Şrift ölçüsü:
A+
A
A-
Kr
11 İyul 2017

İnsanın oyanışına səbəb olan amillərə diqqətsizliyin mənfi nəticələri

Quran şəfabəxşdir və insana qiymətsiz həqiqətləri əta edir
Peyğəmbər (s) buyurur: “Ey Əbuzər! Bil ki, bir şey xarab olub iylənməsin deyə ona duz vurarlar, amma duzun özü xarab olsa artıq onun qarşısını alacaq dərman yoxdur.”

Bu cümlənin qabaqda deyilənlərlə bağlılığı bəlkə də bunun üçündür ki, bizim bütün dərdimiz, bəlamız dünyanı istəməyimizdən və maddiyata bağlılığımızdan irəli gəlir. Bunlar bizim ürəyimizin fasid olmasına, iylənməsinə səbəb olurlar. İndi bu dərdlərin müalicəsi üçün insanın oyanışına səbəb olan bir sıra amillər və silsilə səbəblər halqası mövcuddur. Bu amillərdən biri də dəfn mərasimində iştirak etmək və “ölüm” məfhumuna diqqəti çəkməkdir. İnsan görəndə ki, köçünü bu dünyadan çəkib aparan cənazəni camaat çiyinlərində daşıyır, bir anlığa öz ölümünü gözləri qarşısında canlandırır və dərin fikrə dalır. Qəlbin bu dəyişikliyi onun utanıb öz acizliyini dərk etməsinə səbəb olur və haqq qarşısında təvazö və səmimiyyət hissini yenidən onun qəlbində dirçəldir. Bu anda o, onu gözləyən sonluğun dəhşətindən qorxuya düşür. İmam Sadiq (ə) başqalarının ölümündən ibrət götürmək barədə Əba Saleh adlı səhabəsinə belə buyurur: “Çiynində cənazəni apardığın vaxt, bir anlığa elə düşün ki, çiyinlərdə daşınan sən özünsən və sən Allahdan xahiş edirsən ki, bir daha səni bu dünyaya qaytarsın. Allah da sənin xahişini qəbul edir. İndi bax, gör ikinci həyatını necə başlamalısan!” Sonra buyurdu: “Çox qəribədir ki, qabaqkı nəsillər sonrakı nəsilləri görə bilməkdən məhrumdurlar (Ölüm onların arasına ayrılıq salıb). Onların arasında köçü xəbər verən təbil səslənməkdədir, amma başları eləcə oynamağa qarışıb!” (Kafi, c.3, səh. 258)
Deyilənləri nəzərə alaraq duz kimi ürəyin pisliklər içərisində qaralmasının qarşısını alan və insanın mənəvi dərdlərinə dərman olan amilin özü əgər xarab olarsa, onun özünün əlacı necə olacaqdır?!
Dəfn mərasimində iştirak etmək insanı fikrə daldırıb ölüm haqqında düşünməyinə səbəb olmaqdansa, əksinə onun bir az da daha artıq dünyaya bağlanmasına və öz gələcək mənafeyi haqqında düşünməsinə səbəb olursa və ya hərəkət zamanı ibrət götürmək əvəzinə utanmadan başqalarının qeybətini qırırsa, deməli belə insan iylənmiş duz kimi əlacsız dərdə mübtəla olmuşdur. Bundan sonra həmin adam bədbəxtliyə sürünəcəkdir və onun oyanması, qəflətdən ayılması üçün heç bir şey ona təsir etməyəcəkdir. Şəksiz, Quran oxumaq insanın mənəvi dərdlərinin dərmanıdır. Allah buyurduğu kimi: “(Ey insanlar!) Sizə Rəbbinizdən bir öyüd-nəsihət, ürəklərdə olana (cəhalətə, şəkk-şübhəyə, nifaqa) bir şəfa, möminlərə hidayət və mərhəmət (Quran) gəlmişdir!” (Yunus, 57)
İndi ki, Quran şəfabəxşdir və insana qiymətsiz həqiqətləri əta edir, əgər Quran özü dünya və şöhrət qazanmaq üçün vasitə seçilərsə, belə olan halda Quran oxumaq nəinki şəfabəxş olmayacaq, əksinə ruhi dərdlərinin üstünə yeni dərd gətirəcəkdir. Quranı da öz rəzil istəklərimiz üçün vasitə qərar versək, bizim dünyaya olan bağlılığımızı bir az da bərkidəcək, Allahla, Quran həqiqətləri ilə olan fasiləmizi daha da genişləndirəcəkdir.


8339 بازدید
در حال ارسال اطلاعات...