədir. Tanınmış sələfişünas alim Doktor İsam əl-İmad bu kitab barədə belə qısa rəy bildirmişdi: “Tarix boyu vəhhabizmə qarşı yazılmış ən yaxşı kitablardan biri”.
Bu kitab Peyğəmbər nəslindən olan bir sünni aliminin vəhhabizmə qarşı fəryadı, iqtisadi, siyasi və media imkanları ilə müsəlmanların etiqadlarını, əməllərini küfr, bidət adlandıran dar düşüncəlilərə etirazdır. Adından da göründüyü kimi, Ələvi bu kitabda Vəhhabi etiqadlarına yenidən baxılmasının, mövcud səhvlərin aradan qaldırılmasının vacib olduğuna diqqət çəkir, vəhhabi şeyxlərinə hidayət arzulayaraq Quran, sünnə və sələflərlə yanaşı İbn Teymiyyədən, bəzən də Məhəmməd ibn Əbdülvəhhabdan sitatlar gətirməklə onları qane etməyə çalışır.
Kitab Etiqad, Nübüvvət və Ziyarət adlı üç fəsildən ibarətdir. O, birinci fəsildə vəhhabilərin küfr və azğınlıq meyarlarının yanlış olmasından və müsəlmanlara qarşı uyğun ittihamların acı nəticələrindən bəhs edərək bu əməlin Quran və sünnəyə əsaslanmadığını bildirir. Məhəmməd Ələviyə görə, hər hansı bir hədisi görən kimi ona uyğun hökm çıxarmaq düzgün deyil. Əslində Peyğəmbərin sözlərini kompleks şəkildə araşdırmaq, eyni mövzuda olan bütün dəlillərə əsasən fətva vermək lazımdır. Bəzi hədislərdə iman və namaz kimi əməllərə bəzi şərtlər söylənib. Lakin bütün hədislərdən belə nəticə çıxarırıq ki, bu hədislərdə məqsəd kamil iman və kamil namazdır. Yəni bu şərtlər olmasa, insan kafir və binamaz sayılmaz.
Müəllif həmçinin vəhhabilərin şirk adlandırdığı təvəssül və şəfaət məsələlərinə toxunub Peyğəmbərin təkcə məhəbbəti ilə deyil, özü ilə də təvəssül etməyin, təkcə sağlığında deyil, vəfatından sonra da ondan şəfaət istəməyin mümkünlüyünü sübuta yetirir.
Kitabın ikinci fəsli nübüvvətə, Peyğəmbərin xüsusiyyətlərinə və təbərrükə dair bəhslərə həsr olunub. Müəllif bu fəsildə vəhhabi materializminə qarşı çıxıb Peyğəmbərin bəzi fövqəltəbii xüsusiyyətlərinin olduğunu vurğulayır, səhabələrin ona, əbasına, qəbrinə, namaz qıldığı və əlinin toxunduğu yerə təbərrük etməsinə dair çoxlu nümunələr gətirir.
Üçüncü fəsildə Peyğəmbərin ziyarətindən danışan müəllif onun bərzəx həyatını yaşadığını, çağıranları eşitdiyini, ziyarətinin, qəbrini öpməyin, qəbrin üstünə əl çəkməyin şəriətə uyğun olduğunu dini mətnlərlə əsaslandırır. Müəllif qeyd edir ki, Peyğəmbərin qəbrini və digər yadigarlarını qorumaq, doğum gününü qeyd etmək lazımdır və burada dinə zidd bir şey yoxdur.
Gözlənildiyi kimi, kitabın çapından sonra Məhəmməd Ələviyə qarşı güclü təbliğat başladı, kitablar, məqalələr yazıldı, vəhhabi ənənəsinə uyğun olaraq müəllif təkfir edildi. Bu onun haqqında ikinci təkfir idi. Birinci dəfə o, “əz-Zəxair əl-Məhəmmədiyyə” kitabını yazanda Səudiyyə Ərəbistanının Baş Fətva İdarəsi ona qarşı bəyanat yaymış, idarənin alimlər heyətinin üzvü Abdullah ibn Süleyman təkfirçi üslubda “Maliki ilə söhbət” kitabını qələmə almış, Baş Müfti Bin Baz kitaba müqəddimə yazaraq Malikini küfrə və şirkə çağırmaqda ittiham etmişdi.
Ələvi Malikinin yeni kitabına qarşı hücumlar başlayandan sonra isə Əhli-sünnə dünyasının hər tərəfindən ona güclü dəstək verildi, vəhhabizmə qarşı Əhli-sünnə ittifaqı yarandı. Nəticədə qara piar vəhhabilərin zərərinə tamamlandı, onların heç də Əhli-sünnə etiqadlarına malik olmadıqları ortaya çıxdı. Növbəti çaplarda dərc olunan müxtəlif Əhli-sünnə mərkəzlərinin və böyük elmi şəxsiyyətlərinin rəyləri isə hamını heyrətə saldı: BƏƏ-nin İslam İşləri naziri Məhəmməd Xəzrəci, Misirin sabiq Baş müftisi Məhəmməd Məxluf, əl-Əzhərin sabiq rektoru Məhəmməd Nəccar, Qahirə universitetindən Doktor Təftazani, Mərakeş İslam Alimləri Birliyinin sədri Abdullah Həsəni, Küveytin sabiq dövlət müşaviri Əllamə Rüfai, Komor adaları respublikasının müftisi Şeyx Məhəmməd Al əş-Şeyx, Çad müsəlmanlarının imamı Musa Zeyfullah, Sudan müftisi Əllamə Seyid Əhməd Əvəz, Lahur Əşrəfiyyə Universitetinin rektoru Məhəmməd Übeydullah və universitetin digər alimləri, Pakistan Alimlər Məclisinin sədri Əbdülqadir Azad, Ərəbistanın böyük alimlərindən olan Əhməd Əbdülğəfur, Bəhreyn Mərkəzi Şəriət Məhkəməsinin hakimi Məhəmməd Yusif Siddiqi, Yəmən müftisi Əhməd ibn Məhəmməd, Tunisin Şəriət institutunun sabiq rektoru Məhəmməd Şazili, İndoneziya İslam mərkəzinin sədri Məhəmməd Həbəşi, Həzrəmut Alimlər Birliyinin sədri Əbdülqadir Səqqaf və sair.
Xatırladaq ki, bu, Əhli-sünnə alimləri tərəfindən Vəhhabiliyə qarşı yazılmış yeganə kitab deyil. Biz sayı-hesabı bilinməyən belə kitabların ən dəyərliləri haqda arabir məlumat verməyə çalışacağıq.

Nur-az.com


6583 بازدید
در حال ارسال اطلاعات...