Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Mart 2019

Əl-Muraqibat kitabından bir yarpaq-İmam Əlinin (ə) mövludu (11)

İmam Əlinin (ə) mövludu münasibətilə müraqibətlər

Allah yolunun yolçusu Rəcəbin on üçüncü gününü uca tutsun. Çünki bu gün övliyaların ağası, övsiyaların sərvəri, Peyğəmbərin (s) qardaşı, Bətulun əri, Allahın sıyrılmış qılıncı, Əmirəlmöminin Əlinin (ə) mövlud günüdür. Ağılın hökmünə əsasən, bu günün çox böyük məqamı vardır. Elə bir məqam ki, onu söz və qələmlə vəsf etmək mümkün deyil. Vaxtlar, günlər və onların böyüklüyü Allahın lütfünün həmin günlərdə zühuru ilə ölçülür. İmanın şərt və rüknü, hətta imanın ruhu və özü, iman və İslamın son tam illəti olan övliyaların ağasının vilayət nuru bu gün zahir olmuşdur. Bu elə bir nemətdir ki, adi ağıllar onun dəyərini dərk edə bilməz. Çünki bütün nur, kəramət, əbədi axirətin qürb dərəcələri, görüş ləzzəti, Mələi-əlanın sakinləri ilə bir yerdə olmağı, Allahın vilayət və iman əhli üçün hazırladığı baqi diyarın bütün nemətlərini dərk etmək olmaz.

İmam Əlinin (ə) fəzilətlərindən bir hissəsinə qısa baxış
Əgər Əmirəlmöminin Əlinin (ə) qılıncı olmasaydı, kafirlər müsəlmanları məhv edərdi və İslam sütunları qalmazdı. Onun Bədr və Huneyndəki qəhrəmanlıqlarını yada sal, doğruçu və əmin Peyğəmbərin (s) onun barədə dediyini xatırla: “Bütün İslam bütün küfr qarşısına getmişdir.”
Dost onun fəzilətlərini təqiyyə üzündən, düşmən isə paxıllıq üzündən gizlətmişdir. Bununla belə, onun fəzilətləri dünyanın şərq və qərbinə yayıldı.
Odur böyük xəbər, doğru yol və Qurani-kərim, müsəlmanların imamı, möminlərin əmiri, Aləmlərin Rəbbinin rəsulunun (s) canişini, üzüağların rəhbəri, Allahın aydın nuru, Aləmlərin Rəbbinin istək qapısı, Allahın bütün övliyaları arasında siması, böyük nişanə, böyük dəniz, bütsındıran, düşmən başlarını parçalayan, Allahın kamil nuru, kafirləri məhv edən, fasiqlərin belini qıran, sirlər mədəni, nurlar nuru, Kəbə mövludu. Odur əsli-qədim, fəri-kərim, imami-həlim. Odur Allahın möhkəm ipi, cənbillah (onun vilayətini qəbul etmək Allaha bəndəlik və itaətdir) dinin qəyyumu. Odur aydın dəlillər, aşkar və işıqlı möcüzələr sahibi, məhv olmaqdan nicat verən, möhkəm ayələrdə zikr olunmuş, belə ki, Allah-təala onun şənində buyurmuşdur:

وَإِنَّهُ فِي أُمِّ الْكِتَابِ لَدَيْنَا لَعَلِيٌّ حَكِيمٌ

“Şübhəsiz ki, o, dərgahımızdakı əsl kitabda mövcuddur. O, çox ucadır, çox hikmətlidir” (“Zuxruf” surəsi, ayə 4.)

Odur Peyğəmbərin (s) can qardaşı, Bətulun əri, Allahın sıyrılmış qılıncı. Odur Allahın görən gözü, açıq əli, eşidən qulağı. Odur günahdan qorunmuş, pislik, eyb və şübhədən paklanmış, Peyğəmbərin (s) qardaşı və canişini; o kəs ki, gecə Peyğəmbərin (s) yerində yataraq, canını ona görə təhlükəyə saldı, o kəs ki, öz canı ilə Peyğəmbərə (s) kömək edirdi, o kəs ki, qəm-qüssəni onun üzündən aparırdı. Odur ki, Allah onu Peyğəmbərin (s) nübüvvətinin qılıncı, risalətinin nişanəsi, ümmətinin şahidi, qoşununun bayraqdarı, canının mühafizəçisi, qüdrətli əli, başının tacı, sirrinin qapısı, qələbəsinin açarı qərar vermişdir. Odur Allahın ismi-əzəmi, Qurani-kərimi, Kəbə evi, Səfa, Zəmzəm, əsa və nişanə sahibi, qəribəliklər məzhəri, parlaq ulduz, ordunu dağıdan, elmi mətləblər dairəsinin mərkəzi. Odur imamların atası, dini dirildən, qüssələri dağıdan, ümmətin sərvəri, uca himmət, seçilmişlərin sahibi, əshabi-kisanın biri, bayraqdar, Bismillahda olan “ba” hərfinin nöqtəsi, peyğəmbərlərin yoldaşı. Odur Cəbrailin müəllimi, Mikailin əmiri, Əzrailin hakimi. Odur Tuba və Səqəri bölən, Şübəyr və Şübbərin atası. Odur bəşərin atası və hər kəs qəbul etməsə, kafirdir. Odur pənahsızların pənahı, əli hər yerdən üzülənlənlərin fəryadına yetişən, Qiyamət gününün hakimi, Allahın həbibi, əvvəlkilərə və sondakılara Allahın höccəti, aləmlərin can və həyatı, onların nuru. Odur sirlər sirri, nurlar nuru, pakların imamı, möminlərin əmiri, Cəbbarın vəlisi, Allahın salehlərə neməti, Allahın fasiqlərdən intiqam alanı. Odur Allahın uca tərəfi, nurlu surəti, vəfalı nəfsi və İmam Əbul-Həsən Əli (ə).

Buna görə də onun dostları mövlud gününü ən şərəfli günlərdən bilməli, həmin günü böyük bayram etməlidir. Bu mövlud nemətinə xatir Allaha elə şükür etməlidir ki, qabaqkı peyğəmbərlərin ümmətlərinin heç biri və keçmiş dövrlərdə heç kim belə bir şükür etməmişdir. Çünki onlara belə bir nemət verilməmişdir. Şiələr də ən ali səviyyədə şükür yerinə yetirməklə bu günü qarşılamalıdır. Zira bu gündə elə bir nemət verilmişdir ki, bütün nemətlər onunla müqayisədə kiçikdir. Əgər insan ağlını hökm etməkdən kənara qoysa, daha onun üçün hökm və təklifdən heç nə qalmayacaq. İnsan ölən gününə kimi yeyən, ləzət alan və bədəninin artıq maddələrini xaric edən heyvanlar kimi olacaq. Amma öz hərəkət və duruşunda ağlını hakim etsə, onun ağılı hər bir şey barədə həqiqi, yaxud təqdiri (fərzi) hökm verəcək. Həmişə belədir və ağıl öz qavradığı miqdarında hökm etməkdən bir an da dayanmır. Dərk etdiyi hər şey barədə, dərk etmədiyi cəhətdən də hökm verir. Aqil insan başa düşsə ki, Allah övliyalarından biri onun əzab və cəzadan xilas olmasına səbəb olmuşdur, onda ağıl bu fayda miqdarında ona təşəkkür etməyə hökm edəcəkdir. Halbuki, dünyada Peyğəmbərin (s) besətindən qabaq hidayət nurları cəhalət dəryalarında məhv olmuşdu, din günəşi cahillik zülmətlərində tutulmuşdu, dinlərin nurlu ayları nadanlıq buludları arxasında qalmışdı, elm bazarı kasadlaşmışdı, ağıllar xarab olmuşdu, hətta o qövmlərin böyükləri özləri üçün bazar açaraq özlərində olan heyvani sifətlərlə iftixar edib, yalan, əsassız və puç iddiaları böyük və yüksək işlərdən hesab edirdilər. İş o yerə çatmışdı ki, taxtaları və daşları yonaraq onlara ibadət edirdilər, onları özlərinə Rəbb və məxluqatın xaliqi kimi bilirdilər, ibadət üçün onlara səcdə edirdilər. Hətta, nadanlıq üzündən onlar üçün ibadətgahlar yaratmışdılar. Onlar bu işləri ilə daimi məhv və əbədi işgəncəyə layiq, öz küfürləri ilə cəhənnəm atəşinə və ağır əzaba müstəhəq olublar, azğınlıqları və öz nəfslərindən itaət etdiklərinə görə Rəhman Allahın qəzəblənməsinə səbəb olublar, zülmləri ilə cəhənnəm odunu alovlandırıblar. Öz qəbirləri üçün nə qədər odlar alovlandırıblar, nurları zülmətə çeviriblər, nadanlıq üzündən zülmləri ibadət və adət-ənənə ediblər, öz axmaqlıqları üzündən nə qədər əzab-əziyyətlərə düşüblər. Öz zülmləri ilə şəhərləri xarab, bəndələri həlak etdilər. Şəhvət ardınca getdilər, namazdan uzaqlaşdılar, Allahın itaətindən çıxdılar, qız uşaqlarını diri-diri basdırdılar, qohumluq bağlarını qırdılar, həyat və ölümün sahibi ilə düşmənçilik etdilər, peyğəmbərlərlə müxalifətə qalxdılar, beləliklə ən pis həlakətə layiq oldular. Belə bir durumda Mütəal Allah Öz peyğəmbərini göndərdi ki, onlar üçün hidayət bayrağı olsun və onlar üçün Kitab nazil etdi ki, həmin cəhaləti aradan aparsın, hidayətləri yaydı və kamillikləri onunla kamil etdi, namazı onunla diriltdi, azğınlıqları onunla aradan qaldırdı, ağılları, dağınıq fikirləri onunla topladı , elmləri onunla kamilləşdirdi, nuru onula tamamladı, belə ki, insanları düz yola hidayət etdi və onları hidayət yoluna yönəltdi...
Qısası, Peyğəmbərin (s) və onun canişini Əlinin (ə) dövründə elmlər dünyada şərqdən qərbə kimi hər yerə yayıldı, hər yeri doldurdu; az müddətdə fiqh, əxlaq, maarif və hikməti öz ümməti arasında kamala yetirdi. Belə ki, ondan əvvəl və uzun zamanlar boyunca heç kimin hikməti o həddə çatmırdı. Peyğəmbər (s) şəriət, hikmət və nur gətirdi, qısa bir zamanda insanların əməllərini kamalın ən yüksək dərəcələrinə və Mütəal Allah ilə dostluğun ən gözəl cilvələrinə çatdırdı.
İnsan, dediyimiz həddə besət nemətini başa düşsə –baxmayaraq ki, bu dediklərimiz besət həqiqəti dənizindən bir damla da deyil– bilsin ki, Əmirəlmöminin Əli (ə) Peyğəmbər (s) üçün qardaş, vəzir idi. Harun Musaya qardaş və vəzir olduğu kimi. Təkcə fərq bundadır ki, İslam Peyğəmbərindən (s) sonra daha peyğəmbər gəlməyəcək. Əli (ə) Peyğəmbərin (s) elminin şəhəri idi, İslam onun qılıncı ilə bərpa olmuş, hidayət onun təlimi ilə mümkün olmuşdur. Allah Öz kitabında onu Peyğəmbərin (s) nəfsi (özü və canı) kimi tanıtmış, onun vilayətini İslamın əsası və imanın şərti qərar vermişdir. 

Beləliklə, bu günün böyüklüyünün cüzi bir hissəsini bildin, onun uca məqamından azacıq bir pay aldın. Onda neməti tanıdığın miqdarda onun şükrünü yerinə yetirmək sənin üçün vacibdir. Onun şükrünü yerinə yetirmək üçün lazım olan işlərdən biri də bu günü qəlb və ruhunla uca tutmaqdır. Kimsə bir məkanı, ya zamanı uca bilsə, gərək onun ucalığı qədər onu dəyərləndirsin. Edəcəyi ilk iş odur ki, həmin günün ucalığını zay etməsin, səhlənkarlığa yol verməsin, onun ucalığına etiqadı həddində rəftar etsin. Allaha ixlasla ibadət etməkdən uca şərafət və ucalıq yoxdur. Bu ibadət oruc, namaz, Allah yolunda infaq, Allahın hörmətlərini və təzahürlərini uca tutmaq, təfəkkür və zikrlə batini gözəlləşdirmək, şadlıq, sevinc, təmiz geyimlə zahiri zinətləndirmək, İmam Əlini (ə) ziyarət etmək, bu gün münasibətilə Peyğəmbərə (s) və imamlara (ə) ümumi şəkildə, Sahibəz-Zamana (bizim və aləmlərin ruhu ona fəda olsun) xüsusi şəkildə təbrik demək, İmam Əlinin (ə) bitib-tükənməyən fəzilətlərindən danışmağa şamil olur.
“Əl-Muraqibat”, səh. 149-156 (ixtisarla)


5561 بازدید
در حال ارسال اطلاعات...