Əgər mömin insanların gördüyü iş zahirən xoşa gəlmirsə, pis fikrə düşmək olmaz.
Allaha, Onun övliyalarına, müsəlman xalqa qarşı bədgümanlıq çox ağır günahlardandır. Bu günahlar insanın qəlbində gizli olsa da, sətir-sətir əməl naməsinə yazılır. Bədgümanlıq edən şəxs dünyadan gedənədək tövbə etməzsə, axirət əzabına düçar olar. «Hücurat» surəsinin 12-ci ayəsində buyurulur: «Ey iman gətirənlər! Çox zənnə-gümana qapılmaqdan çəkinin. Şübhəsiz ki, zənnin bəzisi günahdır».
İslam Peyğəmbəri (s) buyurmuşdur: «And olsun pərəstişə layiq olana, Allah-Taala heç bir mömini tövbədən sonra əzaba düçar etməz. İnsan o zaman əzaba düçar olur ki, Allaha bədgüman, Onun rəhmətindən ümidsiz, pis əxlaqlı olub, mömin şəxslərin qeybətini etsin». («Кафи», 2-ҹи ҹилд, сәһ-71.)
Batini imanla bəzənmiş, zahiri saleh əməllərə bağlı insan Allahın rəhmət və mükafatından ümidini üzməyib nikbin olmalıdır. Əgər tövbə qapısı açıqdırsa, günahları yumaq mümkündürsə və Allah bağışlamaq vədi vermişdirsə insan nə üçün naümid olmalıdır?! Əksinə insan nikbin olub, Allahın rəhmətinə inanmalıdır.
Mərhum Əllamə Məclisi bədgümanlıq haqqında olan hədisin şərhində deyir: «İnsan bağışlanmaq istədiyi vaxt Allahın onu bağışlaması üçün nikbin olmalıdır. İnsan tövbə edərkən əmin olmalıdır ki, tövbəsi qəbul ediləcək. Səmimi qəlblə dua edirsənsə inanmalısan ki, duan qəbul olacaq. Bir işə kömək istədiyin zaman Allahın yardımına şübhə etmə. Allaha xatir gördüyün iş hökmən qəbul ediləcəkdir. Bütün bunların ziddi Allaha bədgümanlıqdır və bədgümanlıq da böyük günahdır. Onun müqabilində əzab vəd edilmişdir». («Биһарул-әнвар» 67-ҹи ҹилд, сәһ-365.)
Əgər mömin insanların gördüyü iş zahirən xoşa gəlmirsə, pis fikrə düşmək olmaz. Möminin işini imkan qədərincə düzgün hesab etmək lazımdır. Məsələn, mömini qumar, şərab, musiqi olan günah məclisində görən insan onun haqqında pis fikrə düşməməlidir. Bu yerdə bədgümanlıq Quran və Əhli-beyt nəzərindən haramdır və cəzası vardır. Dini göstərişlərə əsasən mömini günah məclisində görən insan tam sakitliklə özünə deməlidir: «Xoş bu möminin halına ki, Allahın yardımı ilə günah məclisində islah aparır, günahkarlara yol göstərir. Kaş bu iş mənə də qismət olaydı, şeytana əsir olanlara yardım əli uzada biləydim».