Bəzi rəvayətlərdə buyurulur ki, dünya əhlinə düşmən olun. Bu o demək deyil ki, kimdə dünyapərəstlik xüsusiyyəti gördükdə onunla düşmənçilik edək. Möminlə düşmən olmaq günahdır. Əgər mömin günaha yol verirsə, onunla yox, onun ləyaqətsiz əməli ilə düşmənçilik etməliyik. Rəvayətdə nəql olunur ki, Allah dost tutduğu kəslə heç vaxt düşmənçilik etməz və bu şəxsdən ləyaqətsiz bir iş baş verdikdə Allah onun həmən əməli ilə düşmən olar. Kafirlə düşmənliyin də öz yolu var. Kafir min bir xeyir iş görmüş olsa da, Allah onu düşmən tutur. Amma onun yaxşı əməllərini yaxşı kimi yazır. Demək, İslam nəzərində əsas məsələ imanla küfrdür. Özü də elə bir iman ki, qəlbdə kök atmış olsun. Hansısa ləyaqətsiz iş möminin, hansısa yaxşı bir iş kafirin şəxsiyyətini dəyişmir. Merac hədisinə əsaslanaraq, bütün dünya əhlini düşmən tutmaq düzgün deyil. Əgər bir ləyaqətsiz işə görə insan düşmən tutulası olsa, hamıdan əvvəl özümüzü düşmən saymalıyıq. Çünki hər birimizdə dünya əhlinin məzəmmət olunmuş sifətlərindən vardır.