
Məşhur Əhli-sünnə alimi, tarixçi və hədisşünas İmam Şəmsəddin Zəhəbi əvvəlcə İbn Teymiyyənin şagirdlərindən olmuş, sonralar isə ondan uzaqlaşmışdır. Gəncliyində yazdığı məşhur “İslam tarixi” kitabında dəfələrlə İbn Teymiyyəni tərifləyib ona “şeyximiz” deyən Zəhəbi sonralar onun fikirlərinə qarşı çıxmış, “Zəğl əl-elm” kitabında və “ən-Nəsihə əz-Zəhəbiyyə” adlı məktubunda ünvanına sərt ittihamlar irəli sürmüş, təkfirçi fikirlərindən çəkinməsini istəmişdir.
Sələfilər bu iki əsərin, xüsusən də “ən-Nəsihə əz-Zəhəbiyyə” adlı nəsihətnamənin Zəhəbi tərəfindən yazılmasını inkar etsələr də, Əhli-sünnə alimləri qədim əlyazmalara əsasən, bunu isbat etmişlər. Sələfilərin sözügedən nəsihətnamənin saxtalığına dair dəlilləri bunlardır:
1. Zəhəbi İbn Teymiyyənin ölümü zamanı demişdir: “Ey ölüm! Sən elm və təqva nümunəsini məhv etdin... Şeyxülislamı bizdən aldın, təqva ipi qırıldı...”
Cavab: Əslində bu sözlərin yeganə rəvayətçisi İbn Teymiyyənin şagirdlərindən və qatı tərəfdarlarından olmuş İbn Əbdülhadidir və bütün mənbələr Zəhəbinin belə sözləri söyləməsini ondan nəql etmişdir. O isə İbn Teymiyyənin müxaliflərinə qarşı həqiqəti əks etdirməyən fikirlərin müəllifi olduğu üçün mötəbər rəvayətçi deyil və ona etimad edib bu fikirləri Zəhəbiyə aid etmək olmaz.
2. Bu nəsihətnamə İbn Qazinin xətti ilə yazılıb və günümüzdə onu yayan əsas adamlardan biri Hənəfi məzhəbinə mənsub Əhli-sünnə alimi Kövsəridir. Onların hər ikisi qeyri-mötəbər insanlardır.
Cavab: Bu iki alim Əhli-sünnə alimləri tərəfindən etimadlı insanlar sayılırlar. Onların yeganə günahı İbn Teymiyyəyə müxalif olmalarıdır və məhz buna görə yalnız sələfilər tərəfindən etibarsız adlandırılırlar.
Zəhəbi əvvəlcə İbn Teymiyyənin şagirdi olub sonralar ondan uzaqlaşan yeganə alim deyil. Lakin bu kiçik yazıda məsələnin təfərrüatına varmayıb qısa ixtisarla sözügedən nəsihətnamənin tərcüməsini təqdim edirik:
“Rəhman və Rəhim Allahın adı ilə. Həmd Allaha məxsusdur. Ey mənim Rəbbim! Mənə rəhm et, səhvimi bağışla, imanımı qoru! Hüznümün azlığından həzər, sünnəyə və onun adamlarının əıdən çıxmasına təəssüf! Haradadır mömin qardaşlar ki, ağlamaqda mənə kömək etsinlər?! Heyf elm çıraqları, təqva əhli və xeyir xəzinəsi olan insanlardan! Halal dirhəm və həmdəm qardaşa nə qədər həsrətəm!
Öz eybi digərlərinin eybini yaddan çıxaran insanın xoş halına! Digərlərinin eybi öz eybini yaddan çıxaran insanın vay halına! Nə vaxta qədər qardaşının gözündə çöpü görüb öz gözündə tiri görməyəcəksən?! Nə vaxta qədər özünü və sözlərini öyüb alimləri məzəmmət edəcək, insanlarda səhv axtaracaqsan; halbuki Peyğəmbərin bundan çəkindirdiyini, “Ölülərinizi yalnız xeyirlə yad edin, çünki onlar öncədən göndərdiklərinə çatmışlar” buyurduğunu bilirsən!
Bilirəm ki, özünü müdafiə edib deyəcəksən: Problem İslamdan xəbəri olmayanlarda, Peyğəmbərin nə gətirdiyini – yəni cihadın nə olduğunu bilməyənlərdədir. Bəli, Allaha and olsun! O qədər xeyir biliblər ki, bir bəndə o qədərinə əməl etsəydi, qurtuluşa nail olardı. Onlar Allahın mənasız saydığı çox şeyi bilmədilər. Çünki: “İnsanın yaxşı müsəlmanlığının əlamətlərindən biri mənasız sayılanları tərk etməsidir”.
Ey kişi! Allaha and veririk ki, bizdən əl çək. Çünki sən sakit durmayan dilində alim olan höcətçisən. Dində çaşqınlıqlardan uzaqlaş. Peyğəmbərin bu məsələləri bəyənməyib, eyib sayıb və çox soruşmaqdan çəkindirərək buyurmuşdur: “Ümmətim üçün ən çox, dildə alim olan münafiqdən qorxuram”. Səbəbsiz yerə çox danışmaq halal və haram barədə olduqda qəlbi öldürür, o ki qala yunisiyyə sözləri və filosoflar barədə ola. Belə küfrlər qəlbi kor etməzmi?!..
Ey kişi! Sən filosofların və onların yazdıqlarının zəhərini dəfələrlə udmusan. Zəhəri çox qəbul edəndə də bədən onunla kökəlir, bədəndə yer edir... Yaxşıların yad olunduğu məclisə çox müştaqam. Çünki salehlər yad olunanda rəhmət nazil olur; əlbəttə ki, salehləri lənətlə yad edəndə yox...
Bidətlər bu gün əsl sünnəyə və tövhidin əsasına çevrilib, onları tanımayan kafir və ya eşşək sayılır, təkfir etməyən firondan da kafir yerinə qoyulur... Sənin arxanca düşən necə ziyan etmiş, allahsızlığa və məhvolmaya məruz qalmışdır; xüsusən də elmi və imanı zəif olanda... Sənin tərəfdarlarının çoxu aciz, qeyri-müstəqil və ağıldan kəmlər, yaxud yalançı və düşüncəsiz avamlar, hiyləgərlər və ya anlamaz möminlər deyilmi?! Təsdiq etmirsənsə, onları araşdır və ədalətlə yoxla.
Ey şəhvət ulağını önə salan müsəlman! Nə vaxtacan onunla dostluq, salehlərlə isə düşmənlik edəcəksən?! Nə vaxtacan onu təsdiq edəcək, salehlərdən eyib tutacaqsan?! Nə vaxtacan ona təzim edib Allah bəndələrini aşağılayacaqsan?! Nə vaxtacan onunla dostluq, zahid insanlarla isə düşmənlik edəcəksən?! Nə vaxtacan öz sözlərini o qədər tərfiləyəcəksən ki, Allaha and olsun, iki Səhih kitabın hədislərini o qədər tərifləmirsən?!.. Bu işlərdən əl çəkmənin, tövbə etmənin zamanı çatmayıbmı?! Sən ömrünün yetmişinci illərini yaşamırsanmı və ölüm sənə yaxın deyilmi?! Amma sənin ölümü yada salmanı xatırlamıram. Sən ölümü yada salanları danlayırdın. Mənim sözümü eşidib nəsihətimi dinləməni zənn etmirəm. Çünki sən bu bir vərəqə bir neçə cild kitabla cavab vermək iradəsinə sahib adamsan...
Allaha and olsun, sənin dostların arasında günahkar, yalançı, cahil, haqsız, kor və düşüncəsiz adamlar olduğu kimi, düşmənlərin arasında da saleh, ağıllı və dəyərli insanlar var. Mən razıyam ki, adam içində məni söyüb gizlində sözlərimdən nəticə çıxarasan...”
Nur-az.com