
Cəza gününün sahibidir. Bu sifət Allah haqqında qeyd olunmuş digər bir sifətdir, həmd və sitayişin Allaha məxsus edilməsindən sonra bəyan olunur. İnsan daha çox üç halda təşəkkür edir:
1. Ötən lütf və nemətlərə diqqət etdikdə;
2. Hazırkı məhəbbətə diqqət etdikdə;
3. Gələcək lütflərə ümid etdikdə.
Beləliklə, yalnız Allaha sitayiş olunmalıdır. Çünki həm keçmişimizi təmin edirik, həm indi Onun nemətləri, rəhməti və lütfündən bəhrələnirik, həm gələcək və qiyamətdə bütün işlərimiz Ona bağlıdır və Onun kərəminə ümidvarıq.
O malikdir. Dəyərsiz, müvəqqəti və etibarsız yox, həqiqi malik!
İnsanlar dünyada gizli və aşkar şirklərin torunda əsir olublar. Lakin qiyamətdə hamı görəcək ki, dünya və onda olan hər bir şey Allahındır. Varlığın sahibi, qəti hökmdar və həqiqi hakim Odur: “O gün hökm ancaq Allahındır!” (“İnfitar” surəsi, ayə 19.)
Qiyamətdə xalqdan soruşulacaq: “Bu gün hakimiyyət kimindir?” Onlar deyəcək: “Bir olan və hər şeyə qalib Allahındır!” (“Muminun” surəsi, ayə 16.)
“Maliki yəvmid-din” cümləsi insanın yadına qiyamət hesabını salır. Nə qədər ki, hesab alınmayıb, insan özü özü ilə hesab çəkməlidir. (“Məkarimul-əxlaq”, Peyğəmbərdən (s) Əbuzər Ğəffariyə.)
İmam Səccad (ə) namazda bu cümləni o qədər təkrarlayırdı ki, az qalırdı ruhu pərvaz etsin. (“Nurus-səqələyn”, 1-ci cild, səh.16, 78-ci hədis.)
“Din” kəlməsi cəza mənasını bildirir. Allah cəza və mükafat gününün sahibidir. Bu surədə Allahın həm rəhminə, həm qəzəbinə, həm də ədalətinə işarə olunur ki, düzgün tərbiyə yolu, yəni qorxu və ümid arasında yaşayış prinsipi aydın olsun.