Şrift ölçüsü:
A+
A
A-
Kr
14 İyun 2021

Könüllü yaltaqlar ordusu

Şəhərdə görüləsi işləri görüb qurtarandan sonra evə dönməli idim. Küçədə taksilərin dayandığı yerə getdim. Bir dəstə boş-bekar taksi şoferi toplaşıb söhbətləşirdi. Ləhcələrindən bakılı balası olduqları açıq-aşkar bilinirdi. Bəli, bəli, taksi şoferi idilər, amma boş-bekar.

İstədim onlardan biri ilə evə qayıdım, amma, danışıqları marağımı çəkdiyi üçün bir qədər onlardan kənarda dayanıb danışıqlarına qulaq asdım. Bilirdim ki, danışıqları ümumi söhbətlərdir. Ordan-burdan, yarı siyasi, yarı iqtisadi, yarı tənqid, yarı o cür, bu cür. Yəni, söhbət şəxsi müstəvidə deyildi.

Allah şahiddir ki, bu cür toplantılar bizim deputatxanadan daha dəyərlidir. Bu insanların danışıqlarına qulaq asmaq deputatxanada xoruldayan sirk və zoopark nümayəndələrinin adamın başına düşən səs-küylərinin qulaq deşməsindən qat-qat yaxşıdır. Aralarında könüllü şəkildə hakimiyyətə yaltaqlanan olanda da səmimi bir formada, içindən gəldiyi üçün yaltaqlanır. Cahil olduğu üçün belə bir iş görür. Yəni, belə demək mümkündürsə yaltaqlanmasında da səmimidir. Xalq tərəfindən qəzəblə və nifrətlə qarşılanan və sirkdə təyinatla oturan deputatların, ailə biznesi dağılmasın, həbs edilməsin, işindən, maaşından olmasın deyə yaltaqlanan insanların yaltaqlığı daha pisdir. Çünki onlar sərvətlərinin əldən çıxmaması üçün yaltaqlanırlar. Onların işi-gücü xalqı aldadıb, ölkəni gül kimi göstərməkdən ibarətdir. Amma, bu cür şoferlər sadəcə səfeh adamlardır.Yazının adından da anladığınız kimi bunların içlərində könüllü yaltaqlar vardır.

Deməli, həmin şoferlərdən biri dirəşib ki, ölkəmiz çox gözəldir. Deyir baxın da, görün şəhər gündüzlər necə gözəl, gecələr necə işıqlıdır. Paris bizim Bakıya çata bilməz. Supermarketlər, binalar, dəniz, neft və s. bütün bunlar hakimiyyətin uğurlarıdır.

Doğrudan da bədbəxtçilikdir. Yəni, insan da daşı-divarı inkişaf hesab edə bilərmi? Mənəviyyatı önəmsəməyən, telekanalizasiyanın üfunətindən danışmayan, ölkədəki diktaturanı, həbsləri, repressiyaları, məscid ayrıseçkiliyini, məmur özbaşınalığını, seçki saxtakarlığını, işsizliyi, qohumbazlığı, sifarişli məhkəmələri və s. haqsızlıqları bir kənara qoyub gözünə ancaq daş-divarın müasirliyi girən bir adam doğrudan da bundan ötrü hakimiyyətə təşəkkür edirsə bu adam həm səfehdir, həm də yaltaqdır. Bu cür ünsürləri hakimiyyətin heç bir nümayəndəsi gəlib məcbur etmir ki, sən bizi təriflə, yoxsa səni həbsə atarıq. Aralarında da hansısa biri hökümət adamı deyil ki, deyəsən ki, ondan pay aparmaq üçün hakimiyyəti tərifləyir. Sadəcə, yaltaqlıq adamın qanına işləyib. Digər tərəfdən də bekarçılıqdan bu işi görürlər. Boş-bekar adamlardılar, oturub onları boş-bekar ölkədə süründürən bir hakimiyyəti könüllü şəkildə tərifləyirlər. Baxın, bu müsibətdir vallah. Bu zehniyyətlə hara getmək olar?

Əlbəttə ki, həmin taksi şoferlərinin arasında bu yaltağın “ağzından vuranlar” da tapıldı. Allaha şükür olsun ki, insanlar tam olaraq manqurtlaşmayıb, yaltaqlaşmayıb, ağlını itirməyib. Aralarında “qızıl xırdalayan” tənqid zərgərləri də mövcuddur. Onlar da olmasa dərddən-qubardan insanın ürəyi partlayar. Heç olmasa bu cür adamlardan zalımların əleyhinə tənqidlər eşidəndə insan bir qədər rahatlayır. Onlar sənin ürək sözlərini dedikləri üçün sənin ürəyin boşalır.


279 بازدید
در حال ارسال اطلاعات...