Məgər arif və Allahşünas Əhli-beyt (ə) təlimləri olmadan hansısa mərifətə və bu mərifət nəticəsində ilahi eşqə nail olmaq mümkündürmü?!
Qurani-məciddə bəzən elə sözlər işlədilir ki, bu sözləri tam mənada dərk etmək mümkün olmur. Şübhəsiz ki, bu sözlərin həqiqi mənasını gerçək Quran müəllimləri olan Peyğəmbər (s) və Əhli-beytdən (ə) öyrənməliyik. Əhli-beytdən (ə) uyğun sözləri tam mənada açıqlayan rəvayətlər nəql olunmuşdur.
Quranda tez-tez işlədilən əsrarəngiz sözlərdən biri “sirat” sözüdür. Biz sirat dedikdə yalnız yol mənasını başa düşürük. Bəs bu yol nə yoldur, haradan haraya aparır, onun hansı səciyyələri var? Bu yolda necə hərəkət etmək lazımdır? Sirat sözü təklikdə bu suallara cavab vermir. Bu sayaq mənaları aydınlaşdırmaq üçün Peyğəmbər (s) və Əhli-beyt (ə) Allah tərəfindən vəzifəlidir. Onların sonuz elmindən faydalanmadan Qurana müraciət etmək insanı çaşdırır. Ayədə buyurulur: “Savadsız insanlar arasında onlara ayələrini oxusun deyə özlərindən peyğəmbər seçən, onları paka çıxaran, onlara kitab və hikmət öyrədən kəs Odur (Allahdır). Heç şübhəsiz, onlar bundan öncə aşkar azğınlıq içində idilər...” (“Cumuə”, 2) Başqa bir ayədə buyurulur: “Əgər bilmirsinizsə, elm və bilik əhlindən soruşun.” (“Nəhl”, 43)
“Kafi”, “Təfsiri-Qummi”, “Təfsiri-Əyyaşi” kitablarında qeyd olunmuş bir sıra rəvayətlərdə bildirilir ki, «zikr əhli» dedikdə Peyğəmbər (s) və Əhli-beyt (ə) nəzərdə tutulur. (“Kafi”, 1-211.) Bəli, Allah-təala Quranı peyğəmbər evinə nazil etdi. Quranın məna və məfhumları bu ev əhlinin qəlbində təcəlla etdi. Xalq bu insanlar vasitəsi ilə Quran təbirlərinin həqiqi mənasını anlamalıdır. İmam Sadiq (ə) “İhdinəs-siratəl-mustəqim” cümləsi haqqında buyurur: “Deyilir ki, bizi doğru yola yönəlt, yəni yolunda saxlamaqla tərbiyələndir. Elə bir yol ki, bizi eşqinə doğru çəkir, behiştinə çatdırır. Bu yol ölçüsüz istəklərimizə mane olur, nəticədə uçuruma yuvarlanmırıq...” (“Üyuni əxbarur-riza” , 1-305)
Məgər arif və Allahşünas Əhli-beyt (ə) təlimləri olmadan hansısa mərifətə və bu mərifət nəticəsində ilahi eşqə nail olmaq mümkündürmü?! Onların göstərişləri olmadan, bu göstərişlərə əməl etmədən, onların şəfaətindən məhrum vəziyyətdə behiştə yol tapmaq mümkünmü?! Onların vilayət sipərinə daxil olmadan azğın nəfsin təhlükələrindən qurtarmaq olarmı?! Bu hidayət imamlarına iqtida etmədən qarşısı alınmaz zərbələrdən necə yayınmaq olar?! Əgər bir şəxs desə ki, Əhli-beytə (ə) üz tutmadan yalnız Quran sayəsində bütün bu təhlükələrdən amanda qalmaq mümkündür, həmin şəxs Quranın ziddinə danışmış olur. Təkcə Allahın kitabına sarılmaq Allah və peyğəmbərin razılığı olmayan bir işdir. Belə bir seçim insanı yalnız azğınlığa aparır. Beləcə, tam əminliklə deyə bilərik ki, sirati-mustəqim məna baxımından Quran, nümunə baxımından Əhli-beytdir (ə). Bu iki zərurət bir-birini tamamlayır və onlar arasında ayrılıq mümkünsüzdür. Əhli-beytdən (ə) üz çevirib bilavasitə Quran məfhumlarını anlamaq, onun lətif işarələrini dərk etmək əl çatmaz işdir. Əslində sirati-mustəqim Quran mənalarına yol tapmaq, kamil fiqhə yiyələnmək, təhlükələrdən qurtulmaq, dünya və axirət səadətinə qovuşmaq, əzabdan amanda qalıb behiştə daxil olmaq üçündür. Belə bir yol isə Əhli-beytdir (ə)!