Bilin ki, behiştə müştaq olan kəs yaxşılığa tələsib, şəhvəti unutdu...
Allah yanında olan, mərifət və iman əhlinin rəğbət göstərdiyi həqiqətlərdən biri behiştdir. Allah-Taala Qurani-Kərimdə bütün bəndələrini bu əbədi məkana dəvət edir və bildirir ki, behiştə çatmağın yolu iman, saleh əməl, təqva və halal-haramı gözləməkdir.
«Rəbbinizin məğfirətinə və müttəqilər üçün hazırlanmış, genişliyi göylər və yer qədər olan cənnətə tələsin». («Ali-İmran» surəsi, ayə 133.)
«Rəbbinizin tərəfindən bağışlanmağa, Allaha və Onun Peyğəmbərinə (s) iman gətirənlər üçün hazırlanmış, göylər və yer qədər geniş olan cənnətə nail olmaq üçün bir-birinizdən qabağa düşməyə çalışın. Bu, Allahın dilədiyi kimsəyə əta etdiyi mərhəmətdir. Allah çox böyük mərhəmət, kərəm sahibidir». («Hədid» surəsi, ayə 21.)
Ayə və rəvayətlərə görə behişt iman, saleh əməl, təqva və haramdan uzaqlığın mükafatıdır. Bu həqiqətlərdən kənar düşüb, küfrə şirkə müxtəlif günahlara bulaşanlar bu nemətdən məhrum olub, cəhənnəmə düşərlər. «Mumin» surəsinin 40-cı ayəsində buyurulur: «Hər kişi və hər qadın mömin olaraq bir yaxşılıq etsə cənnətə daxil olub saysız-hesabsız ruziyə çatar.» «Tövbə» surəsinin 71-72 ayələrində buyurulur: «Mömin kişilərlə mömin qadınlar bir-birlərinə vəli və yardımçıdırlar. Onlar yaxşı işləri əmr, pis işləri yasaq edər, namaz qılıb zəkt verərlər, Allaha və peyğəmbərinə tabe olarlar. Əlbəttə ki, Allah onlara rəhm edəcəkdir. Allah, həqiqətən, yenilməz qüdrət və hikmət sahibidir; Allah mömin kişilərə və qadınlara altından çaylar axan cənnətlər və Ədn cənnətlərində gözəl məskənlər vəd etmişdir. Onlar orada əbədi qalacaqlar. Allahdan olan bir razılıq isə daha böyükdür. Bu, ən böyük qurtuluş və uğurdur.»
Həzrət Səccad (ə) buyurur: «Bilin ki, behiştə müştaq olan kəs yaxşılığa tələsib, şəhvəti unutdu. Kim ki, oddan qorxdu, günahdan tövbə etməklə Allaha doğru tələsdi və haramlardan üz döndərdi». («Biharul-ənvar», 75-ci cild, səh-139.)
Həzrət Əli (ə) buyurur: «Cənnətin qiyməti saleh əməldir». («Ğürərul-hikəm», səh-154.)
İmam Baqir (ə) buyurur: «Hər kəs on xüsusiyyətlə Allahın görüşünə getsə behiştə daxil olar: Allahdan başqa məbud olmadığına şəhadət, Məhəmmədin (s) peyğəmbər olmasına şəhadət, peyğəmbərin Allah tərəfindən gətirdiyi Quranın təsdiqi, namaz qılmaq, zəkat ödəmək, ramazan ayı oruc tutmaq, həccə getmək, Allah dostları ilə dostluq, Allah düşmənləri ilə düşmənlik, bütün məstedicilərdən uzaqlıq». («Xisal», 2-ci cild, səh-432.)