Şrift ölçüsü:
A+
A
A-
Kr
17 İyun 2021

“Kəramət ongünlüyü” və kəramətli-kəramətsiz insanların aqibəti

İran İslam Respublikasında “kəramət ongünlüyü” deyilən bayram günləri yaşanmaqdadır. Bu günlər İmam Rzanın (ə) əziz bacısı - Bibi Məsumənin (s.ə) təvəllüd günü ilə İmam Rzanın (ə) ad gününə qədər arada olan on günü əhatə etməkdədir. Təbii ki, nəinki təkcə İranda, ümumiyyətlə bütün şiə dünyasında bu ongünlük bayram kimi qeyd edilməkdədir.

İmam Muhəmməd Təqi (ə) öz bibisi Xanım Məsumənin (s.ə) ziyarətinin savabı haqqında buyurur ki, hər kim bibimin (Xanım Məsumənin (s.ə)) qəbrini Qumda ziyarət etsə cənnətə girər. (Vəsailüş-şiə)

Bizlər də Allahdan dua edib istəyirik ki, tezliklə virusu aradan aparsın və yenidən müqəddəs insanların, o cümlədən əziz İmamların (ə) imamzadələrin (ə) ziyarətlərinə nail olaq.

Kəramət ongünlüyündə təbii ki, İranın iki böyük şəhərində, Xanım Məsumənin (s.ə) dəfn edildiyi müqəddəs Qum şəhərində və İmam Rza (ə) hərəmi yerləşən müqəddəs Məşhəd şəhərində hazırlıqlar, hərəmi təmizləmələr, bəzəmələr və s. işlər həyata keçməkdədir.

Məlum olduğu kimi bu hərəmlər bu gün də zəvvarların üzünə bağlanmayıb. Hər kəs istəsə rahat bir şəkildə ziyarət edə bilir. Hətta, nəinki hərəmlər açıqdır, camaat namazları da hərəmlərdə qılınır, zəvvarlar zərihin biraddımlığına da rahat şəkildə yaxınlaşıb ziyarət edə bilirlər. Hərəmlərin həyətləri də geniş sahəyə malikdir ki, həftənin müəyyən günlərində dualar üçün bu yerlər insanlarla – zəvvarlarla dolu olur.
Bunları eşidən hər bir azərbaycanlının təbii ki, ürəyi istəyir ki, onun doğma vətənində də məscidlə bağlı olan ayrıseçkiliklər aradan qaldırılsın. Hər bir azərbaycanlının arzusudur ki, İranda hərəmlər bəzədildiyi kimi Azərbaycanda da qapısı iki ildir ki, bağlı qalan məscidlərin içi Əhli-Beyt (ə) şüarları ilə bəzədilsin. Amma, təəssüflər olsun ki, uzun müddətdir etirazların olmasına baxmayaraq Azərbaycan inanclısı hələ də məscidə gedə bilmir. Heç bir ölkədə olmayan məscid qadağası, qapıların bağlı qalması ancaq Azərbaycanda tətbiq edilir. Hələ də 50 nəfərdən çox insanın məscidə gedə bilməməsi, 14 yaşından aşağı uşaqların məscidə buraxılmaması və s. qadağalar aradan qaldırılmayıb. Hətta, heç qadağalar icra belə olunmur. Ona görə ki, məscidlər heç bu cür şərtlər daxilində belə möminlərin – 50 nəfərin, 14 yaşından yuxarı vətəndaşların üzünə açılmayıb. Arada bir səs-küy saldılar ki, güya QMİ araya girib və yumşalma prosesi baş verməkdədir. Amma, bu da təbii ki, şayədən başqa bir şey deyil.

Hədisdə buyurulur ki, məzlumun zalımdan qisas alacağı gün zalımın məzluma zülm etdiyi gündən daha ağrılı olacaq. Kəramətli insanlar, inanc, məscid, hicab əhli gec-tez kəramətsiz, zalım insanlardan qisas alacaqdır. Bu gün məscidləri kəramət əhlinin üzünə bağladıqları halda türkiyəli müğənnilərin konsertinə heç bir qadağa təyin etməyən alçaq, rəzil məxluqlar gec-tez layiq olduqları aqibətlə üzləşəcəklər.

Müvəqqəti dünyada inanc, məscid əhli hələ ki, zəif, müstəzəf ola bilər, amma bütün dünyanın ədalətlə dolacağı, zəif bəndələrin hakimiyyəti ələ alacağı gün mütləq gələcək.


3105 بازدید
در حال ارسال اطلاعات...