İmam Əli (ə) buyurmuşdur:
“Dost geyimdəki yamaq kimidir. Bunları bir-birinə uyğun seçmək lazımdır”.“Qürər əl-hikəm” c. 1, səh. 379.
Belə bir misal var: Min dostun olsa da az, bir düşmən isə çoxdur. Və yaxud dost seçmək hünərdir, onu qoruyub saxlamaq isə daha böyük hünər tələb edir. Bunlar doğrudur.
Lakin ən önəmlisi dost seçimində müəyyən “meyarın” olmasıdır. Yoldaşın insan rəftar və düşüncələrində nə dərəcədə təsirli olduğunun izahına lüzum yoxdur. Bəzən ən əməlisaleh insanlar belə təsadüfi, yanlış seçilmiş dostların qurbanına çevrilirlər. Bəzən də yanlış yolda olan günahkar insanlar pak, nəfsini cilovlamış insanlarla dostluq nəticəsində, onların paklıq, sədaqət, dindarlıq ətrini duyur və yeni yolun seçimini qarşılarına məqsəd qoyurlar.
İmam Əlinin (ə) təbiri ilə desək, dost seçmək cırıq libasa yamaq vurmağa bənzəyir. Seçilmiş yamağın rəngi, növü libasa uyğun olmalıdır. Necə deyərlər, “su axar çuxurunu tapar”. İnanclı müsəlmana layiq dost əxlaqlı, pak və iffətli olmalıdır. Öz fikir, mədəniyyət, dini inanclarınız və milli mentalitinizə uyğun dostlar seçin. Əks təqdirdə yaşam tərziniz və ictimai əxlaqınız bir-birinə uymayacaq. Sizin iman, əxlaq və inanclarınıza zərbə vuran dost əyninizdəki “eybəcər yamaq”lı geyimi xatırladır.
Ən yaxşıların seçimi
İmam Əli (ə) buyurmuşdur:
“Önəmsiz işə vaxt ayıran mühüm işləri əldən vermişdir”.
“Qürər əl-hikəm”. c. 2, səh. 330.
“Uğurlu həyat” üçün ən zəruri məsələlərdən biri də işlərini planlı şəkildə yürütmək və onlardan ən önəmlisini ön plana salmaqdır.
Hər şeyə onun əhəmiyyət və zəruriliyi qədərincə qiymət verilməli, vaxt ayrılmalıdır.
Bütün işlər eyni əhəmiyyətə malik deyil.
İşlərin lazımlısı və daha lazımlısı, faydalısı və daha faydalısı var. Birinci mərhələdə bunların ən önəmlisi ayırd olunmalı, buna əsasən də ikinci mərhələdə plan cızılmalı və həyata keçirilməlidir .
Bu, “idarəçilik” üsüllarından biridir ki, insana hədəfə çatmasına və fürsəti maksimum dəyərləndirməsinə kömək edir.
Doğrusu, nəylə məşğuluq?
Görəsən, yerdə qalan daha önəmli məsələlərmiz varmı? Əgər vaxtımızı azəhəmiyyətli, qeyri-zəruri, faydasız işlərə sərf etsək, gələcəkdə bu laqeydliyimizə görə təəssüf edəcək, ancaq uğradığımız zərərin yerini doldurma imkanını tapa bilməyəcəyik.
“Önəmli” və “ən önəmli” arasında düzgün seçim xoşbəxtliyin zəruri şərtidir. Əks halda gerçəkləşdirilməsi önəmli olanlar geridə qalacaq, azəhəmiyyətlilər vaxtımızı, ömrümüzü tələf edəcək.
Nur-az.com