Gözəl qayıdışla ilahi rəhmət və bəxşişə can at...
Qurani-Məciddə və Əhli-beyt (ə) buyruqlarında Allahın rəhməti geniş şəkildə açıqlanmış və insanlar bu rəhməti qazanmaq üçün iman və saleh əmələ tövbə və təqvaya dəvət olunmuşlar. «Nisa» surəsinin 175-ci ayəsində oxuyuruq:
«Allah Ona iman gətirən və Ondan möhkəm yapışan kimsələri öz mərhəmətinə daxil edər və doğru yola salar».
«Ənam» surəsinin 54-cü ayəsində oxuyuruq: «Ayələrimizə iman gətirənlər sənin yanına gəldikləri zaman de: «Salam olsun sizə! Rəbbiniz özü üçün mərhəməti vacib etmişdir». Bu surənin 147-ci ayəsində belə buyurulur: «De ki, Rəbbiniz geniş rəhmət sahibidir». Bu məna «Əraf» surəsinin 156-cı ayəsində bir daha təsdiqlənir: «Rəhmətim hər şeyi əhatə etmişdir».
İlahi rəhmətə çatmaq üçün nəzərdə tutulmuş göstərişlərə əməl etmədən bu rəhmətə nail olmaq mümkün deyildir. Həzrət Baqir (ə) buyurur: «Gözəl qayıdışla ilahi rəhmət və bəxşişə can at və gözəl qayıdışın gerçəkləşməsi üçün gecənin zülmətində xalis duadan kömək istə». («Biharul-ənvar», 75-ci cild, səh-162.)
Bir şəxs Həzrət Peyğəmbərə (s) ərz etdi: «Allahın rəhmətinə çatmaq istəyirəm». Həzrət (s) buyurdu: «Özünə və Allahın xalqına rəhm et, Allah sənə rəhm edəcək».
Ah-naləmə yetməz Səndən özgəsi,
Bir Sənsən bu ağlar könlümün bəsi.
Unutmayıb daim yada salan kim,
Deyilməyən dərdi duya bilən kim?!
Kimdir Səndən başqa bu işə qadir,
Ümidim, pənahım rəhmətindədir.
Bu rəhmət çeşməsi sevgilə dolu,
Nuş edənin eşqdən dəyişir halı.
Bu badədən içmək olsa qismətim,
İbadətin, zikrin olar adətim.