İmam (ə) buyururdu ki, mən qarışqanın ağzından qidasını almaq miqdarında olmuş olsa belə zülm etmərəm.
İlk Qədr gecəsi bildiyimiz kimi həm də İmam Əlinin (ə) səcdədə zərbətləndiyi gündür. Məsihi alimlərindən olan Corc Cordan bu hadisəni İmam Əli (ə) barəsində “Mehrabında ədalətinə görə qətlə yetirildi” ibarəsiylə mədh edir. Təbii ki, İmam Əlinin (ə) islam dünyasında - hətta Corc Cordana müraciət etsək təkcə İslam dünyasında deyil - ümumiyyətlə tarixdə adı ədalət rəmzi, ədalət bayraqdarı kimi qeyd edilib. Bunu təsdiq edən bir sıra tarixi hadisələr mövcuddur.
Məsələn İmam Əlinin (ə) hakimiyyətə gəldiyi zamanda baş verən hadisələrə baxdıqda görürük ki, İmamdan (ə) öncəki xəlifələr xarici ölkələrə hücumlar təşkil etmişdilər. Məxsusən də üçüncü xəlifə Osmanın zamanında ayrıseçkilik, qohumbazlıq baş alıb getmişdi. Əməvilər (Osmanın mənsub olduğu nəsil) yüksək postlara yiyələnmişdilər. Ədalət, təqva əvəzinə, qohumçuluq, pul, şan-şöhrət meyar olmuşdu. Amma İmam (ə) xəlifə olmazdan öncə öz platformasını açıqlayarkən buyurmuşdu ki, İslam üçün kim nə iş görübsə mükafatını Allahdan alacaq, beytül-maldan (müsəlmanların ümumi büdcəsi) deyil. Bu cür də oldu. İmam Əli (ə) zatən bilirdi ki, insanlar onun ədaləti ilə barışa bilməyəcəklər. Buna görə ilk günlərdə xilafətdən imtina edirdi. Amma, bu xilafət həqiqətdə onun haqqı idi, gec-tez ona qayıdacaqdı. Çünki bu Rəsulullahın (s) Qədir-Xum günü verdiyi vəd idi.
İmam Əlinin (ə) xilafətə sahib çıxması isə mümkün qədər məzlumların haqqını özünə qaytarmaq üçün idi. 4 il 9 ay müddətində İmam Əli (ə) xəlifə olub və bu müddət məzlumların haqqının özlərinə qaytımasından ötrü iş görmək üçün heç də az bir müddət deyildi. Məhz bu müddətin sayəsində bu gün İslam dünyası İmam Əliyə (ə) istinad edərək ədaləti, haqqı, məzlum haqqını qorumaq kimi ilahi dəyərləri öyrənib. Burada çox incə bir nöqtə bundan ibarətdir ki, biz zatən İmam Əlinin (ə) timsalında Rəsulullah (s) zamanında və Rəsulullahdan (s) sonra üç xəlifə zamanı mərdliyi, qorxmazlığı, alimliyi, ədaləti, təqvanı tanımışıq. Amma bir zaman gəlməli idi ki, İmam Əli (ə) siravi bir mömindən əlavə, xəlifənin, dövlət baçısının da necə bir ədalətə sahib olmasını göstərməli idi. Məsələn, biz İmam Əlidən (ə) əvvəlki xəlifələrin, xüsusən Osmanın dövründə ayrıseçkilik görürük, məzlumların haqqının tapdanmasını görürük. Bundan ötrü həmin insanların zahiri xəlifəsi olmadığı vaxtlarda İmam (ə) bu zülmlərdən məsuliyyət daşımırdı. Amma elə ki, xəlifə oldu, ictimai ədaləti bərpa etməyə çalışdı. Çünki buyururdu ki, əgər mənim tabeliyimdə yaşayan hansısa insana zülm olunur, haqqı tapdanırsa mən bundan ötrü cavabdehəm. Hətta İmam (ə) buyururdu ki, mən qarışqanın ağzından qidasını almaq miqdarında olmuş olsa belə zülm etmərəm.
Tarixin maraqlı bir səhifəsi var: İmam Əli (ə) hakimiyyətə gələndən sonra ilk dəfə məhz onun xilafəti zamanında vətəndaş müharibəsi başladı. Üç müharibə İmamın (ə) zamanında baş verdi. Hər üç müharibədə İmamın (ə) mübarizə apardığı insanlar müsəlmanlar idilər, səhabə idilər. Amma İmamdan (ə) əvvəlki xəlifələrin müharibələri kafirlər əleyhinə oldu. Niyə bu belə olmuşdu? Çünki İmamdan (ə) əvvəl heç bir xəlifə daxili təmizləmə ilə məşğul deyil idi. Onlar nə qədər acı da olsa daxildəki ədalətsizlik və zülmləri görmürdülər. Amma İmam Əli (ə) gözəl bilirdi ki, xarici ərazilərə hücum etməkdən daha əhəmiyyətli məsələ daxildəki “xariciləri” təmizləmək və ədaləti bərqərar etməkdir. Buna görə də Həzrətin (ə) ədalətiylə barışmayanlar İmam (ə) əleyhinə silaha sarıldılar, amma layiqli cavablarını aldılar.
Əli (ə) hakimiyyətə gələn kimi əvvəlki xəlifədən qalma məmurları işdən çıxartdı. Özü məsləhət bildiyi insanları iş başına gətirdi. O zamanlar məsciddə valilərin adları oxunarkən bəzisi hətta özünün İmam Əli (ə) tərəfindən vali təyin edilməsinə inanmırdı da. Özlərinin dövlət və idarəçilik işlərində sərişdəsiz olduqlarını düşünürdülər. Hətta bəzisinin ayağına ayaqqabı ala biləcək qədər pulu belə yox idi. Amma Həzrət İmam (ə) bilirdi ki, bunların təqvaları və imanları var. Zatən idari və siyasi işləri İmam Əli (ə) özü ciddi nəzarətlə idarə edəcəkdi. Edirdi də, öz valilərinə (məntəqələrə təyin edilən başçılar) daim göz qoyurdu. Məsələn, “Nəhcül-Bəlağə”dəki məktublardan biri Bəsrə valisi Osman ibn Hüneyfə yazılıb. Məktubu oxuyarkən osmanın günah iş gördüyünü məktubda görmürük. İmam (ə) ona yazıb ötən gün şəhərin imkanlı şəxslərinin süfrəsinə getməyindən xəbər olduğunu bildirir. Osmana yazıb onun İmam Əlini (ə) təmsil etməsini bir daha xatırladır. Burada görürük ki, İmam Əli (ə) həqiqətən öz valilərinə nəzarət edir və lütf edib onlara xəbərdarlıq edir. Burada İmam (ə) çox mühüm bir məqama diqqət çəkərək Osman ibn Hüneyfin diqqətinə çatdırır ki, kimi təmsil etdiyi unutmasın. Əslində İmam (ə) bu hərəkətlə bir xəlifənin, dövlət başçısının ədalətə riayət etməsinə işarə edir. Dövlətin başında duran şəxs ədalətli, təqvalı olmasa öz valisini ədalətə, təqvaya, insafa dəvət edə bilərmi? Ümumiyyətlə ona ədalətdən moizə etməyə dövlət başçısının mənəvi haqqı çatarmı? Yaxud belə də deyə bilərik ki, özü ədalətli olmayan dövlət başçısı hansısa icra başçısının ədalətə riayət etməsində maraqlı ola bilərmi? Heç vaxt.
Bu gün ədalət məsələsi çox önəmli bir məsələdir. Dünyada nə çox xalqın ədalətsizlikdən əziyyət çəkdiyinin şahidi oluruq. Xəstəlik, kasıbçılıq bir gün gələr və çəkilib gedər. Amma ədalətsizliyin dövlətə, xalqa vurduğu ziyanlar çətin sağalan yaralara bənzəyir.
Ədl və ədalətin istər fiqhdə, istəsə də əqaid kitablarında gözəl tərifini veriblər. Ədalət o qədər mühüm bir məsələdir ki, nəinki bir dövlətin, xalqın rəhbərliyini üzərinə götürən şəxsdə bu sifət olmalıdır, hətta, iki nəfərdən ibarət camaat namazına imamətlik edən şəxsin belə ədalətli olması zəruridir. Əks halda ona iqtida etmək doğru deyildir. Bu mənada ədalət imam-camaatın günahlardan çəkinib, vacibləri icra etməsindən ibarətdir. Amma ədlə gəlincə, ədl – bir şeyi öz yerində qərar verməkdir. Bir şeyi başqa bir yerdə qərar vermək ədldən kənardır. Buna zülm də deyilir. Ən xırda məsələdən tutmuş iriçaplı işlərə qədər ədlə riayət edilməsə zülm, özbaşınalıq baş verər.
Günün maraqlı məsələlərindən biri - əgər diqqət etmisinizsə - budur ki, hazırkı dünyada demək olar ki, bütün dünyəvi dövlətlərdə dövlət başçıları tərəfindən o qədər ədalətsizliyə yol verilir ki, Allah bu rəhbərlərin dilini möhürləyib və ədalət sözünü unutdurub onlara. Nə özləri, nə də onların məddahlarının dilindən bircə dəfə də olsun ədalət sözü çıxmır. Bütün günü demokratiyadan danışan bu başçılar bir dəfə ədalət sözünü xatırlamırlar. Çünki özləri ədalətə riayət etmirlər və ədalət deyilən bir ilahi dəyər onlara Allah tərəfindən unutdurulub. Əslində əlbəttə ki, İslama riayət edilməyən ölkələrdə, qanunu İslam qanunu olmayan dövlətlərdə ədalət axtarmaq çətin məsələdir.
Təəssüflər olsun ki, “Nəhcül-Bəlağə” kitabının çox zaman hansısa dövlət başçısının stolüstü kitabı olduğunu eşidirik. Amma di gəl ki, bu kitab stolüstü kitab olmamalıdır. Bu kitabın içində buyurulan nurani kəlamlar rəhbərlər tərəfindən həyata keçirilməlidir. Çünki bu kitab təkcə minbər əhlinin moizə hazırlayıb insanlara doğruluğa, haqqa səsləməsi üçün əlverişli kitab deyil. Doğrudur, bu kitabda xütbələr, mübarək kəlamlar mövcuddur ki, insanlara bu barədə bilgilər verildiyi halda onlar əyri yoldan dönər və hidayət taparlar. Amma, minbər əhlindən əlavə dövlət, hakimiyyət əhli deyilən qüvvələr də mövcuddur ki, onlar da bu kitabdakı hakimiyyətə və siyasətə aid olan məqamlardan maksimum həddə istifadə etməlidir.
İmam Əlinin (ə) şəhadət günü münasibətiylə İmam Zaman (ə.f) ağaya və bütün müsəlmanlara başsalığı veririk.